Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1551/2024 10.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh qanuni nümayəndəsi X2, Cavabdeh nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 304.820,32 manat həcmində əsas borc, 9.662,7 manat həcmində qanunvericiliklə nəzərdə tutulmuş faiz borcları, 217.946,3 manat (iki yüz on yeddi min doqquz yüz qırx altı manat otuz qəpik) (126.500,3 manat+ 91446 AZN= 217946,3) müqavilə üzrə cərimələr olmaqla, ümumilikdə, 522.766,62 manat həcmində pul məbləğinin və 812,7 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti ilə İddiaçı arasında 20 dekabr 2021-ci il tarixdə FK-201221/01 saylı Alqı-Satqı Müqaviləsi imzalanmışdır. Alıcı Müqavilənin şərtlərini birtərəfli qaydada pozmuş, üzərinə götürmüş olduğu öhdəliklərin icrasından yayınmışdır. Alıcının Satıcya, ümumilikdə,ƏDV daxil, 304.820,32 manat (üç yüz dörd min səkkiz yüz iyirmi manat otuz iki qəpik) (14 saylı razılaşma protokolu əsasında 300.007,26 manat, 18 saylı protokol əsasında 4813,06 manat) borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı qaydada borc məbləğini ödəmələrini xahiş edilsə də, nəticə dəyişməmiş, öhdəlik yerinə yetirilməmişdir. Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdeh ödəməli olduğu 304 820,32 manat (üç yüz dörd min səkkiz yüz iyirmi manat otuz iki qəpik) məbləğində borcu artıq 3 (üç) aya yaxındır ki, ödəmədiyindən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 304.820,32 x ((5/12) x 3) / 100= 3810,2 manat məbləğində faiz borcu da ödənilməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən xx.xx.2023-cü il tarixdən illik bank uçot faiz dərəcəsi 7,75 % olaraq müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 304.820,32 manat məbləğində pul vəsaitini qanunsuz olaraq saxlamaqdadır. Ona görə də hesab edirlər ki, 7.75%/12 =0.64% aylıq olmaqla, xx.xx.2023cü ildən başlayaraq 304820,32 manat (üç yüz dörd min səkkiz yüz iyirmi manat otuz iki qəpik) məbləğində olan borc artıq 3 (üç) aya yaxındır ki, ödənməmiştir. Beləliklə, 3 aylıq gecikmə müddətini nəzərə alaraq hesablanan gecikmə faizlərinin miqdarı 0.64%x 3=1,92% olacaqdır. 304820,32 x 1,92% / 100 = 5852,5 AZN (beş min səkkiz yüz əlli iki manat əlli qəpik) faiz borcu da əsas borc məbləğinin üzərinə gəlinərək iddiaçıya ödənilməlidir. Müqavilənin 8.2-ci bəndinə əsasən, gecikdirilmiş hər gün (cəmi 83 gün) üçün razılaşdırılmış cərimə faizi, ümumilikdə, 126.500,3 manat (bir yüz iyirmi altı min beş manat otuz qəpik) (304820,32/100 x 0,5=1524,1; 1524,1 x 83 = 126500,3 AZN) təşkil edir. Müqavilənin 8.3-cü bəndinə əsasən, 2 təqvim ayından çox gecikdirildiyi üçün cavabdeh borc məbləğinin 30 %-i həcmində cərimə ödəməlidir ki, bu da 91.446 manat (doxsan bir min dörd yüz qırx altı manat) təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4, nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsi X5, nümayəndəsi Nümayəndə2 və nümayəndəsi və vəkili Nümayəndə1 iddiaya etiraz edərək iddianın 300.000 manat hissəsində rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti arasında 20 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
9. Müqavilənin 1.1-ci bəndinə görə müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində (01 saylı razılaşdırma protokolu) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları istifadə məqsədləri üçün yararlı halda alıcıya təmin etməyi, alıcı isə həmin malları təhvil alıb dəyərini müqavilədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.
10. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
11. İlk növbədə qeyd edilməlidir ki, hazıkı mübahisə üzrə iddiaçı tərəfin cavabdehdən tələb etdiyi əsas borcun 300.007,26 manat hissəsi xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu, eyni tarixli təhvil-təslim aktı, eyni tarixli hesab faktura və xx.xx.2023-cü il tarixli EBDS 856146 saylı elektron qaimədə qeyd edilən 10 adda olan malların verilməsi ilə, 4.813,06 manat hissəsi isə xx.xx.2024-cü il tarixli hesab fakturada qeyd edilən 2 adda malın verilməsi ilə bağlıdır.
12. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
13. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
14. Məhkəmə iclasında cavabdeh tərəf xx.xx.2024-cü il tarixli hesab fakturada qeyd edilən 2 adda malın ona verilməsi halını təsdiq etmiş və 4.813,06 manat məbləğində borcunun olduğunu qəbul etmişdir.
15. Ona görə də, məhkəmə, iddianın 4.813,06 manat məbləğində hissəsi ilə bağlı sonrakı araşdırmaya lüzum görmür.
16. Bundan sonra Məhkəmə hesab edir ki, iddianın xx.xx.2023-cü il tarixli hesab fakturada qeyd edilən 300.007,26 manat məbləğində pulun tələb edilməsi hissəsinə qiymət verilməlidir.
17. İddiaçı tərəf xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolu, eyni tarixli təhviltəslim aktı imzalanaraq möhürlə təsdiq edildiyini, xx.xx.2023-cü il tarixli EBDS 856146 saylı elektron qaimə göndərildiyini bildirərək, qeyd edilən 10 adda olan malların cavabdehə verildiyini və verilmiş malların dəyərinin ödənilmədiyini bildirdi.
18. Məhkəmənin iclaslarında iştirak edən cavabdeh tərəf iddiaya etiraz edərək xx.xx.2023-cü il tarixli, EBDS seriyalı, 856146 saylı elektron qaimənin tamamilə əsassız olduğunu, tərəflər arasında həmin elektron qaimə əsasında malların alqı-satqısına dair heç bir razılaşmanın həyata keçirilmədiyini, satıcı tərəfindən alıcıya heç bir malın təqdim olunmadığını, satıcı tərəf alıcı tərəf ilə aralarında olan tanışlıq, dostluq və işgüzar münasibətlərə güvənərək, 2023-cü ilin noyabr ayında sahibkarlıq fəaliyyəti üzrə aparılan vergi yoxlaması ilə əlaqədar, xərclərindən azad olmaq və əlavə mənfəət vergisi ödəməmək üçün, mənfəət vergisindən azad olmaq üçün, belə bir elektron-qaimə tərtib edərək alıcıya göndərdiyini və həmin elekton-qaimənin alıcı tərəfindən təsdiq edilməsini xahiş edərək, sonradan ləğvə göndəriləcəyinə söz verdiyini, elektron qaimənin alıcı tərəfindən təsdiqlənmədiyini, “sistem tərəfindən təsdiqlənmiş” statusunda olduğunu, sonradan həmin elektron-qaiməni ləğv edilmədiyini, təhvil-təslim aktındakı imzanın direktor tərəfindən icra edilmədiyini, M.Orxan adlı şəxs rəhbərliyin etibarından sui-istifadə edərək xx.xx.2024-cü il tarixində əvvəlcədən rəhbərliyin otağında elektron qaiməyə aid sənədləri direktorun imzasına oxşayan imza ilə imzalayaraq möhürlədiyini və skan edərək iddiaçı şirkətin mühasibatlıq işçisi kimi tanınan Nərgiz adlı əməkdaşa göndərdiyini bildirmiş, Nərgiz adlı işçi tərəfindən qaimənin maksimum bir ay sonra ləğvə göndəriləcəyi ilə bağlı səs və vatsap yazışmalarının olduğunu bildirərək elektron qaimə-faktura uydurma olduğu üçün iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.
19. İş materiallarına əlavə olunmuş Cavabdeh direktoru Əliyev Rəfail ilə “Nərgiz Buxalter” adlı şəxs ilə “whatsapp” yazışmalarından olan çıxarışlardan (18 dekabr tarixli yazışma, şəkil 12) görünür ki, “qaiməni Anar müəllimlə Sarvan bəy danışıb, ancaq çox az müddətə ləğvə göndəriləcək, proses hələ yekunlaşmayıb, arxayın olun”, “maksimum 1 aydan sonra ləğv olunacaq” məzmunda cümlələr qeyd olunmuşdur.
20. Məhkəmə iclasında iddiaçı tərəfin Nərgiz adlı şəxsin kim olması soruşulmuş, iddiaçı tərəf də, həm o zamanda, həm də, hal-hazırda İddiaçı MMC-nin mühasibi olduğunu bildirmişdir.
21. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş elektron daşıyıca olan səs yazısı dinlənilmiş və qeyd edilən səs yazısında da, Nərgiz adlı şəxs Cavabdeh MMC direktoru Əliyev Rəfailə “qaiməni göndərəkmi, göndərməyəkmi”, “bizə hə, yox deyin, biz də, işimizi bilək xahiş edirəm, yığıram açmırsız”, “Sarvan bəylə Anar bəy indi danışdırlar dedilər ki, vurun qaiməni”, məzmununlu səslər göndərmişdir. (Şəkil 9)
22. Həmçinin təqdim edilən səs yazısında Cavabdeh MMC direktoru X8 adlı şəxsə “bizdə 3 gündən sonra 300.000-nin 1 ayı tamam olur, onu danışıb ləğv edərdik” məzmunlu səs yazısı göndərmişdir. (şəkil 10)
23. Qeyd edilən səs yazısına cavab olaraq, X3 Rəfailə “mən məzuniyyətdəyəm, sabaha məlumatlandıram, Rəhim müəllimə deyər o işlə məşğul olar, narahat olmayın” “deyərəm ki, ay tamam olur” məzmunlu səs yazısı göndərmişdir. (şəkil 10)
24. Məhkəmə qeyd edir ki, səs yazıları və “whatsapp” üzərindən aparılan yazıların məzmununa nəzər yetirildikdə görünür ki, İddiaçı MMC-nin mühasibi Haqverdiyeva Nərgiz Cavabdeh MMC direktoru Əliyev Rəfailə 300.007,26 manat məbləğində malların verilməsi ilə bağlı sənədlərin imzalanması, möhürlənməsi və elektron qaimənin qəbulunu xahiş etmiş və qaimənin də, 1 aydan sonra ləğv ediləcəyini bildirmişdir, Cavabdeh MMC direktoru Əliyev Rəfail oğlu isə ilk öncə bunlara razılıq verməmiş, sonradan isə, 1 ay ərzində ləğv olunacağı təqdirdə razı olmuşdur.
25. Bundan başqa da, Cavabdeh MMC direktoru Əliyev Rəfail oğlu İddiaçı MMC-nin mühasibi Haqverdiyeva Nərgizə bir neçə dəfə qaimənin ləğv edilməsi tələb edilmiş, ancaq Haqverdiyeva Nərgiz məlumat verdiyi və prosesin getdiyini bildirmişdir.
26. Məhkəmə iclasında şahid qismində dindirilən Nərgiz Haqverdiyeva səslərin ona məxsus olduğunu, yazıların onun yazdığını qəbul etmiş və rəhbərlər arasında danışıq olduğunu bildirmişdir.
27. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin rəhbəri olan X6 məhkəməyə izahatında Cavabdeh MMC-nin hazırkı iddiaya aidiyyətinin olmadığını bildirmişdir.
28. Cavabdeh tərəf izahatlarına əlavələrində 300.000 manat dəyərində malın "xxxx" MMC-nin rəhbəri olan X6 tərəfindən sifariş verildiyini, onlar arasında ödənilməmiş borc öhdəliklərinin olduğunu bildirmiş və qeyd edilən dəyərdə malların Cavabdeh MMC-yə verilmədiyini bildirmişdir.
29. Məhkəmə bu xüsusda təqdim edilən “whatsapp” üzərindən olan yazışma və səs yazılarının sübut kimi, qəbul edilməsinin mümkünlüyünə qiymət verilməsini zəruri hesab edir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.
31. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
32. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına əsasən qeyd edir ki, iş materiallarına əlavə olunmuş whatsapp yazışmalarından çıxarışlardan da göründüyü kimi, yazışmalar tərəflərin hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən ibarətdir.
33. Ona görə də, qeyd edilən yazı və səs yazıları sübut kimi qəbul edilə bilər.
34. Qeyd edilən sübutları tətqiq edərək, Məhkəmə o nəticəyə gəlir ki, tərəflər arasında formal olaraq malların təhvil-təslimi barədə sənədlər imzalanmış, təhvil-təslim aktı və elektron qaimədə göstərilən 300.007,26 manat məbləğində mallar cavabdehə təhvil verilməmişdir.
35. Belə olan halda, məhkəmə hesab edir ki, iddia 300.007,26 manat məbləğində pulun tələb edilməsi hissəsində əsassızdır.
36. Məhkəmə alqı-satqı müqaviləsi üzrə 217.946,3 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
37. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
38. Məhkəmə hesab edir ki, 4.813,06 manat əsas borca münasibətdə 240 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
39. Məhkəmə əsas borca illik 5 faiz hesablanmaqla 3.810,2 manat məbləğində pulun hesablanması ilə bağlı aşağıdakıları qeyd edir.
40. İşdən də göründüyü kimi, 4,813,06 manat məbləğində malın təqdim edilməsi ilə bağlı 18 nömrəli razılaşma protokolu və hesab-faktura xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə təxmini 30 gün sonra, xx.xx.2024-ci il tarixində müraciət etmişdir.
41. Beləliklə, məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün əsas borca illik 5 % hesablanmaqla 19,77 (4.813,06x5/100=240,653 (1 il üçün); 240,653/365=0,659323 (1 gün üçün); 0,659323X30=19,77 (30 gün üçün) ) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
42. Məhkəmə iddianın Mərkəzi Bankının uçot dərəcəsinə görə 5.852,5 manat faiz məbləğinin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
43. AR Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.
45. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.
46. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilməmişdir.
47. Məhkəmə, dövlət rüsumunun əvəzi olaraq 812,7 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
48. İşdə olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, dövlət rüsumunun əvəzi olaraq 812,70 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
49. Lakin məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 68,32 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
50. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
51. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 4.813 (dörd min səkkiz yüz on üç) manat, 06 (altı) qəpik, 240 (iki yüz qırx) manat, cəmi 5.053 (beş min əlli üç) manat, 06 (altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 19 (on doqquz) manat, 77 (yetmiş yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 68 (altmış səkkiz) manat, 32 (otuz iki) məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov