Məhkəmə qərarları › İş №e-2-2(113)-1556/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1556/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1556/2023 22.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AS Texnoservis MMC-yə qarşı xx.xx.2019-cu il tarixli, ASOR190004/5 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh AS Texnoservis MMC-yə qarşı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AS Texnoservis MMC-nin kiçik həcmli yüklərin daşınması haqqında xx.xx.2019-cu il tarixli ASOR190004/5 saylı müqaviləyə əsasən ona borclu olduğu 7.600 manat məbləğində pulun və mediayiyaya ödənilmiş 51 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla AS Texnoservis MMC arasında kiçik həcmli yüklərin daşınması haqqında xx.xx.2019-cu il tarixli ASOR190004/5 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən AS Texnoservis MMC-nin müqavilə üzrə ona 7.600 manat ödənilməyən xidmət haqqı qalmışdır. AS Texnoservis MMC tərəfindən həmin məbləğin ona könüllü şəkildə ödənilməsi barədə cavabdehə pretenziya məktubu göndərməsinə baxmayaraq cavabdeh tərəfindən həmin borcun ona geri qaytarılması ilə bağlı cavabdeh tərəfindən heç bir tədbir görülməmiş və həmçinin cavabdeh tərəfindən pretenziya məktubuna heç bir münasibət bildirilməmişdir. Ona görə də tərəflər arasında bağlanmış kiçik həcmli yüklərin daşınması haqqında xx.xx.2019-cu il tarixli ASOR190004/5 saylı müqaviləyə əsasən cavabdehin xidmət haqqına görə ona borclu olduğu 7.600 manat pulun geri qaytarılması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. xx.xx.2023-cü il tarixdə cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, tərəfə iddia etdiyi kimi heç bir borcları yoxdur və tərəfin borcun olmasını sübut edə biləcək sənədləri də mövcud deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçı həmçinin izahatında qeyd etmişdir ki, iddia tələbini müqavilə və bank hesabından çıxarış ilə sübuta yetirir, çıxarışdan göründüyü kimi cavabdeh ona əvvəllər ödəniş etmiş, hər bir halda xidmət göstərməsə idi, ödəniş də edilməzdi. Əlavə sübutları yoxdur. İddiaçı məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun tərəfindən cavabdehə elektron qaimə verilməyib. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (icraçı) və AS Texnoservis MMC (sifarişçi) arasında ASOR190004/5 saylı xx.xx.2019-cu il tarixli kiçik həcmli yüklərin daşınması haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən sifarişçi kiçik həcmli yüklərin daşınması xidmətinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada həmin xidməti İVECO DAİLY markalı **-HJ-*** DQN-li nəqliyyat vasitəsi ilə göstərməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən göstərilən xidmətin həcmi bu Müqaviləyə əlavə edilən Xidmət Aktı (və ya Aktları) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. 1.3-ci bəndinə əsasən xidmətin göstərilməsi tərəflərin hazırki müqavilənin 5.2. bəndində göstərilən müddət ərzində həyata keçirilir. 2.4-cü bəndinə əsasən icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır. 3.1-ci bəndinə əsasən sifarişçinin vəzifələri: 3.1.2. İşi icrasından sonra təhvil almaq; 3.1.3. Göstərilmiş xidmətin dəyərini ödəmək. 3.1.4. Xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini icraçıya ödəmək. 3.2-ci bəndinə əsasən icraçının vəzifələri: 3.2.1. Müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi xidmətləri həyata keçirmək; 3.2.2. Xidmətin göstərilməsi ilə əlaqədar sifarişçiyə məlumat vermək; 3.2.3. Xidməti vicdanla yerinə yetirib sifarişçiyə təhvil vermək. 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir. 4.2-ci bəndinə əsasən hazırki müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 5.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan torpaq-qazma işləri ilə bağlı xidmətlərin xidməti xx.xx.2019-cu ilədək qüvvədədir. Müqavilə tarixinin bitməsinə ən az on beş gün qalmış tərəflərdən hər hansı birinin müqaviləyə xitam verilməsi barədə digər tərəfə yazılı müraciət etməzsə müqavilə eyni müddətə uzadılmış hesab olunur. Müqavilə tərəflərin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. 01 yanvar 2019-cu il tarixli ASOR190004/5 saylı müqaviləyə 2 saylı əlavə olan xx.xx.2021-ci il tarixli qiymət razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi (yüklərin daşınması) üçün tərəflər aşağıdakı qiyməti müəyyən edirlər:

1. İVECO DAİLY yük-sərnişin markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə aylıq xidmət haqqı – 2.000 manat. Əlavə 2 olan qiymət razılaşdırılma protokolu tərəflərin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. İddiaçı "xxxx" ASC-nin Sumqayıt filialında olan bank hesabından çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən icarə müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə həmin hesaba 3.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən pretenziya məktubu ilə cavabdeh AS Texnoservis MMC-yə müraciət edilərək müqavilədə nəzərdə tutulmuş xidmətlərə görə xidmət haqqının ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı (icraçı) ilə cavabdeh AS Texnoservis MMC (sifarişçi) arasında ASOR190004/5 saylı xx.xx.2019-cu il tarixli kiçik həcmli yüklərin daşınması haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı İVECO DAİLY markalı **-HJ-*** DQN-li nəqliyyat vasitəsi ilə AS Texnoservis MMCnin sifarişi əsasında kiçik həcmli yüklərin daşınması xidmətlərini cavabdehə göstərməyi, cavabdeh isə göstərilən xidmətlərin qarşılığında xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda İddiaçı tərəflər arasında bağlanmış kiçik həcmli yüklərin daşınması haqqında müqavilə üzrə AS Texnoservis MMC-nin 7.600 manat ödənilməyən xidmət haqqı borcunun qaldığını iddia edir, cavabdeh isə öz növbəsində iddiaçıya heç bir borclarının olmadığını bildirir. Mülki Məcəllənin: 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 857-ci maddəsinə əsasən daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yük alana dərhal bildiriş verməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı iddia ərizəsində müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehin ona 7.600 manat məbləğində ödənilməmiş borcunun olduğunu qeyd etsə də, həmin borcun yaranması əsaslarını (göstərilən xidmətlərin həcmi, dəyəri, xidmətin göstərildiyi zaman aralığı və s.) konkretləşdirməmişdir. Bundan əlavə iddiaçı tərəfindən ümumiyyətlə sözügedən müqavilə üzrə 7600 manat dəyərində xidmət göstərilməsini təsdiq edən sübutlar (müvafiq xidmətlərin göstərilməsi barədə cavabdehin sifarişi, sifariş əsasında göstərilmiş xidmətlərin təhvil-təslim aktı, göstərilmiş xidmətlərə görə ümumi xidmət haqqının miqdarını təsdiq edən hesab-fakturalar və s.) məhkəməyə təqdim edilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı məhkəmə bank hesabından çıxarışa əsasən cavabdehin əvvəllər ödəniş etməsinin təsdiq edilməsi və göstərən halın xidmətlərin göstərilməsinə dəlalət etməsi barədə iddiaçının istinad etdiyi dəlillər ilə bağlı qeyd edir ki, əvvəla, hesabdan çıxarışda AS Texnoservis MMC tərəfindən edilən 3.000 manat ödənişin nömrəsi və tarixi göstərilməyən icarə müqaviləsinə əsasən aparılması qeyd edilmişdir. Digər tərəfdən həmin ödənişi mübahisəli müqavilə üzrə ödəniş kimi qəbul etsək belə, göstərilən ödəniş yalnız mübahisəli müqavilə üzrə əvvəllər xidmətlərin göstərilməsini və həmin xidmətlərə görə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq etməklə, mübahisəli müqavilə üzrə cavabdehin iddiaçıya hazırda borcunun olması faktını müəyyən etmək üçün kifayət etmir. Odur ki, İddiaçı cavabdeh AS Texnoservis MMC-yə qarşı xx.xx.2019-cu il tarixli, ASOR190004/5 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri – hazırkı halda iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdeh AS Texnoservis MMC-yə qarşı xx.xx.2019-cu il tarixli, ASOR190004/5 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar