Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1541/2022 23.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-yə qarşı 23.05.2020-ci il tarixli müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən əsas borc kimi 8.695,20 manat, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 100 manat, vəkil xidməti üçün ödənilmiş 211 manat məbləğində pulun və 107 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı arasındakı 23 may 2020-ci il tarixli müqaviləyə əsasən tərəflər arasında 11.400,19 manat məbləğində alqı-satqı əməliyyatları həyata keçirilmişdir. Həmin müqavilə və sifarişlər üzrə iddiaçı tərəfindən bütün öhdəliklər lazımınca yerinə yetirilsə də, göndərilmiş malların (məhsulların) dəyərinin bir qismi, yəni 8.695,20 manat məbləğindəki pul vəsaiti hələ də onlara ödənilməmişdir. Hazırda cavabdeh "xxxx" MMCnin onlara 8.695,20 manat məbləğində borcu vardır. Bununla bağlı cavabdehə rəsmi qaydada pretenziya göndərərək həmin məbləğin 10 gün ərzində onlara tam olaraq ödənilməsini tələb etsələr də cavabdeh tərəf heç bir ödəniş etməmişdir. Məhkəməyə müraciət edilməsi üçün mediasiya sessiyasında iştirakla bağlı 100 manat, vəkil xidməti üçün 211 manat və 107 manat dövlət rüsumu tərəflərindən ödənilmişdir.. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqdim olunmuş sübutları nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını, iddia tələblərinin təmin olunmasını və yekun məhkəmə aktının çıxarılmasını məhkəmədən xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə borcları olduğunu etiraf etmiş, lakin borc məbləğinin həcmi ilə bağlı dəqiq məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında 23 may 2020-ci il tarixdə 19 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri və malların qiyməti razılaşma yolu ilə müəyyən edilir və əlavədə (qaimə, hesab-faktura) göstərilir. 2-ci bəndinə əsasən malların dəyəri alıcı tərəfindən manatla köçürmə yolu ilə və ya post-terminal vasitəsi ilə satıcıya ödənilir. 3-cü bəndinə əsasən ödəniş mal çatdırılan gündən 30 gün sonra həyata keçirilməlidir və satılan malın 100% dəyərini təşkil edir. 4-cü bəndinə əsasən satıcı malları təhciz etmək və mallara aid olan bütün sənədləri (vergi hesab-fakturası, qaimə-faktura, gigiyenik və uyğunluq sertifikatlarını) alıcıya təqdim etməyi öz öhdəsinə götürür. 5-ci bəndinə əsasən alıcı malların dəyər qiymətini ödəməyi və təhvil almağı öz öhdəsinə götürür. 10-cu bəndinə əsasən əgər tərəflərdən heç biri müqavilə müddətinin bitməsinə 3 gün qaldıqda müqavilənin pozulması haqqında digər tərəfə yazılı məlumat verməyibsə, bu halda müqavilənin şərtləri dəyişməz qalaraq yenidən bir il müddətinə uzadılır. 13-cü bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 23 may 2021-ci il tarixə kimi qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən ƏDV daxil 4877,60 manat məbləğində olan malların verilməsinə dair 03.06.2020-ci il tarixli, EBAK seriyalı, 667333 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" MMC-yə göndərilmişdir. - İddiaçı tərəfindən ƏDV daxil 2205 manat məbləğində olan malların verilməsinə dair 29.06.2020-ci il tarixli, EBAL seriyalı, 687611 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" MMC-yə göndərilmişdir. - İddiaçı tərəfindən ƏDV daxil 4317,60 manat məbləğində olan malların verilməsinə dair 03.07.2020-ci il tarixli, EBAL seriyalı, 941793 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" MMC-yə göndərilmişdir. - İddiaçı tərəfindən "xxxx" MMC-yə pretenziya məktubu ünvanlanaraq borcun 10 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda "xxxx" MMC-nin göstərilən müqavilə üzrə İddiaçı olan borcu ƏDV daxil olmaqla 8.695,20 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Digər tərəfdən tərəfdən məhkəmə qeyd edir ki, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə vermiş olduğu izahatında iş materiallarına sübut qismində əlavə edilmiş müqaviləyə və elektron qaimələrə etiraz etməmiş, həmin müqavilə üzrə iddiaçıya borcunun olmasını təsdiq etmiş, lakin borcunun məbləği barədə məlumatının olmamasını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin göstərilən izahatı iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsi və cavabdehin həmin mallara görə iddiaçıya borcunun olması faktlarının etirafı kimi qiymətləndirilməlidir. MPM-in: 106.3-ci maddəsinə görə ərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları (müqavilə, elektron qaimələr), cavabdeh "xxxx" MMC-nin tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olmasını və iddiaçıya həmin münasibətlərdən irəli gələn borcunun olmasını etiraf etməsini, eləcə də cavabdehin sözegedən müqavilə və elektron qaimələr üzrə iddiaçıya olan borcunun daha az məbləğdə olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-dən 8.695,20 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 107 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 107 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı çəkdiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat və dövlət rüsumunun əvəzi olaraq 7 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia verilərkən artıq ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 211 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 8695,20 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 100 manat, dövlət rüsumunun əvəzi olaraq 7 manat və vəkil xidmətinə çəkilmiş xərclərinin əvəzi olaraq 211 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia verilərkən artıq ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1541/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1541/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver