Məhkəmə qərarları › İş №e-2-2(113)-1538/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1538/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1538/2022 02.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və nəqliyyat vasitəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğvi və nəqliyyat vasitəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 avqust 2021-ci il tarixli K-054-B-PCC-21 nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməsi, Chevrolet Trax minik markalı **-PC-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin, 22 manat dövlət rüsumu və 210 manat məbləğində çəkilmiş mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində qoyulmuş tələblərdən biri tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinin ləğv edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddia ərizəsinə əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə göndərilmiş 06.01.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, 11 avqust 2021-ci il tarixli avtomobil satışı üzrə K-054-B-PCC-21 nömrəli müqaviləyə əsasən ödənilməmiş 30354 manat məbləğində borcu 16 yanvar 2022-ci il tarixinə qədər ödəməsi cavabdehdən tələb olunmuş, əks təqdirdə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Həmin məktubdan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə cavabdehə hər hansı təklif ünvanlamamış, bununla da qanunvericiliyin yuxarıda göstərilən tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Bundan əlavə, iddia ərizəsinə onu imza etmiş Nümayəndə səlahiyyətlərini təsdiq edən sənəd (etibarnamə) əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin verilməsi zamanı MPM-nin yuxarıda göstərilən tələblərinə riayət edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264–cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və nəqliyyat vasitəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı MMC-yə geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar