Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1533/2020 18.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 və Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 169-k-2019 nömrəli müqavilənin ləğv edilməsinə və həmin müqavilə üzrə Cavabdeh MMC-yə ödənilmiş 1646,10 EURO məbləğində (ƏDV daxil) pul vəsaitinin, eləcə də hazırki iş üzrə ödənilmiş 30 manat məbləğində pulun “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, 169-K-2019 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh MMC bu müqavilə, eləcə də müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş proqram məhsulların alıcısı olan “xxxxxxxxxxx” MMC-nin mülkiyyətinə vermək öhdəliyini tərəflərindən həmin proqram məhsullarının dəyərinin ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Sözügedən müqaviləyə əsasən bu müqavilənin 2.5-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri kimi müəyyənləşdirilən 1646,10 EURO, 18% əlavə dəyər vergisi də daxil olmaqla xx xxxxxxx 2019-cu il tarixində cavabdeh təşkilatın bank hesabına ödənilmişdir. Yuxarıda istinad olunan müqavilənin 2-9-cu bəndinə əsasən satıcı bu müqavilənin imzalandığı, yəni xx xxxxxxx 2019-cu il tarixdən etibarən ən geci 15 iş günü ərzində sifariş olunmuş proqram məhsullarını “xxxxxxxxxxx” MMC-yə çatdırmağı öhdəsinə götürsə də, bu öhdəliyini vaxtında icra etməmiş, sözügedən bəndin tələbinə uyğun olaraq öhdəliyini icra etməsini təsdiq edən proqram məhsullarının təhvil-təslimini müvafiq sənədlərlə (elektron qaimə-faktura) rəsmiləşdirməsini də təmin etməmişdir. Cavabdeh müəssisə tərəfindən “xxxxxxxxxxx” MMC-yə ünvanlanmış 14250 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubda öhdəliyinin icrasının gecikməsinin səbəbini hansısa lisenziyanın gecikməsi ilə əlaqələndirib, bununla bağlı üzrxahlıq edərək, öhdəliyini yerinə yetirməyə hazır olduğunu bildirsə də keçən müddət ərzində də öhdəliyini icra etməmişdir. Cavabdeh öhdəliyinin icrası üçün müəyyənləşdirilən vaxt çatdıqda, nəinki öhdəliyini icra etməmiş, hətta bu və ya digər telefon zənglərini də cavablandırmamışdır. “xxxxxxxxxxx” MMC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2019-cu il tarixli, HF-120/19 saylı məktubla aralarında bağlanmış müqaviləyə, həmin müqavilənin 2.9-cu bəndinin pozulması əsası ilə xitam verdiklərini bildirməklə, qeyd olunan müqavilə üzrə ödənilmiş vəsaitin geri qaytarılması xahiş olunmuşdur. Lakin cavabdeh ödənilmiş pul vəsaitinin geri qaytarılmasını təmin etmədiyindən tərəflərindən təkrarən xx xxxxxx 2019-cu il tarixində Cavabdeh MMC-nin direktoru Ceyhun Quliyevə müraciət olunaraq ödənilmiş vəsaitin geri qaytarılması bir daha xahiş olunmuşdur. Lakin bu xahişlərinin də icrası təmin olunmamışdır. Cavabdeh MMC-ti tərəfindən pul vəsaiti geri qaytarılmadığından tərəflərindən yuxarıda sözügedən müəssisəyə xx xxxxxx 2019-cu il tarixində hazırkı iddia ərizəsinə əlavə olunan pretenziya göndərilmişdir. Hazırkı vaxtadək pretenziyaya da bu və ya digər cavab verilməmiş, cavabdeh təşkilat icra etmədiyi öhdəliyinin əvəzində müəssisələrindən aldığı vəsaitin geri qaytarılmasını hazırkı vaxtadək təmin etməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, proqram təminatının aktivləşdirilməsi üçün nəzərdə tutulan lisenziya sifariş edilmiş, lakin Cavabdeh MMC tərəfindən 15 iş gün ərzində sifariş, yəni, vaxtında yerinə yetirilmədiyinə görə iddaçı aktivləşdirilməsi nəzərdə tutulan proqram təminatının gələcəkdə istifadəsindən imtina edərək, əvəzində oxşar digər proqram təminatının istifadəsinə başladığından və sifariş etdiyi lisenziya lazım olmadığına görə cavabdehə müraciət edərək pulun qaytarılmasını xahiş etmiş, lakin sonuncu gecikdirməklə lisenziyanı təmin etdiyinə istinad edərək pulu qaytarmamışdır. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında, proqram təminatının aktivləşdirilməsi üçün nəzərdə tutulan lisenziyanın GFİ Software şirkətindən sifariş etdiklərini və buna görə pulun ödənildiyini, lakin onlardan asılı olmayan səbəblərdən sözügedən lisenziyanın təxminən 10 gün gecikməklə, yəni xx.xx.2019-cu il tarixdə iddiaçının proqram təminatında aktivləşdirilmiş, bu haqda sonuncu məlumatlandırılmış və müqavilə şərtlərinə görə gecikdirilən günlərlə bağlı cərimənin tətbiqi ilə məsələnin müzakirəsi təklif edilmiş, lakin iddiaçı qəti olaraq pulun qaytarılmasını tələb etmiş, halbuki müqavilədə sifarişin vaxtında yerinə yetirilməməsi müqavilənin xitamı deyil, gecikmə günləri üçün maliyyə sanksiyaları nəzərdə tutur. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 169-K-2019 nömrəli müqavilə və həmin müqaviləyə 1 saylı əlavədə görünür ki, satıcı Cavabdeh MMC bu müqavilə, eləcə də müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş, 18% əlavə dəyər vergisi də daxil olmaqla ümumi qiyməti 1646,10 euro məbləğində müəyyənləşdirilən proqram məhsullarını alıcı - “xxxxxxxxxxx” MMC-nin mülkiyyətinə verməyi, alıcı - “xxxxxxxxxxx” MMC də öz növbəsində həmin proqram məhsullarının dəyərinin ödənilməsini hesab təqdim edilən gündən 5 bank günü ərzində hesabda göstərilmiş məbləği satıcının - Cavabdeh MMC-nin bank hesabına ödəmək, müqavilənin 2.9-cu bəndinə əsasən satıcı bu müqavilənin imzalandığı, yəni xx xxxxxxx 2019-cu il tarixdən etibarən ən geci 15 iş günü ərzində sifariş olunmuş proqram məhsullarını alıcı - “xxxxxxxxxxx” MMC-yə çatdırma öhdəliyini öz üzərinə götürmüşdür. Sözügedən müqavilənin 2.10-cu bəndinə əsasən satıcı öhdəliyini müqavilənin 2.9-cu bəndində göstərilən tarixədək icra etmədiyi halda satıcıya hər gecikdirilmiş gün üçün müqavilənin ümumi dəyərinin 0,5%-i məbləğində cərimə tətbiq edilir. xx.xx.2019-cu il tarixli, 14250 nömrəli məktubdan görünür ki, Cavabdeh MMC “xxxxxxxxxxx” MMC-yə müraciət edərək, lisenziyaların xx xxxxxxx 2019-cu il tarixdə təhvil verilməli olduğu halda Cavabdeh MMC-dən asılı olmayan səbəblərdən xx xxxxxx 2019-cu il tarixində aktivləşdirildiyi, lisenziyanın gecikdirilməsinə görə üzr istədiklərini və müqavilənin 2.10-cu bəndinə əsasən cərimə tətbiq edilməsi ilə bağlı “xxxxxxxxxxx” MMCnin bu hüquqdan istifadə ediləcəyi təqdirdə onlara müraciət edilməsini və öz öhdəliklərini yerinə yetriməyə hazır olduqlarını bildirmişlər. Cavabdeh MMC-nin səlahiyyətli əməkdaşı ilə “xxxxxxxxxxx” MMC-nin səlahiyyətli əməkdaşının hər 2 MMC-nin rəsmi elektron poçtları (e-mailləri) vasitəsilə aralarında aparılan (xx.xx.2019-cu il tarixli) yazışmalardan görünür ki, lisenziyanın xx.xx.2019-cu il tarixdən aktiv olduğu (“xxxxxxxxxxx” MMC-yə) bildirilir. xx.xx.2019-cu il tarixli, HF-120/19 nömrəli məktubdan görünür ki, “xxxxxxxxxxx” MMC Cavabdeh MMC-yə məlumat verərək, hər iki MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli, 169-K-2019 nömrəli müqavilənin 2.9-cu bəndinin tələblərinin pozulduğu əsas götürülərək, müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmiş və ödənişin hesablarına geri qaytarılmasına göstəriş verilməsi xahiş edilmişdir. xx.xx.2019-cu il tarixli, TRX İD:2177954 nömrəli ödəniş tapşırığından və xx.xx.2019cu il tarixli **********448081 nömrəli bildirişdən görünür ki, 169-K-2019 nömrəli müqaviləyə 1 saylı əlavə üzrə müvafiq olaraq 2601,82 manat və 468,33 manat pul vəsaiti “xxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. 628704 nömrəli sifariş verilən aktivasiya kodlarının siyahısından görünür ki, 10512- 4CR5S-9İBDİ və 20339-ZRNK2-6DPFK nömrəli lisenziyaların aktivasiya linki “xxxxxxxxxxx” MMC-yə təqdim edilmişdir. GFİ Software şirkətinin nümayəndəliyinin (distribyütorun) xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, qüvvədə olma müddəti 1 il olan 10512-4CR5S-9İBDİ (xx.xx.2019-xx.xx.2020) və 20339-ZRNK2-6DPFK (xx.xx.2019-xx.xx.2020) nömrəli lisenziyalar alıcının sifarişi ilə sifarişçi “xxxxxxxxxxx” MMC üçün yüklənmişdir (partner Cavabdeh LLC) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 443.1 və 445.5-ci maddələri). Məhkəmə iclaslarında müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh MMС arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, “xxxxxxxxxxx” MMC üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh MMС öz üzərinə düşən öhdəliklərini gecikmə ilə yerinə yetirmiş bu isə müqaviləni əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında proqram təminatının aktivləşdirilməsi üçün nəzərdə tutulan lisenziyanın xx xxxxxxx 2019-cu il tarixdə yəni, xx xxxxxxx 2019-cu il tarixdən etibarən ən geci 15 iş günü ərzində təhvil verilməli olduğu halda Cavabdeh MMC isə təxminən 10 gün gecikmə ilə yəni, xx xxxxxx 2019-cu il tarixində təhvil vermişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və421.2-ci maddələrinin tələblərinə əsasə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur, qeyd olunanlar isə hazırki iş üzrə müəyyən edilmir və həmçinin iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, müqavilənin 2.10-cu bəndinə əsasən satıcı öhdəliyini müqavilənin 2.9-cu bəndində göstərilən tarixədək icra etmədiyi halda satıcıya hər gecikdirilmiş gün üçün müqavilənin ümumi dəyərinin 0,5%-i məbləğində cərimə tətbiq edilməsi qeyd edilmiş, bu isə sifarişin vaxtında yerinə yetirilməməsi müqavilənin xitamı üçün deyil, gecikmə günləri üçün cərimənin tətbiqi üçün əsassdır. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 169-k-2019 nömrəli müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə Cavabdeh MMC-yə ödənilmiş 1646,10 EURO məbləğində (ƏDV daxil) pul vəsaitinin, eləcə də ödənilmiş 30 manat məbləğində pulun geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1533/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1533/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver