Məhkəmə qərarları › İş №e-2-2(113)-1554/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1554/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1554/2025 19.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (xidmət müqaviləsi, elektron qaimə, təhvil-təslim aktı) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2022-ci il tarixli, 145/22 nömrəli xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli 145/22 saylı müqavilə üzrə 1850 manat əsas və 333 manat ƏDV, ümumilikdə 2183 manat məbləğində borcun, 436 manat məbləğində cərimənin (dəbbə pulu), gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 51.76 manat pulun və 47 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 145/22 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı İddiaçı sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində icraçıya bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Lakin iddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətlər göstərsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1850 manat əsas+333 manat ƏDV, ümumilikdə 2183 manat məbləğində borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş təhvil-təslim aktları ilə təsdiq edilir. Bu əsasla iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində borc məbləğini tələb etməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq bildirir ki, xx.xx.2022-ci il itarixli 145/22 saylı müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikən gün üçün ümumi borcun 1% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 3778.36 manat cərimə məbləği təşkil etsə də, tərəflərindən güzəşt faizi tətbiq edilərək əsas məbləğin=20 %-i həcmində, yəni cəmi 436 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırki mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir.

İİ. Tərəflərin mövqeləri:

4. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 145/22 nömrəli evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən daşıyıcı xidmət haqqı müqabilində sifarişçinin sərəncamında olan nəqliyyat vasitələrini və digər yükləri sifarişçidən və ya sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü evakuator tipli nəaliyyatı vasitəsi ilə daşımağı və sifarişçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı öhdəsinə götürür, Sifarişçi isə bunun müqabilində daşıyıcıya xidmət haqqını bu Müqavilə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə, uyğun olaraq ödəməyi öhdəsinə götürür. 5.2. Müqavilə üzrə yükün təhvil alınması və Sifarişçiyə və ya onun səlahiyyətləndirdiyi şəxsə təhvil verilməsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada iki nüsxə üzrə tərtib edilmiş və tərəflərin səlahiyyətləndirdikləri şəxslər tərəfindən imzalanmış qaimə ilə rəsmiləşdirilir. Əksi sübut edilənədək qaimə aşağıdakıları təsdiq edir: 5.2.1 yük göndərən ilə daşıyıcı arasında müqavilə 5.2.2 daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması və yük alan tərəfindən yükün qəbul edilməsi 5.2.3 Müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeydşərtlər 5.2.4 Yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüquq 5.2.5 daşıyıcının yükə girov hüququ 5.3 Sifarişçi xidmət haqqını daşıyıcı tərəfindən təqdim edilmiş hesab-faktura və ya elektron qaimə əsasında avans şəklində öncədən ödəyir və xidmət təhvil verildikdən sonra təhvil-təslim aktı rəsmiləşdirilir. 5.4 Sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, xidmətin icra olunduğu gündən etibarən hər gecikən gün üçün ümumi dəyəri 1% miqdarında dəbbə pulu hesablanacaq.

8. İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 080014 nömrəli akta əsasən İddiaçı MMC tərəfindən sonuncuya 1400 manat əsas və 252 manat ƏDV olmaqla, ümumilikdə 1652 manat dəyərində xidmət göstərilmişdir.

9. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında 080735 nömrəli akta əsasən Evakuator.AZ” MMC tərəfindən sonuncuya 450 manat əsas və 81 manat ƏDV olmaqla, ümumilikdə 531 manat dəyərində xidmət göstərilmişdir.

10. xx.xx.2024-cü il tarixli, 10177171 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil olmaqla 1652 manat dəyərində xidmət göstərilmişdir.

11. xx.xx.2024-cü il tarixli, 11013379 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil olmaqla 531 manat dəyərində xidmət göstərilmişdir.

12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlaraq xx.xx.2022-ci il tarixli 145/22 nömrəli müqavilə üzrə Cavabdeh MMC tərəfindən ödənilməmiş 1850 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 145/2022 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

15. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 01 dekabr 2022-ci il tarixli, 145/22 saylı “evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış, İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək Cavabdehə müqavilə xidmətlərinin göstərilməsi vəzifəsini həyata keçirmiş, lakin cavabdeh öz vəzifəsini icra etməyərək, göstərilmiş xidmətlərin dəyərini ödəməmişdir. Belə ki, tərəflər arasında xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində bağlanmış xidmətlərin təhvil verilməsi barədə 080014 və 080735 nömrəli aktlara əsasən iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1850 manat əsas borc, 333 manat ƏDV olmaqla, ümumilikdə 2183 manat təşkil etmişdir. 16.Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 2183 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

17. İddiaçı həmçinin 51.76 manat faiz borcunun və 436 manat məbləğində cərimənin (dəbbə pulu) tutulması tələbi ilə çıxış edir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 24 dekabr 2014-cu il tarixli Qərarında qeyd edilir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, MM-in 445-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün əsas var.

19. Məhkəmə hazırki iş üzrə cavabdeh tərəfindən üzərinə düşən öhdəliyin lazımınca icra edilmədiyini və xidmət müqaviləsi üzrə borc məbləğinin ödənilməsini gecikdirildiyini nəzərə alaraq 51.76 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə iddianı əsaslı hesab edir.

20. Eyni zamanda AR MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.

21. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 110 manat məbləğində dəbbə pulu tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.

22. Cavabdehdən 47 manat məbləğində dövlət rüsumunun tutulması ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə hesab edir ki, ödənilmiş 47 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. V. Nəticə:

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 145/22 saylı müqavilə üzrə 1850 manat əsas borc, 333 manat ƏDV borcu olmaqla cəmi 2183 manat borc, 110 manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 51.76 manat faiz məbləği olmaqla, cəmi 2344.76 (iki min üç yüz qırx dörd manat yetmiş altı qəpik) və 47 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar