Məhkəmə qərarları › İş №e-2-2(113)-1546/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1546/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1546/2025 25.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, S145/22 saylı təchizat müqaviləsi əsasında 590,76 manat əsas, 1013,74 manat dəbbə pulu və 45 manat ödənilən dövlət rüsumu olmaqla, cəmi 1649,5 manat məbləğində pulun Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında S145/22 saylı təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaiməfakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 590,76 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə tərəflər arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu göndərilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Alıcı təchizat müqaviləsi üzrə ödəniş öhdəliklərini yerinə yetirməyərək həm müqavilənin, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan normalarını pozmuşdur. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 5-ci maddəsinin 1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, satıcı təhvil verilmiş bütün mallara görə peniya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, alıcı razılaşır ki, satıcı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən 590,76 manat cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Tərəflər arasında bağlanan təchizat müqaviləsinin 6.1-ci maddəsinə əsasən hazırkı müqavilənin icrasından yaranan tərəflər arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunur.

3. Daha sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq xx.xx.2022-cü il tarixli, S145/22 saylı təchizat müqaviləsi əsasında 77,55 manat əsas, 145,64 manat dəbbə pulu və 36 manat ödənilən dövlət rüsumu olmaqla, cəmi 259,19 manat məbləğində pulun cavabdeh tərəfindən “X10 Company” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında malların təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 77,55 manat malın dəyərini tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq “X10 Company” MMC-yə ödəməmişdir.

5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 567, 597.1, 598.3, 600.1-ci maddələrinə istinad olunmuşdur.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək qeyd etdi ki, cavabdeh tərəf məhkəmə prosesi gedişində müəyyən ödənişlər etdiyi və malların geri qaytarılmasını təmin etdiyi üçün azalmışdır. Hazırda 77,5 manat ödənilməmiş borc qalmışdır. Geri qaytarılan mallar 622 manat dəyərindədir. İddianın təmin olunmasını xahiş edir.

8. Cavabdeh məhkəmə iclasında izahat verərək qeyd etdi ki, tərəfindən 255 manat ödəniş edilmiş və borc tamamilə bitmişdir, digər xərcləri və cərimə məbləğini isə qəbul etmir. Ona görə də iddianın rədd olunmasını xahiş edir.

9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh arasında 2712.2022ci il tarixli, S145/22 saylı təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən təchizatçı alıcıya spirtli məhsulları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların təchizatı müqavilənin bütün müddəti ərzində müqaviləyə əlavələr və onun ayrılmaz hissəsi olan spesifikasiyalar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların təchizatçı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində təchizatçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və ya qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı realizasiya tarixindən etibarən hər 30 təqvim günündən bir, lakin istənilən halda növbəti hesabat tarixindən 20-dən gec olmayaraq, satılan/satılmamış malların qalıqları barədə məlumatı təchizatçıya təqdim etməyi öhdəsinə götürür, alıcı tərəfindən bu cür məlumatların təqdim edilməməsi, satılmayan mallar olduğu halda belə təchizatçı qarşısında mallar üçün tam ödəniş öhdəliyi yaradır. Bununla belə təchiz olunmuş mallara görə tam həcmdə ödəniş tələbinə əsasən alıcı təchizatçı tərəfindən təqdim edilmiş yazılı tələb alındığı andan 3 iş günündən gec olmayaraq ödəniş etməyə borcludur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu ödəyir. Cərimənin ödənilməsi alıcını müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir.

10. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 05/25 nömrəli dəqiqləşdirilmiş maliyyə arayışının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış S145/22 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 223,19 manat qalıq borcu vardır. Arayışda qeyd olunur ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onun “Şərab evi Vüqar” iaşə obyekti üzrə ödənilməmiş borcu mövcuddur. xx.xx.2025-ci il tarixinə kimi X1 yazılan qaimələr üzrə ümumi öhdəliyi, ödəmələr və qalıq borc üzrə məbləğ barəsində məlumat aşağıdakı kimidir: Yazılan qaimələrin məbləği 1432,77 manat; ödənilən məbləğ 735 manat, qaytarılan malların dəyəri 620,22; qalıq borc 77,55 manat, gecikən günlərin sayı 626 gün, gecikən günlərə görə dəbbə pulu ( hər gün 0,3%): 145,64 manat, cəmi qalıq borc (dəbbə pulu ilə birlikdə): 223,19 manat. Beləliklə, xx.xx.2025 tarixinə fiziki şəxs Cavabdeh “Şərab evi Vüqar” iaşə obyekti üzrə İddiaçı MMC-yə 223,19 manat qalıq borcu mövcuddur.

11. İddiaçı MMC tərəfindən tərtib edilmiş “müştəri sifarişi” adlı xx.xx.2022-ci il tarixli, 156 nömrəli sənədin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh sənəddə adıçəkilən və ümumi dəyəri 278,25 manat olan mallar təhvil verilmişdir.

12. İddiaçı MMC tərəfindən tərtib edilmiş “müştəri sifarişi” adlı xx.xx.2023-cü il tarixli, 1170 nömrəli sənədin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh sənəddə adıçəkilən və ümumi dəyəri 246 manat olan mallar təhvil verilmişdir.

13. İddiaçı MMC tərəfindən tərtib edilmiş “müştəri sifarişi” adlı xx.xx.2023-cü il tarixli, 1681 nömrəli sənədin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh sənəddə adıçəkilən və ümumi dəyəri 164,16 manat olan mallar təhvil verilmişdir.

14. İddiaçı MMC tərəfindən tərtib edilmiş “müştəri sifarişi” adlı xx.xx.2023-cü il tarixli, 2274 nömrəli sənədin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh sənəddə adıçəkilən və ümumi dəyəri 423,24 manat olan mallar təhvil verilmişdir.

15. xx.xx.2023-cü il tarixli, 0000-004043 nömrəli qaimə-fakturanın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən X4 qaimə-fakturada adıçəkilən və ümumi dəyəri 214,56 manat olan mal satılmışdır.

16. xx.xx.2023-cü il tarixli, 0000-004249 nömrəli qaimə-fakturanın məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən X4 qaimə-fakturada adıçəkilən və ümumi dəyəri 106,56 manat olan mal satılmışdır.

17. İddiaçı tərəfindən məhkəməyə satış üçün təqdim olunan malların geri qaytarılması aktları təqdim olunmuşdur.

18. İddiaçı tərəfindən məhkəməyə 5 elektron qaimə təqdim edilmişdir, həmçinin müəyyən olunur ki, həmin qaimələrdən başqa geri qaytarılan qaimələr də olmuşdur.

19. xx.xx.2023-cü il tarixli, 347270 nömrəli kassa mədaxil orderindən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 50 manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin əsası kimi EBCM seriyalı, 303900 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə göstərilmişdir.

20. xx.xx.2023-cü il tarixli, 347492 nömrəli kassa mədaxil orderindən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 30 manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin əsası kimi EBCM seriyalı, 303900 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə göstərilmişdir.

21. xx.xx.2023-cü il tarixli, 359875 nömrəli kassa mədaxil orderindən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 100 manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin əsası kimi EBCM seriyalı, 303900 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə göstərilmişdir.

22. xx.xx.2023-cü il tarixli, 393338 nömrəli kassa mədaxil orderindən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 200 manat məbləğində vəsait köçürülmüşdür. Ödənişin əsası kimi EBCM seriyalı, 303900 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə göstərilmişdir.

23. xx.xx.2023-cü il tarixli, 430517 nömrəli kassa mədaxil orderindən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 100 manat məbləğində vəsait köçürülmüşdür.

24. xx.xx.2025-ci il tarixli, 507619 nömrəli kassa mədaxil orderindən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə 255 manat məbləğində vəsait köçürülmüşdür.

25. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş pretenziya müqaviləsinin məzmunundan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, S145/22 saylı təchizat müqaviləsi əsasında yaranmış 590,76 (beş yüz doxsan manat yetmiş altı qəpik) manat əsas, 1013,74 (min on üç manat yetmiş dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1604,50 (min altı yüz dörd manat əlli qəpik) manat borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

28. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması, iddiaçı tərəfindən müqavilə ilə razılaşdırılmış malların cavabdehə təhvil verilməsi və cavabdeh tərəfindən ödənişlərin edilməsi, bəzi malların geri qaytarılması işin mübahisəsiz tərəfini təşkil edir. İşin mübahisəli tərəfi ondan ibarətdir ki, iddiaçı cavabdehin sonuncu haqq-hesabdan sonra 77,5 manat borcunun qaldığını iddia etmiş, cavabdeh isə borcun tamamilə ödənildiyini qeyd etmişdir.

29. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2022-cü il tarixli, S145/22 saylı təchizat müqaviləsi əsasında 77,5 manat manat məbləğində qalıq borcun tutulması təşkil edir.

30. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun qaldığını, belə olan halda isə iddiaçının qalıq məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, satılmış malların dəyərindən qalan 77,55 manat (yetmiş yeddi manat əlli beş qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, müəyyən olunur ki, cavabdehə ümumilikdə 1432,77 manat məbləğində mal təhvil verilmiş (yuxarıda qeyd olunan sifariş sənədləri və 2 ədəd qaimə-faktura üzrə ümumi məbləğ (278,25+246+164,16+423,24+214,56+106,56=1432,77)), həmin məbləğin 735 manatı cavabdeh tərəfindən ödənilmiş (kassa mədaxil orderləri üzrə ümumi məbləğ və daha artıq ödənişin edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır), 620,22 manat dəyərində mallar qaytarılmış (müvafiq sənədlər təqdim edilmiş və cavabdeh tərəfindən daha artıq məbləğdə malların qaytarılmasını təsdiq edən sübutlar təqdim edilməmişdir) və ödənilməyən qalıq məbləğ 77,55 manat (1432,77-735-620,22=77,55) təşkil etmişdir.

31. İddia tələbinin digər hissəsini xx.xx.2022-cü il tarixli müqavilə üzrə hesablanmış 145,64 manat dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.

32. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür.

33. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

34. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq 30 (otuz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun tutulmasına dair iddia qalan hissədə təmin edilməməlidir.

35. Eləcə də, iddiaçı 36 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

36. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 2,42 manat (iki manat qırx iki qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 77,55 manat (yetmiş yeddi manat əlli beş qəpik) borc, 30 (otuz) manat dəbbə pulu, ödənilmiş dövlət rüsumuna görə 2,42 manat (iki manat qırx iki qəpik) manat olmaqla, ümumilikdə 109,97 manat (yüz doqquz manat doxsan yeddi qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar