Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1555/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçınin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xarici şəxs, məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq edilən hüquq, alqısatqı müqaviləsi, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçınin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 10 iyun 2023cü il tarixli müqaviləyə əsasən 5811 ABŞ dolları məbləğində əsas borc, 174 ABŞ dolları cərimə olmaqla ümumilikdə 5985 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) və ödənilmiş 134 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış D/AZ 50 nömrəli 10 iyun 2023-ci il tarixli müqaviləyə əsasən 85822 saylı spesifikasiyadakı göstərilən mallardan 15624 dollar dəyərində mallar cavabdehə göndərilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh 15 avqust 2023-cü il tarixdən 01 oktyabr 2023-cü il tarixədək 7611 ABŞ dolları qalıq borcunu ödəməli idi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 7611 ABŞ dolları borcunu ödəməmişdir. Cavabdehə pretenziya və iddia ərizəsi elektron qaydada göndərilmişdir və bu barədə məlumat verilmiş, 3 gün ərzində borcun ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. Lakin cavabdeh tərəfindən ödənişlər icra edilməmişdir. Son dəfə cavabdeh xx.xx.2024-cü il tarixdə 500 ABŞ dollar ödəmişdir. Yalnız iddia ərizəsi verilənə qədər və məhkəmə dövründə cavabdeh tərəfindən borcundan əlavə olaraq 2300 ABŞ dolları ödənilmiş, hal-hazırda cavabdehin iddiaçıya əsas borcdan 5811 ABŞ dolları borcu qalmışdır. Tərəflər arasında yaranmış borcla bağlı üzləşdirmə aktı imzalanmışdır. Həmin üzləşdirmə aktında cavabdehin onun iddiaçıya 7611 ABŞ dolları borclu olduğu bir daha öz təsdiqini tapır. Müqaviləni 4.1-ci bəndinə əsasən alınmış mallara görə vaxtında ödənişlər etmədikdə hər gecikdirilmiş gün üçün 0,2 % cərimə ödənilməsi nəzərdə tutulmuşdur. 2.2. Müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilənin məhkəmə mübahisələndirilməsinə dair öz aralarında MPM-in 28, 31, 32, 34, 35, 40-cı maddələrinə əsasən qarşılıqlı razılaşaraq məhkəmə aidiyyətinin Bakı Kommersiya Məhkəməsinin seçilməsi müəyyənləşdirilir, razılaşdırılır və qəbul edilir. Hazırkı müqavilənin bu bəndinə əsasən müəyyənləşdirilmiş və qəbul edilmiş müqavilə və ərazi aidiyyət qaydalarının sonradan dəyişdirilməsinə, mübahisələndirilməsinə yol verilməyəcəyinə dair tərəflər öz üzərinə öhdəlik götürürlər.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 600-cü və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Cavabdeh məhkəmənin baxış iclasında iştirak edərək, borc məbləğinə etiraz etmədiyini, 5 ay müddətinə ödənişləri icra edəcəyini bildirdi.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
8. Məhkəmə əvvəla hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
9. Mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur.
10. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
11. Ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəməni işə baxmağa səlahiyyətli etmişdir.
12. Xüsusi norma kimi isə Mülki Prosessual Məcəllənin 443-450-ci maddələri çıxış edir. Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Proqasiya sazişi adlanan bu razılıq ayrıca saziş şəklində və ya ümumi müqavilənin bir bəndi kimi tərtib edilə bilər.
13. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4 - 2.5-ci və 2.8-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... . Nəzərə alınmalıdır ki, MPM-in 450-ci maddəsində müəyyən edilmiş qaydada xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikasının məhkəməsi beynəlxalq səlahiyyətə malik olmasa belə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin belə səlahiyyətə malik olmasını müəyyən edə (proroqasiya sazişi) və ya konkret mübahisə üzrə xarici dövlətin məhkəməsinin (deroqasiya sazişi) beynəlxalq səlahiyyətli olması barədə razılığa gələ bilərlər (müqavilə aidiyyəti).
14. Hər iki tərəfin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 10 iyun 2023-cü il tarixli 50 nömrəli müqavilənin 5.2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-cı maddəsinin 2-ci bəndinə əsasən satış müqaviləsinin məhkəmə mübahisələndirilməsinə dair öz aralarında Azərbaycan Respublikası MPM-in 28, 31, 32, 35, 40-cı maddələrinə əsasən (saziş) qarşılıqlı razılaşaraq məhkəmə aidiyyətinin mülki qaydada – ümumi məhkəmələrdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi və ya kommersiya mübahisələri üzrə Bakı Kommersiya Məhkəməsinin seçilməsi müəyyənləşdirilir, razılaşdırılır və qəbul edilir. Hazırkı müqavilənin bu bəndinə əsasən müəyyənləşdirilmiş və qəbul edilmiş müqavilə aidiyyət qaydalarının sonradan dəyişdirilməsinə, mübahisələndirilməsinə yol yerilməyəcəyinə dair tərəflər öz üzərinə öhdəlik götürürlər.
15. Göründüyü kimi, tərəflər aralarında bağlanmış saziş ilə müqavilədən irəli gələn mübahisənin həllində Bakı Kommersiya Məhkəməsinin beynəlxalq səlahiyyətini – yurisdiksiyasını tanımışlar.
16. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında 10 iyun 2023-cü il tarixli 50 nömrəli müqavilədən irəli gələn hazırkı mübahisəyə baxmaqda prosessual baxımdan səlahiyyətlidir.
17. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir (1.2.). Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir (1.3).
18. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.9-cu bəndinə əsasən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.
19. Göründüyü kimi, xarici şəxslərin iştirakı ilə olan mübahisələrin düzgün həlli üçün hansı ölkənin hüquq normalarının tətbiqi məsələsi tərəflərin aydın ifadə edilən və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından irəli gələn razılığı əsasında müəyyənləşdirilməlidir.
20. Məhkəmə hesab edir ki, iddia ərizəsində Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarına istinad olunmuş, cavabdeh iddianın hüquqi əsasını mübahisələndirməmiş, mübahisəyə tətbiq ediləcək hüquq normaları ilə bağlı hər hansı etiraz irəli sürməmişdir. Həmçinin tərəflər arasında bağlanmış 10 iyun 2023-cü il tarixli 50 nömrəli müqavilənin 6.1-ci bəndi ilə də fors-major halların dairəsinin məhz Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən ediləcəyi razılaşdırılmışdır.
21. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
b) Alqı-satqı müqaviləsi üzrə əsas borc və dəbbə pulunun tutulması tələbi ilə bağlı
22. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
23. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
24. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 10 iyun 2023-cü il tarixli 50 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilə ilə razılaşdırılmış malları cavabdehə satmağı, cavabdeh isə həmin malı qəbul edib razılaşdırılmış qaydada malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında xx.xx.2024-cü il tarixli D/AZ- 15/10 nömrəli üzləşdirmə aktı tərtib edilərək borc məbləği 7611 ABŞ dolları olaraq təsdiq edilmişdir.
25. İddiaçı 10 iyun 2023-cü il tarixli 50 nömrəli müqavilə üzrə ödənilməmiş 5811 ABŞ dolları məbləğində pulun və 174 ABŞ dolları məbləğində cərimənin tutulmasını tələb edir.
26. Cavabdeh borc məbləğini qəbul edir, 5 ay ərzində ödəniləcəyini bildirir.
27. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
28. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
30. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.
31. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
32. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
33. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
34. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
35. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
36. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
39. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
40. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 10 iyun 2023-cü il tarixli 50 nömrəli alqı-satqı müqaviləsi üzrə 5811 ABŞ dolları əsas borc Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
41. Məhkəmə tələbin cərimənin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
42. 10 iyun 2023-cü il tarixli 50 nömrəli müqavilənin 4.1-ci bəndinə əsasən, əgər alıcı müqavilədə qeyd edilmiş ödənişləri tam həyata keçirməzsə, ötürülmüş hər gün üçün borc məbləğinin 2 %-i həcmində cərimə ödəyir.
43. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
44. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
45. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
46. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 174 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
47. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində təmin edilməli, 174 ABŞ dolları məbləğində cərimə Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
c) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı
48. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.
49. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, 10 iyun 2023-cü il tarixli 50 nömrəli alqı-satqı müqaviləsi üzrə əsas borc və dəbbə pulu məbləği qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.
d) Məhkəmə xərcləri ilə bağlı
50. İddiaçı 134 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir.
51. Məhkəmə mədaxil qəbzinə əsasən müəyyən edir ki, iddiaçı tərəfindən **********43 nömrəli mədaxil qəbzi əsasında 130 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
52. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Beləliklə, məhkəmə iddia tələbinin həcminin məhkəmə icraatı gedişində ödəniş edildiyindən azaldıldığını, qalan hissədə iddianın əsaslı olduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2023-cü il tarixli müqavilə üzrə 5811 ABŞ dolları əsas borc, 174 ABŞ dolları cərimə məbləği olmaqla ümumilikdə 5985 ABŞ dolları məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 130 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova