Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-154/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və qeyrilərinə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pulun tutulması; xarici elementli mübahisə Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına, “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinə və Cavabdeh2 qarşı xx.xx.2021-ci il tarixli, UE 181221/12 saylı müqavilə üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC(alıcı) ilə “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) arasında xx.xx.2021-ci il tarixli UE181221/21 saylı malların alqı-satqısı haqqında müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunuş şərtlərlə verilmiş sifarişə və nümunəyə uyğun olaraq malını və göstərəcəyi xidməti müqaviləyə əlavə olunan Əlavə 1-də qeyd olunan qiymət razılaşdırması protokolda göstərilən miqdarda alıcıya satmağı və elektrik sahələri üzrə elektrik montaj və servis xidmətlərini həyata keçirməyi, alıcı isə həmin şərtlər daxilndə malı, göstərilmiş elektrik montajı və servis xidmətlərinin dəyərini satıcının bank hesabına köçürmə yolu ilə ödədikdən sonra malı satıcıdan qəbul etməyi öhdəsinə götürmüşdür. - 2.1.-ci bəndinə görə DDP Bakı, Azərbaycan (İnkoterms 2010) şərti daxil olmaqla malın qyməti müqavilənin ayrılmaz tərkib hissəsi ola əlavələr ilə müəyyənləşdirilir . 2.2-ci bəndinə əsasən bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçiriləöcək malların dəyəri aşağıdakı qaydada satıcının bank hesabına ödəniləcəkdir: 2.2.3. Malın dəyərinin tam hissəsi (100%) mal alıcıya təhvil verildikdən sonra malların dəyərini göstərən müvafiq sənədlərin (elektron qaimə, hesab-faktura) ona təqdim olunduğu tarixdən 10 bank günü ərzində. 6.6-cı bəndinə əsasən tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. Həmin müqavilə üzrə tərtib edilmiş 001 saylı xx.xx.2022-ci il tarixli; 0002 saylı, xx.xx.2022-ci il tarixli; 003 saylı, xx.xx.2022-ci il tarixli və 0004 saylı, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktlarına əsasən İddiaçı MMC tərəfindən müxtəlif adda və sayda mallar “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına təhvil verilmişdir. Aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. İddiaçı MMC tərəfindən cəmi ƏDV daxil 77.686,661 manat (ƏDV xaric 65.836,11 manat) dəyərində malların təqdim edilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına göndərilmişdir. Elektron qaimələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
5. 24.01.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-yə 19.250,35 manat məbləğində ödəniş edilmişdir.
İİ.MƏHKƏMƏDƏ İCRAAT
a. İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı “X1 X2 İthalat İhracat Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməyən 46585,76 manat məbləğində pulun, 8385,43 manat məbləğində ƏDVnin, mediasiya xərcininə görə ödənilmiş 200, dövlət rüsumuna görə ödənilmiş 59, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1000 manat pulun cavabdeh “X1 X2 İthalat İhracat Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasindakı Filialindan alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki "xxxx" MMC ilə “X1 X2 İthalat İhracat Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında 18 dekabr 2021-ci il tarixli UE 181221\12 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında müxtəlif tarixlərdə malların alqı-satqısı həyata keçirilmiş, müqaviləyə əsasən "xxxx" MMC öhdəlikləri tam şəkildə yerinə yetirmiş, lakin “X1 X2 İthalat İhracat Sanayi Ve Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödənişləri tam həyata keçirməmiş, müqavilə üzrə ödənilməmiş 46585,76 manat (ƏDV xaric) qalıq borc qalmışdır. Alıcı müqavilə öhdəliklərini icra etmədiyi üçün müxtəlif tarixlərdə cavabdehin ünvanlarına pretenziya məktubu göndərilmiş, lakin nəticə əldə olunmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq 12 iyun 2023-cü il tarixdə mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh iştirak etməmişdir. Mediasiya xərci olaraq 200 manat tərəfindən ödənmişdir.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.2, 448.1 və 567-ci maddəsinə istinad etmişdir.
9. Bundan sonra iddiaçı iddia həcminin artırılması barədə ərizə verərək 46585,76 manat məbləğində əsas borcun, 8385,43 manat məbləğində ƏDV-nin, mediasiya xərcininə görə ödənilmiş 200, dövlət rüsumuna görə ödənilmiş 59, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1000 manat pulun Cavabdeh1ndan, cavabdeh “X1 X2 İthalat İhracat Sanayi Ve Ticaret Limited” Şirkətindən və Cem Türedən müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) İddiaya qarşı etirazın dəlilləri
10. İddiaya qarşı yazılı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV.TƏTBİQ EDİLƏN HÜQUQ
16. AR Mülki Məcəlləsinin: - 43.1-cü maddəsinin tələblərinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. - 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. - 53.2-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. - 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. AR MPM-in: - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. - 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: - 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; - 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. - 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
19. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. - 24.1-ci maddəsinə görə müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
21. Hazırkı mübahisə xarici elementli olduğundan (cavabdehlərdən biri xarici ölkədə təsis edilmiş və fəaliyyət göstərən hüquqi şəxs, digəri isə xarici dövlətin vətəndaşı olduğundan) məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir.
22. Göstərilən məsələ ilə bağlı məhkəmə əvvəla qeyd edir ki, İddiaçı MMC (alıcı) ilə Türkiyə şirkəti olan “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkəti (AR-dəki filialı) arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gələn tələbdir. Həmin müqavilədə tərəflər mübahisələrin AR məhkəmələrində həll ediləcəyi barədə razılaşmışlar.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsi hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidir.
24. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.
25. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin yuxarıda istinad edilən şərtində müqavilə tərəflərinin müqavilədən irəli gələn mübahisələrinə tətbiq edilməli hüquq barədə razılaşması aydın şəkildə ifadə edilmişdir. Belə ki, müqavilənin 6.6-ci bəndinə əsasən tərəflər həmin müqavilədən irəli gələn mübahisələrin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll edilməsi barədə razılaşmışlar. Odur ki, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll edilməlidir.
26. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC (satıcı) ilə “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin AR-dəki Filialı (alıcı) arasında 015/Ex-19 saylı xx.xx.2021-ci il tarixli UE181221/21 saylı malların alqı-satqısı haqqında müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İSatıcı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək ƏDV daxil 77.686,661 dəyərində manat (ƏDV xaric 65.836,11 manat) mallar təqdim etsə də, alıcı tərəf həmin malların dəyərini tam ödəməməklə müqavilə üzrə öhdəlikləri pozmuşdur. Nəticədə sonuncunun iddiaçıya ƏDV xaric 46.585,76 (65.836,11- 19.250,35) manat məbləğində borcu yaranmışdır.
27. Hazırda İddiaçı MMC həmin borcun “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətindən, həmin şirkətin Azərbaycan Respublikasındakı Filialından və filialın direktoru olan Cavabdeh2 müştərək qaydada tutulmasını tələb edir.
28. Məhkəmə ilk növbədə cavabdeh “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinə qarşı yönəldilmiş iddia tələbi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 43.1, 44.1, 53-cü maddələrinin məzmunundan da göründüyü kimi hüquqi şəxsin filialı onun struktur bölməsi olmaqla hüquqi şəxs statusu yoxdur. Filial hüquqi şəxs olmadığından özünəməxsus mülki hüquq qabiliyyətinə malik deyil və mülki dövriyyədə aid olduğu hüquqi şəxsin adından iştirak edir. Filial mülki dövriyyədə müstəqil olaraq iştirak edə bilmədiyindən filialın fəaliyyəti nəticəsində yaranmış bütün öhdəliklərə görə “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkəti məsuliyyət daşıyır.
29. Hazırkı halda mübahisəli alqı-satqı müqaviləsi alıcı tərəfdən “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin AR filialı tərəfindən imzalansa da, filial həmin müqaviləni mülki dövriyyənin müstəqil iştirakçısı qismində deyil, hüquqi şəxsin struktur bölməsi qismində, yəni “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin adından bağlamışdır. Odur ki, İddiaçı MMC həmin müqavilədən irəli gələn hazırkı iddia tələbini “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinə qarşı yönəltməklə haqlı olmuşdur.
30. Tələbin cavabdeh “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin ARdəki filialına qarşı yönəldilmiş hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, artıq qeyd edildiyi kimi sözügedən filial digər cavabdeh Türkiyə şirkəti olan X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin struktur bölməsi olmaqla öz əmlakına malik deyil, belə ki, filialının balansına verilmiş bütün əmlakın mülkiyyətçisi filialın aid olduğu hüquqi şəxsdir.
31. Belə olan halda cavabdeh “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinə qarşı olan hissədə iddia təmin edildiyindən “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkəti həmin öhdəliyinin icra edilməsinə görə bütün əmlakı ilə, o cümlədən AR-dəki filialına məxsus əmlakla da məsuliyyət daşıyır, yəni borcun şirkətdən tutulmasının qət edilməsi onun həmin şirkətin struktur bölməsi olan filialdan tutulmasını da əhatə edir. Bu baxımdan sözügedən borcun “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkəti yanaşı onun filialından da tutulmasının ayrıca olaraq göstərilməsi zərurəti mövcud deyildir. Odur ki, filiala qarşı hissədə iddia rədd edilməlidir.
32. X3rşı olan hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, Cavabdeh2 iddiaçının ödənilməsini tələb etdiyi borcun yaranması üçün əsas olmuş alqı-satqı münasibətlərində tərəf qismində iştirak etməməklə həmin müqaviləni alıcı “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin nümayəndəsi qismində imzalamışdir. Digər tərəfdən Cavabdeh2 fiziki şəxs qismində “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətinin mübahisəli alqı-satqı müqaviləsi üzrə öhdəliklərinə zamin durması və yaxud da Cavabdeh2 iddiaçının qarşısında həmin borcu ödəmək öhdəliyinin yaranması üçün əsas ola biləcək sair halların mövcudluğu iş materiallarına əsas müəyyən edilmir. Odur ki, Cavabdeh2 münasibətdə iddia rədd edilməlidir.
33. Məhkəmə xərclərinə dair hissədə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri və 59 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
34. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 255 manat təşkil edir.
35. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
36. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
37. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə və dövlət rüsumuna görə 255 manat məbləğində pul vəsaiti cavabdeh “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətindən tutularaq iddiaçıya ödənilməlidir.
38. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, vəkil yardımına xərclərə görə cavabdeh “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətindən 1000 manat məbləğində pul tutulması ağlabatandır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “X1 X2 İthalat İhracat Sanayi ve Ticaret Limited” Şirkətindən ƏDV daxil 54.971,19 məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 200 və dövlət rüsumunun əvəzi olaraq 55 manat, hüquqi yardım xərclərinin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva