Məhkəmə qərarları › İş №e-2-2(113)-1546/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1546/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1546/2024 08.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı QSC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 12 avqust 2020-ci il tarixdə 207/2020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcı müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malların alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 2.4-cü bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini alıcıdan tələb edir. 2.4.1-ci bəndinə əsasən alıcı malın bu Müqavilə ilə müəyyənləşdirilmiş qiymətini bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada Satıcıya tam və vaxtında ödəyir. 4.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1% həcmində satıcıya dəbbə pulu ödəyir. 10.1-ci bəndinə əsasən bu müqavilə tərəflərlə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətində qüvvədədir. Bu müddətin bitməsinə ən azı 30 gün qalmış tərəflərdən hər hansı biri digər tərəfə bu müqavilənin ləğv etmək niyyəti barədə yazılı şəkildə xəbərdar etmədikdə, bu müqavilə avtomatik surətdə eyni şərtlərlə hər dəfə 1 il müddətinə uzadılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. Elektron qaimə-fakturalardan, hesab-fakturalardan və qaimə fakturalardan görünür ki, 2023-cü ilin yanvar-may ayları üzrə 207/2020 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən ümumilikdə ƏDV daxil 9.350,32 manat dəyərində mallar (drel və s.) Cavabdeh MMC-yə təhvil verilmişdir.

3. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqalrı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən (207/2020 saylı alqı-satqı müqaviləsi üzrə) İddiaçı QSC-nin hesabına ümumilikdə 4.544 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

4. Sub-uçot hesabından digər sub-uçot hesaba xx.xx.2023-cü il tarixli köçürülmə əməliyyatları ilə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından 817,92 manat məbləğində (ƏDV) pul vəsaiti İddiaçı QSC hesabına ödənilmişdir.

5. xx.xx.2024-cü il tarixli üzləşdirmə aktına əsasən İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üçün aparılmış üzləşdirməyə əsasən xx.xx.2024-cü il tarixə Cavabdeh MMC-nin İddiaçı QSC-yə 3.989,20 manat (o cümlədən üzləşmədən əvvəlki dövrə 0,80 manat) borcu vardır. Akt İddiaçı QSC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 3.989,20 manat məbləğində əsas borcun və gecikməyə görə 957,40 manat dəyərində pulun, 69,47 manat məbləğində dövlət rüsumu, ümumilikdə 5.016,07 manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (satıcı) və Cavabdeh MMC (alıcı) şirkətləri arasında 12 avqust 2020-ci il tarixli, 233 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin 2.4.1-ci bəndinə əsasən Cavabdeh MMC malın müqavilədə göstərilmiş qiymətini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcıya tam və vaxtında ödəyir və 4.3-ci bəndinə əsasən müqavilə üzrə gecikdirilməsinə görə Cavabdeh MMC MMC gecikdirilən hər gün üçün ödənilməli məbləğin 0,1 % həcmində İddiaçı QSC-yə dəbbə pulu ödəyir. Müqavilə bağlandıqdan sonra mallar Cavabdeh MMC-yə vaxtında verilib və cavabdeh tərəfindən ödənişlər qısa müddətli gecikmələr olsa belə icra edilirdi. Son ödəniş 10 aprel 2023-cü il tarixdə 2730 manat olunub və bununla satılmış malların alış qiymətinin müəyyən bir qismi ödənilmiş, lakin qalan ödənişlərin və daha sonra edilən satışın ödənişi dəfələrlə edilən zənglərə və göndərilən pretenziya məktublarına baxmayaraq ödənilməmiş və bununla 3.989,20 manat və gecikməyə görə 957,40 manat məbləğində borc ödənilməyib.

9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, İddiaçı QSC (satıcı) və Cavabdeh MMC (alıcı) şirkətləri arasında 12 avqust 2020-ci il tarixli, 207/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin 2.4.1-ci bəndinə əsasən Cavabdeh MMC malın müqavilədə göstərilmiş qiymətini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcıya tam və vaxtında ödəyir və 4.3-cü bəndinə əsasən müqavilə üzrə gecikdirilməsinə görə Cavabdeh MMC gecikdirilən hər gün üçün ödənilməli məbləğin 0,1% həcmində İddiaçı QSC-yə dəbbə pulu ödəyir. Müqavilə bağlandıqdan sonra mallar Cavabdeh MMC-yə vaxtında verilib və cavabdeh tərəfindən ödənişlər qısa müddətli gecikmələr olsa belə, icra edilirdi. Lakin 2023-cü il tarixində cavabdehlə aparılan sonuncu iki qaimə-fakturalardakı əməliyyatlarda, yəni 659603 nömrəli və 111603 nömrəli elektron qaimə-fakturalarda qeyd olunan ödənişlər cavabdeh tərəfindən ödənilməmişdir. Bununla yanaşı, üzləşmə aktına əsasən cavabdehlə aparılan əvvəlki əməliyyatlar nəticəsində 0,80 manat məbləğində borc yaranmışdır. Nəticədə cavabdehin əsas borcu 3.989,20 manat (0,80+1888+2.100,40) təşkil edir. Müqavilənin 3.2-ci maddəsinə əsasən Mala görə ödəniş Alıcı tərəfindən təqdim edilmiş təhvil-təslim aktı və ya elektron qaiməyə əsasən 25 gün müddəti ərzində həyata keçirilməlidir. Satıcı tərəfindən Mallar son olaraq №101 xx.xx.2023-ci il tarixli Hesabfakturaya əsasən Alıcıya təhvil verilmişdir, lakin 25 gün müddətində, yəni xx.xx.2023-cü il tarixinədək ödəniş həyata keçirilməmişdir. Nəticədə 8 ay, yəni 2023- cü il iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2024-cü il yanvar aylarında (2024-cü il fevral, mart və aprel aylarınının faizi ödəniş gecikdirilməsinə baxmayaraq hesablanılmamışdır) hər gün üçün 0.1%, hər ay üçün 3% olmaqla (0.1% x 30 gün), ümumilikdə 3.989,20 manat məbləğində ödənilməsi gecikdirilmiş məbləğin 24% miqdarında (3% x 8 ay) cərimə müəyyən edilmişdir və 957,40 manat (3.989,20 manat x 24%) edir. Müqavilə üzrə cərimə məbləği hər hansı miqdarda faiz dərəcəsi ilə məhdudlaşdırılmamışdır.

b) İddiaya qarşı etirazın dəlilləri

10.İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh tərəfindən borcdan 2000 manat məbləğində ödəniş edilmişdir, odur ki, 1.989,20 manat məbləğində əsas borcun və dəbbə pulunun tutulmasını tələb edir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. AR MPM-in: - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

18. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında 12 avqust 2020-ci il tarixli 207/2020 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək cəmi ƏDV daxil 9.350,32 manat dəyərində müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimə-fakturalarla, eləcə də hesab-fakturalarla və qaimə fakturalarla təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərindən (817,92 manat ƏDV daxil) 5.361,92 manat ödəniş etmiş, yerdə qalan (3.988,40 manat) məbləği ödəməməklə, sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

20. İddiaçı hazırkı işə məhkəmədə baxıldığı dövrdə sözügedən borcdan 2000 manat məbləğində ödəniş edildiyini etiraf etdiyindən hazırda cavabdehin iddiaçıya əsas borcu 1.988,40 manat təşkil edir.

21. İddiaçının ödənilməsini tələb etdiyi 0,80 manat borca (əvvəlki əməliyyatlar üzrə) iddiaçı həmin borcun mövcudluğunu və yaranma əsaslarını təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia əsassızdır.

22. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 1.988,40 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində qismən təmin edilməli, Cavabdeh MMC-dən 1.988,40 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

23. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 957,40 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.

25. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir.

26. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 69 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

27. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 69,47 manat təşkil edir.

28. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1.988,40 manat məbləğində borc, 200 manat məbləğində dəbbə pulu, cəmi 2.188,4 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar