Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1544/2021 06.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X3 İştirakı ilə, İddiaçı “Çernin və X2” MMC-nin Cavabdeh MMC-yə qarşı «müqavilə öhdəliyinin məcburi qaydada icra edilməsi və vurulmuş zərərin ödənilməsi» tələbinə dair işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Çernin və X2” MMC Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xeyrinə 36000 ABŞ dolları xidmət haqqının, 3 il xidmət haqqının ödənilməməsinə görə bankuçot faiz dərəcəsini hər il üçün 7% nəzərə alınmaqla 3 il üçün 7560 ABŞ dolları cərmənin və işgüzar nüfuza vurulmuş zərərə görə 30000 manat vəsaitin məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Çernin və X2” MMC 1996-cı ildən hüquq sahəsində xidmət göstərməklə məşğul olur. Müstəqillik əldə etdikdən sonra yaranmış ilk hüquq şirkətlərindən biridir. Bu günə qədər heç zaman müştəriləri ilə bağlı məhkəməyə müraciət etməmişdir. Lakin hazırki iş üzrə cavabdeh nəinki müqavilə üzrə öz üzərinə götürmüş olduğu öhdəlikləri ica etmiş, Şirkət etibarından sui-istifad edərək, uzun müddət vədlər verərək bu vədlərə də əməl etməmişdir. Belə ki, 01.02.2017-ci il tarixli “Hüquqi Xidmət Göstərilməsinə” dair Müqavilə üzrə “xxxx” MMC-yə Azərbaycan Respublikasının məhkəmələrində, iddiaçı Abşeron Rayon İcra Hakimiyyətinin cavabdehə qarşı olan “torpaq icarəsi müqavilələrinə xitam verilməsi və torpaqların İcra Hakimiyyətinə qaytarılması” tələbinə dair iddiası üzrə hüquqlarının müdafisəi ilə bağlı hüquqi xidmət göstərir. Sonuncu dəfə 25.12.2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə iclasında iştirak edilmiş və orada qərar hüquqlarını müdafiə etdilən cavabdehin lehinə olmuşdur. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etmiş iş yeni baxışa göndərilmişdir. Yuxarıda qeyd edilən xidmət müqaviləsinin 3.1 bəndinə əsasən Sifarişçi (cavabdeh) hər məhkəmə instansiyası üçün 4000 (dörd min) ABŞ dolları və hər iş udulduqda əlavə olaraq 2000 (iki min) ABŞ dolları xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. 01.01.2020-ci il tarixə “xxxx” MMC-nin hüquqlarının müdafiəsi üzrə toplam 7 (yeddi) müxtəlif məhkəmə çəkişməsi olmuşdur. Həmin məhkəmələrdə yalnız hüquqi xidmətə görə (məhkəmədə iştirak) xidmət haqqı 4000 x 7 = 28.000 (iyirmi səkkiz min) ABŞ dolları edir, bu yeddi məhkəmədən 4-ü isə “xxxx” MMC-nin lehinə olan qərar olduğundan əlavə olaraq hər məhkəmə üzrə 2000 ABŞ dolları olmaqla 4 məhkəmə qərarı üçün 8000 (səkkiz min) ABŞ dolları əlavə haqq (bonus) ödənilməli idi. Toplam ödəniş məbləği 01.01.2020-ci ilə 36.000 (otuz altı min) ABŞ dolları edirdi. Lakin cavabdeh bu günə qədər öz öhdəliklərini icra etməmişdir. 26.12.2019-cu il tarixdə cavabdehə rəsmi hesab faktura təqdim edilmişdir ki, 36.000 (otuz altı min) ABŞ dolları vəsait ödənilsin. 08.01.2020-ci il tarixli mail vasitəsi ilə avabdeh bildirmişdir ki, 07.01.2020ci il tarixdə öz şəriklərilə olan iclasda belə qərara gəlmişlər ki, həmin vəsait yekun məhkəmə aktı qəbul edildikdən və iş bitdikdən sonra ödəniş ediləcəkdir. Cavabdehin bu cür qərar qəbul edərək hesabın ödənilməsindən imtina etməyi müqavilənin 3.3-cü bəndinə ziddir. Müqaviləyə uyğun olaraq hesab 5 gün müddətində ödənilməlidir və hər hansı bir başqa şərt mövcud deyildir. Cavabdehin ödəniş qaydasını seçmək kimi hüququ yoxdur. Bu cür imtina həm müqavilənin, həm də Azərbaycan Respublikası qanunvericiliyinin kobud pozulmasıdır. Cavabdehin bu cür hərəkəti və qanunlarımıza etinasızlığı ümumilikdə Sifarişçinin fəaliyyətinin qanuniliyində şübhə oyatmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1544/2021 saylı 06.05.2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Çernin və X2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 01.02.2017-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə bir tərəfdən xanım X1 simasında "Çernin və X2” MMC (sonra "icraçı”), digər tərəfdən isə cənab Gal Vagnerin simasında “xxxx” MMC (sonra ''Sifarişçi”) arasında aşağıdakı şərtlərlə bağlanmışdır. Müqaviləyə əsasən bu müqavilənin predmeti Sifarişçiyə hüquq xidmətlərinin göstərilməsindən ibarətdir. Bu müqavilənin şərtlərinə uyğun olaraq aşağıda göstərilən hüquqi xidmətlərini İcraçı yerinə yetirməyi. Sifarişçi isə öz növbəsində onları qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.2.1-ci bəndinə əsasən Sifarişçinin maraqlarını Azərbaycan Respublikasının bütün məhkəmələrdə müdafiəsi: Həmin Müqavilənin 1.2.2-ci bəndinə əsasən Məhkəmələrə aid bütün sənədləri hazırlamaq və məhkəməyə təqdim etmək: Həmin Müqavilənin 1.2.3-cü bəndinə əsasən Sifarişçinin maraqlarını dövlət strukturlarında təqdim etmək: Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən İcraçı tərəfindən müqavilədə göstərilən öhdəliklərini yerinə yetirməsinə görə Sifarişçi bu müqavilənin şərtlərinə uyğun olaraq İcraçıya hər bir instansiya məhkəməsində göstərilmiş xidmətə görə 4000 (dörd min) ABŞ dolları ödəməyi öhdəsinə götürür. Elan edilmiş məhkəmə qərarı Sifarişçinin lehinə qəbul edildiyi təqdirdə Sifarişçi İcraçıya xidmət haqqından əlavə olaraq 2000 (iki min) ABŞ dollarında əlavə haqq ödəyir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında olan mübahisələrə dair məhkəmə aktlarından görünür ki, tərəflər arasında icarə müqavilələri üzrə olan mübahisələrdə iddiaçı tərəfindən cavabdehin mənafeləri müdafiə edilmişdir. İş materiallarına əlavə edilmiş 10.01.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə 36000 ABŞ dolları xidmət haqqının, 20000 ABŞ dolları qanunsuz fəaliyyətə görə və 30000 manat işgüzar nüfuzuna görə ödənişin məcburi qaydada tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “Çernin və X2” MMC ilə Cavabdeh MMC arasında 01.02.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, “Çernin və X2” MMC Cavabdeh MMC-nin tələbinə əsasən Sifarişçiyə hüquq xidmətlərinin göstərilməsindən ibarətdir. Bu müqavilənin şərtlərinə uyğun olaraq aşağıda göstərilən hüquqi xidmətlərini İcraçı yerinə yetirməyi. Sifarişçi isə öz növbəsində onları qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliyini icra etmişdir, lakin Cavabdeh MMC öhdəliklərinin icrasını tam həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən 01.02.2017-ci il tarixli müqavilə üzrə 36000 ABŞ dolları iddiaçıya ödənilməmişdir. Məhkəmə iddia tələbinin 3 il xidmət haqqının ödənilməməsinə görə bankuçot faiz dərəcəsini hər il üçün 7% nəzərə alınmaqla 3 il üçün 7560 ABŞ dolları cərmənin və işgüzar nüfuza vurulmu zərərə görə 30000 manat vəsaitin məcburi qaydada tutulması hissəsi ilə bağlı qeyd edir ki: Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarında müraciətlə bağlı qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 7560 ABŞ dolları cərmənin və işgüzar nüfuza vurulmu zərərə görə 30000 manat vəsaitin tutlması hissəsindən iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsümu cavabdehdən tələb edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 36000 ABŞ dolları xidmət haqqının, 3 il xidmət haqqının ödənilməməsinə görə bankuçot faiz dərəcəsini hər il üçün 7% nəzərə alınmaqla 3 il üçün 7560 ABŞ dolları cərmənin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq və işgüzar nüfuza vurulmuş zərərə görə 30000 manat vəsaitin məcburi qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 36000 (otuz altı min) ABŞ dolları xidmət haqqı, 3 il xidmət haqqının ödənilməməsinə görə bankuçot faiz dərəcəsini hər il üçün 7% nəzərə alınmaqla 3 il üçün 7560 (yeddi min beş yüz altmış) ABŞ dolları cərimə, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq və işgüzar nüfuza vurulmuş zərərə görə 30000 (otuz min) manat vəsait iddiaçı “Çernin və X2” MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1544/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1544/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver