Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1544/2020 15.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdehndən 9025 manat məbləğində əsas borcun, 61370 manat məbləğində cərimə-dəbbə pulunun, 2000 manat əldən çıxmış fayda haqqının, 7,25% məbləğində hesablanmaqla 654 manat məbləğində bank uçot dərəcəsinin və 31 manat məbləğində dövlət rüsumunun tutularaq, onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "Cavabdeh" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” 03/18 №li müqaviləyə əsasən icraçı - İddiaçı MMC Sifarişçi - "Cavabdeh" MMC-nin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, "Cavabdeh" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 9025 manat məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 1 % əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 61370 manat cərimə hesablanmışdır. Lakin bundan sonra dəfələrlə cavabdehdən borc məbləğini tələb etmələrinə baxmayaraq bugünədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Həmçinin, bugünədək cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək şirkətlərinə məxsus 9025 manat məbləğində pulu özündə saxlamış və ondan faydalanmışdır. Təbii ki, qeyd edilən vəsait şirkətlərində qalsa onlar bu vəsaitdən xeyli miqdarda gəlir əldə edə bilərdilər. Cavabdehin bu cür qanunsuz hərəkətləri nəticəsində şirkətləri 2000 manat məbləğində gəlirindən məhrum olmuşdur. Hesab edirlər ki, qeyd edilən məbləğ də cavabdehdən əldən çıxmış fayda haqqı kimi tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsində bank uçot dərəcəsi 7,25% məbləğində müəyyən edilir. Eləcə də hesab edirlər ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun məbləği də tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, 05/18 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, icraçı - İddiaçı MMC sifarişçi - "Cavabdeh" MMC-nin sifarişi əsasında ona məxsus yükləri daşımaqla xidmətlər göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8.3-cü bəndinə əsasən sifarişçi tərəfindən ödənişdə gecikmə olarsa, hər gecikmə gün üçün ümumi dəyərin 1 % əlavə hesablanacaq. "İddiaçı" MMC tərəfindən verilən EAAH seriyalı, 637284 nömrəli, xx.xx.2018-ci il tarixli; EAAİ seriyalı, 294159 nömrəli, xx.xx.2018-ci il tarixli; EAAİ seriyalı, 913583 nömrəli, xx.xx.2018-ci il tarixli; EAAJ seriyalı, 689741 nömrəli, xx.xx.2018-ci il tarixli; EAAK seriyalı, 374865 nömrəli, xx.xx.2018-ci il tarixli; EAAL seriyalı, 133853 nömrəli, xx.xx.2018-ci il tarixli; EAAL seriyalı, 889454 nömrəli, xx.xx.2018-ci il tarixli; EAAM seriyalı, 594492 nömrəli, xx.xx.2018-ci il tarixli;EAAW seriyalı, EAAN seriyalı, 439293 nömrəli, xx.xx.2018ci il tarixli; EAAO seriyalı, 174746 nömrəli, xx.xx.2018-ci il tarixli; EAAP seriyalı, 115688 nömrəli, xx.xx.2019-cu il tarixli; EAAP seriyalı, 248361 nömrəli, xx.xx.2019-cu il tarixli; EAAP seriyalı, 261207 nömrəli, xx.xx.2019-cu il tarixli; EAAP seriyalı, 382801 nömrəli, xx.xx.2019-cu il tarixli; EAAP seriyalı, 347845 nömrəli, xx.xx.2019-cu il tarixli; EAAQ seriyalı, 032616 nömrəli, xx.xx.2019-cu il tarixli; EAAR seriyalı, 153983 nömrəli, xx.xx.2019-cu il tarixli; EAAS seriyalı, 609622 nömrəli, xx.xx.2019-cu il tarixli; EAAT seriyalı, 977352 nömrəli, xx.xx.2019-cu il tarixli; EAAV seriyalı, 397701 nömrəli, xx.xx.2019-cu il tarixli və EAAW seriyalı, 655195 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimələrdən görünür ki, "İddiaçı" MMC-nin alıcı "Cavabdeh" MMC-yə göstərilmiş yükdaşıma xidmətlərin ümumi dəyəri (ƏDV daxil) 21435,6 manat məbləğində təşkil edir. "Cavabdeh" MMC-nin səlahiyyətli əməkdaşı ilə "İddiaçı" MMC-nin səlahiyyətli əməkdaşının hər 2 MMC-nin rəsmi elektron poçtları (e-mailləri) vasitəsilə aralarında aparılan yazışmalarından görünür ki, "Cavabdeh" MMC iddiaçı "İddiaçı" MMC-yə 9025 manat borcunun olduğunu təsdiq etmiş və layihələrinin bitməsi səbəbindən maliyyə vəziyyəti ilə bağlı çətinliklərinin olduğu və yeni layihə başlayan kimi borc məbləğinin bağlanılacağı bildirilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: - yük göndərən ilə daşıyıcı arasında müqavilə; - bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması və s. Öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1 465.2, 467, 567, 784, 850.1, 850.2 və 854.1-ci maddələri). Göründüyü kimi iddiaçı "İddiaçı" MMC ilə cavabdeh "Cavabdeh" MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, "İddiaçı" MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək görülmüş yükdaşıma xidmətlərin qarşılığına görə əsas borc olan 9025 manat məbləğində pul ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia 9025 manat məbləğində əsas borcun tələbi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə 61370 manat məbləğində dəbbə pulu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 125 manat məbləğində müəyyən edilməlidir. İddiaçı 2000 manat əldən çıxmış fayda fayda haqqının və 7,25% məbləğində hesablanmaqla 654 manat məbləğində bank uçot dərəcəsini tələb etsə də, bununla bağlı heç bir sübut təqdim etmədiyindən tələb həmin hissədə təmin edilə bilməz. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli, 05/18 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə yaranmış 9025 manat məbləğində əsas borc, 125 manat cərimə borcu, cəmi 9150 manat məbləğində pul cavabdeh "Cavabdeh" MMC-dən tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən həmçinin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödədiyindən, 73049 manat (100%) məbləğində olan iddia tələbinin yalnız 9150 manatının (12,52%) təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu da, ödənilmiş tələbin məbləğinə münasib olaraq qismən təmin edilməli və 3,75 manat məbləğində pul cavabdeh "Cavabdeh" MMC-dən tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, 1 manat bank xərci olduğundan və ödənilmiş dövlət rüsumu kimi tələb edildiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli, 05/18 nömrəli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə yaranmış 9025 manat məbləğində əsas borc, 125 manat cərimə borcu cəmi 9150 manat və dövlət rüsumu kimi ödənilmiş 3,75 manat məbləğində pul cavabdeh "Cavabdeh" MMC-dən tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1544/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1544/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver