Məhkəmə qərarları › İş №e-2-2(113)-1558/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1558/2023

20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1558/2023 20.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçının istehsal etdiyi malları alaraq odəmədiyi 7798.20 manatın, cərimə məbləği 1341,21 manatın, ümumilikdə 9139,41 manat məbləğdə və əlavə olaraq ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş rüsum 100 manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddiaya dair kommersiya işinə sadələşdirilmiş qaydada baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçının istehsal etdiyi malları alaraq odəmədiyi 7798.20 manatın, cərimə məbləği 1341,21 manatın, ümumilikdə 9139,41 manat məbləğdə və əlavə olaraq ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş rüsum 100 manat məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 24 avqust 2022-ci il tarixli, M-5031 saylı Alqı- Satqı Müqaviləsinə əsasən iddiaçı istehsal etdiyi süd və süd məhsulları cavabdehə satmağı, cavabdeh isə öz növbəsində həmin Malları qəbul etməyi və Müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 7798.20 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən ödənişlər malın təhvil verildiyi gündən 30 təqvim günü ərzində həyata keçirilməli idi, lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq tərəfimizdən borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və hal-hazırda cavabdehin borc məbləği 7798.20 manat təşkil edir. Həmin Müqavilənin 8.1-ci bəndinə əsasən - Tərəflər arasında bu Müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunur. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. Məsələni həll etmək məqsədilə dəfələrlə tərəfimizdən həmin borcun ödənilməsi ilə əlaqədar cavabdehə cəriməsiz olaraq borcun ödənişlərini həyəta keçirilməsi barədə şifahi və yazılı xəbərdarlıqlar edilsə də (yazılı xəbərdarlıq (Pretenziya) xx.xx.2022-ci il tarixində təqdim edilmişdir), cavabdeh yaranmış borcunu bu günə kimi ödəməmişdir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən Alıcı bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. 13 fevral 2023-cü il tarixinə olan cərimənin məbləği 1341,21 manat təşkil edir. Beləliklə cavabdehin ümumi borcu 9139,41 manat təşkil edir. İlkin mediasiya sessiyasına görə 100 manat ödəniş edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: 24 avqust 2022-ci il tarixli, M-5031 saylı Alqı-satqı Müqaviləsindən görünür ki, iddiaçı istehsal etdiyi süd və süd məhsulları cavabdehə satmağı, cavabdeh isə öz növbəsində həmin Malları qəbul etməyi və Müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2022-ci il tarixli Malların təhvil-qəbul aktından görünür ki, cavabdehin iddiaçıya son borcu 8798,21 manat təşkil etməklə mallar cavabdehə təhvil verilmiş və mallar cavabdeh tərəfindən təhvil alınmışdır. 3 ədəd Elektron qaimələrdən görünür ki, iddiaçı cavabdehə ümumilikdə 8798,21 manat dəyərində mal satmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 24 avqust 2022-ci il tarixli, M-5031 saylı Alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı istehsal etdiyi süd və süd məhsulları cavabdehə satmağı, cavabdeh isə öz növbəsində həmin Malları qəbul etməyi və Müqavilənin şərtlərinə uyğun olaraq tam dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə süd və süd məhsulları satılmaqla mallar cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən malların dəyəri iddiaçıya tam ödənilməmiş, nəticədə cavabdehin iddiaçıya 7798,20 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu 7798,20 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, həmin müqaviləsinin 5.2-ci bəndinə əsasən Alıcı bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququna malikdir. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 300 manat həddində müəyyən edilməklə cavabdehlərdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 7798.20 manat, 300 manat cərimə və mediasiya xərcinə görə 98,69 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 7798.20 manat, 300 manat cərimə və mediasiya xərcinə görə 98,69 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar