Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1546/2020 25.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı Cavabdeh “xxxx” MMC-dən yaranmış 804 (səkkiz yüz dörd) AZN məbləğində əsas borcla birlikdə pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 8,683,2(səkkiz min altı yüz səksən üç manat iki qəpik) AZN və qanunvericiliyin müvafiq tələbinə uyğun olaraq nəzərdə tutulan illik 5%-ə əsasən 5.933,52 (beş min doqquz yüz otuz üç manat əlli iki qəpik) AZN, Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub iddiaçının hesabına ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində bir tərəfdən İddiaçı MMC-nin (VÖEN-**********) direktoru X3 (bundansonra “Satıcı”) digər tərəfdən “xxxx” MMC-nin (VÖEN-**********) direktoru X2 arasında elektrik avadanlıqları məişət texnikasının Alqı-satqısı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən “Satıcı” müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan “Qiymət razılaşması”nda göstərilmiş çeşiddə məişət texnikasını (bundan sonra “Alqısatqı predmeti”) “Alıcı”ya təhvil verir, “Alıcı” isə “Alqı-satqı predmeti”ni qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2-cimaddəsinə əsasən “Satıcı” “Alqı-satqı predmeti”ni “Qiymət razılaşması"nda göstərilmiş qiymətlərlə “Alıcı”ya verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci maddəsində “Alıcı” “Alqı-satqı predmeti”ni qəbul etməyi və “Satıcı” tərəfindən təqdim edilən sənəd (qaimə-faktura, vergi hesab-fakturası) əsasında müəyyənləşdirilən pul məbləğini köçürmə yolu ilə və ya nağd qaydada “Satıcı”ya ödəməyi öz öhdəsinə götürür. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018 -ci il tarixli elektron qaimədən göründüyü kimi satıcı cavabdehə hər birinin dəyəri 522 (beş yüz iyirmi iki) AZN olmaqla ümumilikdə 1104 ( min yüz dörd) AZN dəyərində iki ədəd “Midea” markalı kondisioneri Cavabdehə təhvil vermiş lakin bunun müqabilində cavabdeh satıcıya 300 (üç yüz) AZN ödəniş etmiş yerdə qalan 804(səkkiz yüz dörd) AZN məbləği indiyə qədər ödəməmişdir. Bununla bağlı cavabdeh “xxxx” MMC-nin (VÖEN-**********) direktoru X1 dəfələrlə telefonla edilən xəbərdarlıqlara və sonuncu dəfə xx.xx.2020-ci il tarixində məhkəmə haqqında xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirməmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan,xx.xx.2018-ci il tarixində bir tərəfdən İddiaçı MMC-nin (VÖEN- **********) direktoru X3 (bundan sonra “Satıcı”) digər tərəfdən “xxxx” MMC-nin (VÖEN- **********) direktoru X2 arasında elektrik avadanlıqları məişət texnikasının Alqı-satqısı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən “Satıcı” müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan “Qiymət razılaşması”nda göstərilmiş çeşiddə məişət texnikasını (bundan sonra “Alqı satqı predmeti”) “Alıcı”ya təhvil verir, “Alıcı” isə “Alqı-satqı predmeti”ni qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2-ci maddəsinə əsasən “Satıcı” “Alqı-satqı predmeti”ni “Qiymət razılaşması"nda göstərilmiş qiymətlərlə “Alıcı”ya verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci maddəsində “Alıcı” “Alqı-satqı predmeti”ni qəbul etməyi və “Satıcı” tərəfindən təqdim edilən sənəd (qaimə-faktura, vergi hesab-fakturası) əsasında müəyyənləşdirilən pul məbləğini köçürmə yolu ilə və ya nağd qaydada “Satıcı”ya ödəməyi öz öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş, xx.xx.2018-ci il tarixli elektron qaimədən görünür ki, satıcı cavabdehə hər birinin dəyəri 522 (beş yüz iyirmi iki) AZN olmaqla ümumilikdə 1104 (min yüz dörd) AZN dəyərində iki ədəd “Midea” markalı kondisioneri Cavabdehə təhvil vermiş lakin bunun müqabilində cavabdeh satıcıya 300 (üç yüz) AZN ödəniş etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə müqavilə üzrə borc məbləği olan 807 manatı bu pretenziyanı aldığı andan etibarən 5 iş günü ərzində nağd və ya bank köçürməsi yolu ilə MMC-yə ödəməyi təklif etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Həmçinin cavabdeh tərəfindən iddiaçıya hər hansı borcun olmaması və ya hazırki iş üzrə iddia tələbindən daha az miqdarda olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığına görə, məhkəmə cavabdeh tərəfindən borcun olmasının təsdiqi kimi tərəflər arasında bağlanmış üzləşmə aktına işin mübahisəsiz halı kimi qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinə əsas borcla birlikdə pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 8,683,2 (səkkiz min altı yüz səksən üç manat iki qəpik) AZN və qanunvericiliyin müvafiq tələbinə uyğun olaraq nəzərdə tutulan illik 5%-ə əsasən 5.933,52 (beş min doqquz yüz otuz üç manat əlli iki qəpik) AZN cavabdehdən tutulması hissəsində araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ xx xxxx 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1- ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli pul məbləğini gecikdirməyə görə hər hansı faydalandığına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edildiyindən iş üzrə dövlət rüsumuna görə ödənilmiş məbləğin 20 manatı cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 804 (səkkiz yüz dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 804 (səkkiz yüz dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1546/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1546/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver