Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-155/2020 11.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, x3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı əsas borc, cərimə, əldən çıxmış faydanın ödənilməsi, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 iyun 2019-cu il tarixli qaimədə göstərilən mallara görə 4175,81 manat, 11 aprel 2019-cu il tarixli müqaviləyə əsasən hesablanmış 33,40 manat məbləğində cərimənin, vəsaitdən faydalanmağa görə hesablanmış 73,20 manat məbləğində pulun, vəkilə ödənilmiş 110 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş vəsatinin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh arasında bağlanmış 11 aprel 2019-cu il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” müqaviləyə əsasən MMC alkoqollu içkiləri Cavabdeh satmağı, sonuncu isə malları təhvil alaraq, dəyərini razılaşdırılmış qaydada və müddətdə, lakin alındığı vaxtdan 30 gündən gec olmayaraq tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən Cavabdeh 13 iyun 2019-cu il tarixdə iddiaçıya məxsus alkoqollu içkiləri almış, elektron qaimə tərtib olunmuş və qaiməyə uyğun olaraq mallar sonuncuya təhvil verilmişdir. Lakin dəfələrlə xəbərdarlıq olunmasına, pretenziya məktubu göndərilməsinə baxmayaraq 4175,81 manat məbləğində pul vəsaiti hal – hazıra kimi iddiaçıya ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə ödənişlərin lazımi qaydada aparılmadığı təqdirdə hər gecikdirilən gün üçün məbləğin 0,01 faizi həcmində cərimənin ödənilməsi nəzərdə tutulduğundan 13 iyul 2019-cu il tarixdən 01 oktyabr 2019-cu il tarixə kimi 80 gün üçün 33,4 manat cərimə hesablanmışdır. Bundan başqa, cavabdeh pul vəsaitini qanunsuz saxladığına görə iddiaçını əldə etməli olduğu gəlirdən faydalanmaq imkanından məhrum etmişdir. Mərkəzi Bankın uçot dərəcəsi əsas götürülməklə 73.2 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.. Mülki iş materiallarında olan: - 11 aprel 2019-cu il tarixli NS01/02442019 №-li alqı – satqı müqaviləsindən görünür ki, İddiaçı MMC alkoqollu içkiləri Cavabdeh satmağı, sonuncu isə malları təhvil alaraq, dəyərini razılaşdırılmış qaydada və müddətdə, lakin alındığı vaxtdan 30 gündən gec olmayaraq tam olaraq ödəməyi öhdəsinə götürmüşdür; - 13 iyun 2019-cu il tarixli elektron qaimənin surətindən görünür ki, 4175,81 manat məbləğində alkoqllu içkilər Cavabdeh təhvil verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında bağlanmış 11 aprel 2019-cu il tarixli müqavilədə malların dəyərinin alındığı vaxtdan 30 gündən gec olmayaraq ödənilməsi nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Elektron qaiməyə əsasən 4175,81 manat məbləğində alkoqllu içkilər 13 iyun 2019-cu il tarixdə cavavbdehə təhvil verildiyindən malların dəyəri 30 gün ərzində ödənilmədiyinə görə iddianın həmin hissədə təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddia cərimənin ödənilməsi hissəsində də təmin olunmalıdır. İddiaçı əldən çıxmış fayda qismində 73,20 manat məbləğində pul vəsaitinin tutulmalı olmasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 108 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əsas borc, cərimə, əldən çıxmış faydanın ödənilməsi, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulması barədə iddiası qismən təmin edilsin. 4175 (dörd min yüz yetmiş beş) manat 81 (səksən bir) qəpik məbləğində əsas borc, 33 (otuz üç) manat 40 (qırx) qəpik məbləğində cərimə olmaqla ümumilikdə 4209 (dörd min iki yüz doqquz) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 108 (yüz səkkiz) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 (iyirmi doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-155/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-155/2020
11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver