Məhkəmə qərarları › İş №e-2-2(113)-1554/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1554/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1554/2020 16.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 464 manat 14 qəpik abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu olmaqla, cəmi 484 manat 14 qəpik vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ilə bağladığı abunə müqavilələri üzrə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə iddiaçıya 464 manat 14 qəpik məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan abunə müqavilələrindən görünür ki, Cavabdeh MMC İddiaçı MMC-dən siyahıda olan 8 ədəd telefon nömrəsini almış və müqavilə üzrə hər iki tərəf üzərlərinə öhdəliklər götürmüşdür. İş materiallarında olan cari hesab arayışlarından görünür ki, cavabdehin abunə və xidmət haqqı üzrə ödənilməmiş faktura borcları 464 manat 14 qəpik təşkil edir. İş materiallarından görünür ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixdə Cavabdeh MMCyə pretenziya qaydasında bildiriş göndərərək, tərəflər arasında bağlanmış abunə müqavilələrinə əsasən istifadə etdiyi xidmətlərə görə nəzərdə tutulmuş ödənişləri həyata keçirmədiyi və nəticədə İddiaçınə 464 manat 14 qəpik məbləğində borcunun yaranması barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materialları və işin faktiki hallarından görünür ki, abunə müqavilələri ilə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı tərəfindən öhdəliklər icra edilmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Eyni zamanda ərizəyə əlavə olunmuş sənədlərlə iddiaçının tələbinin aşkar olması, yəni tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı abunə və xidmət haqqı üzrə borcun cavabdehdən tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətdən 464 manat 14 qəpik abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu olmaqla, cəmi 484 manat 14 qəpik məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 464 manat 14 qəpik abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu olmaqla, cəmi 484 manat 14 qəpik məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar