Məhkəmə qərarları › İş №e-2-2(113)-1539/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1539/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1539/2021 26.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı “xxxx” Construction MMC-nin nümayəndəsi X3, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” Construction MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Construction MMC-nin Cavabdeh MMC-yə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən QSZS 158/0918 saylı 10 Sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 173 468,26 manat (bir yüz yetmiş üç min dörd yüz altmış səkkiz manat,26 qəpik) məbləğində borc və məhkəməyə müraciətlə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçıMMC–yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı X9) ilə Cavabdeh MMC arasında QSZS 158/0918 saylı 10 Sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin şərtinə görə İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiyalarda göstərilən tərkibdə malları Cavabdeh MMC-yə satır və malın müqabilində Cavabdeh MMC İddiaçıMMC-yə müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. İddiaçı müqavilə üzrə öhdəliyini lazımi qaydada yerinə yetirərək müqavilənin əlavəsində göstərilən malları Cavabdehə vermişdir. Lakin Cavabdeh müqavilə şərtlərini pozaraq malların dəyərini İddiaçıya ödəməmişdir. Hazırda Cavabdehin İddiaçıya 173 468,26 AZN məbləğində borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” Construction MMC-nin nümayəndəsi X5 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 iddiaya etiraz edərək, alqı-satqı müqaviləsinin icra olunmadığını və nəzərdə tutulmuş malların verilmədiyi bildirərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC (əvvəlki adı X9) ilə Cavabdeh MMC arasında QSZS 158/0918 saylı 10 Sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə ilə satıcı müqaviləyə əlavə edilmiş spesifikasiyalarda göstərilən malları alıcıya verməyi, alıcı isə nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli əlavədən görünür ki, razılaşdırılmış malların ümumi dəyəri 173468,26 manat təşkil edir. Hazırda isə iddiaçı tərəf müqavilə ilə nəzərdə tutulmuş malların verildiyini və ödəniş edilmədiyini, cavabdeh isə müqavilənin icra olunmadığı və malların təhvil verilmədiyini bildirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Adı çəkilən müqavilənin 3.3-cü bəndindən görünür ki, mal təhvil verilərkən tərəflər təhvil-təslim aktl imzalamağı öhdələrinə gptürmüşlər. Belə olan halda, hazırki işdə satıcı olan iddiaçı tərəf malın cavabehə verilməsi öhdəliyini daşıdığından, həmçinin malın verilməsini sübutetmə vəzifəsini də daşıyır. İddiaçı tərəf bu halın sübuta yetirilməsi üçün 10 sentyabr 2018-ci il tarixli təhvil-təhsil aktını məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, adı çəkilən akt mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, ilk növbədə aktın “təhvil verdi” hissəsindəki imzalar İdarə heyətinin sədri kimi göstərilmiş İbrahimli Fariz və Baş muhasib Yusifov Orxan, “təhvil aldı” hissəsində isə direktor Musayev Şaiq, Baş muhasib İsgəndərov Mehman tərəfindən edilmişdir. İbrahimli Fariz müqavilə imzalanan zaman Cavabdeh MMC-nin idarə heyətinin sədri olmuşdur. X6 müqavilə üzrə alıcı olduğundan malı “təhvil verən” deyil, “təhvil alan” kimi göstərilməli idi. Musayev Şaiq isə “təhvil alan” kimi deyil, “təhvil verən” kimi göstərilməli idi. Bundan başqa həmçinin qeyd olunan müqavilə tərəflərin imzası ilə və hüquqi şəxslərin möhürü ilə təsdiqlənsə də, eyni tarixli “təhvil-təslim aktı” hüquqi şəxslərin möhürləri ilə təsdiq edilməmişdir. Belə olan halda, məhkəmə qeyd olunan aktı mötəbər sübut kimi qəbul etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” Construction MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar