Məhkəmə qərarları › İş №e-2-2(113)-1556/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1556/2024

01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1556/2024 01.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə kiçik iddiaya dair kommersiya mübahisəsi (açar sözlər: borc, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 610 manat əsas borcun və 40 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 610 manat əsas borcun və 40 manat mediasiya xərcinin tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020ci il tarixli KOD 0156/2020 saylı məhsulların (malların) alqı-satqı müqaviləsi və həmin müqaviləyə 01 saylı əlavə (Qiymətlərin razılaşdırma protokolu) imzalanmışdır. Həmin müqavilə, müqaviləyə 01 saylı əlavə (Qiymətlərin razılaşdırma protokolu) və elektron qaimələrə (əlavə olunur) əsasən cavabdehə qaimələrdə göstərilən miqdarda pivə məhsulları satılmışdır. Cavabdeh aldığı məhsulların dəyərini ödəməmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya 610 manat əsas borcu vardır. Cavabdehə pretenziya məktubunun göndərilməsinə və mediasiyaya müraciət edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

6. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

7. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli KOD 0156/2020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları qəbul etməyi və malın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 610 manat dəyərində pivə məhsulları cavabdehə satılmış, cavabdeh həmin malların dəyərini ödəməmişdir.

9. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

10. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş elektron qaimənin, maliyyə arayışının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

11. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 610 manat dəyərində mal cavabdehə verilmiş, cavabdeh həmin malların dəyərini ödəməmişdir. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.

12. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müqavilə, elektron qaiməfakturanın mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

13. Cavabdehin 610 manat dəyərində malların verilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə malların verilməsi barədə göndərilmiş elektron qaimənin ləğvi ilə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən sifariş verilmiş 610 manat dəyərində satılmış mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

14. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 40 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 40 manat mediasiya xərci Bakı 9 saylı Mediasiya təşkilatına ödənilmişdir.

16. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 610 manat əsas borc və 40 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar