Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1530/2020 21.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 7196,32 manat (yeddi min bir yüz doxsan altı manat otuz iki qəpik) məbləğində borc, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 500 (beş yüz) manat məbləğində hüquqi yardım xərci və 30 (otuz) manat məbləğində dövlət rüsumunun dənilməsi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-1530/2020 nömrəli qərardadı ilə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli 675 nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC cavabdehə müxtəlif növ istehlak malları satmışdır. Satılmış mallarla bağlı elektron qaimə və elektron vergi-hesab fakturaları tərtib edilərək cavabdehə təqdim edilmişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Lakin cavabdeh 2019-cu ildə ona satılmış bir elektron qaimə və elektron vergi-hesab fakturası üzrə satılmış malların dəyərini bu günə qədər tam şəkildə ödəməmişdir. Hazırda satılmış mallara görə cavabdehin İddiaçı MMC-yə ƏDV daxil olmaqla, 7196,32 manat (yeddi min bir yüz doxsan altı manat otuz iki qəpik) məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra İddiaçı MMC xx.xx.2020-ci il tarixində borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Alıcı İddiaçı MMC ilə satıcı Cavabdeh” arasında bağlanmış xx.xx.2018-ci il tarixli 675 saylı alqı-satqı müqaviləsindən görünür ki, qeyd olunan müqavilə ilə satıcı müxtəlif adda yeyinti məhsullarını satmağı, alıcı isə qeyd olunan malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli 069316 nömrəli Elektron vergi hesab fakturadan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 675 saylı alqı-satqı müqaviləsinə əsasən ümumi dövriyyə 7336.83 manat təşkil etmişdir. - xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 9 saylı Vəkil Bürosunun hesabına 500 manat köçürülmüşdür. - İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edilərək borcun ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Qeyd olunan müqaviləyə əsasən iddiaçı müxtəlif adda yeyinti məhsullarını satmağı, cavabdeh isə həmin məhsulların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının müqavilə üzrə öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh təqdim edilmiş malların dəyərini iddiaçıya ödəməmişdir. Məhkəmə araşdırma zamanı müəyyən olunanlara əsasən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə tələbin 7196,32 manat məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyindən 7196.32 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddia tələbində 2000 manat cərimənin cavabdehdən tutulması tələbini irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 24,1 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 5,9 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7196,32 manat (yeddi min yüz doxsan altı manat otuz iki qəpik) əsas borc, 100 (yüz) manat dəbbə pulu, 500 (beş yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 24,1 (iyirmi dörd manat on qəpik) manat olmaqla, cəmi 7820,42 manat (yeddi min səkkiz yüz iyirmi manat qırx iki qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 5,9 manat (beş manat doxsan qəpik) hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1530/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1530/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver