Məhkəmə qərarları › İş №e-2-2(113)-1560/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1560/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1560/2023 14.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2022 tarixli, 78 nömrəli malların alqı-satqısına dair müqaviləyə əsasən müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün 4593.74 manat borc pulun və 689.06 manat cərimə məbləğinin, həmçinin 100.00 manat mediasiya xərcinin və 100.00 manat hüquqi yardım göstərilməsi məqsədilə ödənilmiş məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında xx.xx.2022-ci il tarixli 78 nömrəli malların alqı-satqısına dair müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilənin predmetinə əsasən Satıcı müqavilə ilə müəyyən edilmiş şərtlərlə standartlara, tələblərə uyğun və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən qiymətdə və göstəricilərə uyğun olan malı Alıcının mülkiyyətinə verir, Alıcı isə malı qəbul edib dəyərini Satıcıya ödəyir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli 78 nömrəli müqavilə üzrə sifarişə uyğun olaraq xx.xx.2022 tarixli seriya Tİ №716850 olan malların təhvil-qəbul aktına əsasən 2369.44 manat (18% əlavə dəyər vergisi daxil olmaqla, bundan sonra qeyd ediləcək bütün məbləğlər əlavə dəyər vergisi ilə birlikdə qeyd ediləcək), xx.xx.2022 tarixli seriya Tİ №716853 olan malların təhvil-qəbul aktına əsasən 2224.30 manat məbləğində mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Qeyd olunanlara əsasən ümumilikdə 4593.74 manat dəyərində hazırlanmış mallar cavabdeh tərəfindən təhvil alınsa da, təhvil alınmış malların müqabilində heç bir ödəniş edilməmişdir. Tərəflər arasında mebel inventarının alğı-satqısına dair münasibətləri tənzimləyən xx.xx.2022-ci il tarixli 78 nömrəli müqavilənin 3.4.1-ci bəndinə əsasən Alıcının müqavilə ilə müəyyənləşdirilən tələblərə uyğun gələn malın obyektində qəbul edilməsi, 3.4.2-ci bəndinə əsasən malın müqavilə ilə müəyyənləşdirilmiş qaydada təhvil-təslim aktı və elektron-qaimə əsasında təhvil alınmasına və 3.4.3-cü bəndinə əsasən təhvil alınmış malın dəyərinin müqavilədə müəyyən olunan şərtlərlə və qaydada Satıcıya ödənilməsinə dair öhdəliyimüəyyən olunur. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən Alıcı mallar təhvil verildiyi andan 30 (otuz) təqvim günü ərzində malların hesablanmış məbləğinin 100%-ni Satıcıya ödəməlidir. Həmçinin qeyd edilən müqavilənin 11.3-cü maddəsinin tələbinə əsasən Alıcı təhvil alınmış malların ödənişi ilə əlaqədar öhdəliklərinin icra müddətini gecikdirdikdə, hər gecikdirilən gün üçün müqavilə qiymətinin 0.5%-i həcmində, bu müddət 15 (on beş) gündən çox olduqda isə hər gecikdirilən gün üçün müqavilə qiymətinin 1 (bir) %-i həcmində Satıcıya cərimə ödəyir. Həmin müqavilənin 11.5-ci maddəsinin tələbinə əsasən cərimənin yüksək həddi müqavilənin dəyərinin 15%-dən yuxarı ola bilməz. Cərimənin ödənilməsi tərəflərimüqavilə üzrə öhdəliklərin icrasından azad etmir. Hazırkı müqavilə üzrə iddiaçı olaraq öhdəliklərini tam icra etməklərinə baxmayaraq, tərəflər arasında bağlanmış müqavilə üzrə sifariş verilmiş mallar müvafiq təhvil-qəbul aktlarına əsasən cavabdeh tərəfindən təhvil alınmış, lakin hazırkı müddətədək heç bir ödəniş edilməmişdir. Müqavilə üzrə öhdəliklərin icrasına dair cavabdehə dəfələrlə şifahi formada xəbərdarlıq edilsə də, cavabdeh mövcud öhdəliklərin icrasından aşkar şəkildə yayınmışdır. Tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair mövcud mübahisənin danışıqlar yolu ilə həllinə nail oluna bilinməməsi səbəbindən qarşı tərəfə pretenziya irəli sürülmüş, həmçinin cavabdeh kommersiya mübahisələrinin həllinə dair ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməmişdir. Hazırda xx.xx.2022-ci il tarixli, 78 nömrəli müqavilə üzrə öhdəliklərin iddiaçı tərəfindən tam icra edilməsinə baxmayaraq, müvafiq təhvil-qəbul aktlarına əsasən cavabdeh tərəfindən təhvil alınmış mallara dair heç bir ödəniş edilməmişdir. Qeyd edilən müqavilə üzrə 4593.74 manat borc və ödənişlərin gecikdirilməsi səbəbindən 689.06 manat cərimə məbləği mövcuddur. Eyni zamanda cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və iştirak etməməsinə dair hər hansı üzrlü səbəb göstərməmişdir. Bu səbəbdən də iddiaçı olaraq digər tərəfin mediasiya xərcləri də daxil olmaqla, Bakı 14 saylı Mediasiya təşkilatına 100.00 manat ödənilmişdir. Həmçinin hüquqi yardım göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli, 60 nömrəli müqaviləyə əsasən “BHM və partnyorları” Vəkil Bürosuna 100.00 manat məbləğində ödəniş edilmişdir. Tərəflər arasında müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair mövcud mübahisənin pretenziya ilə sürülməsi, mediasiya mərhələsində həllinə dair nəticə əldə edilməməsi səbəbindən xx.xx.2022-ci il tarixli №78 müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə aidiyyəti üzrə məhkəməyə müraciət edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 01 iyun 2022-ci il tarixli malların alqı-satqı müqaviləsinə əsasən satıcı hazırkı müqavilə ilə müəyyən edilmiş şərtlərlə aılcı tərəfindən standartlara, tələblərə uyğun və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə (qiymət razılaşdırma protokolu) göstərilən qiymət və göstəricilərə uyğun alıcıya lazım olan malı alıcının mülkiyyətinə verir. Alıcı isə malı qəbul edib dəyərini ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə satılan malın miqdarı, çeşidi, qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymət razılaşdırma protokolunda göstərilmişdir. Müqavilənin 7.1-ci bəndinə əsasən tərəflərin razılığına əsasən bu müqavilədə nəzərdə tutulan malların dəyəri müqaviləyə əlavə olunmuş protokola əsasən göstərilmiş məbləğ üzrə satıcının bank hesabına köçürmə yolu ilə və ya nağd qaydada ödənilir. Müqavilənin 7.2-ci bəndinə əsasən alıcı mallar təhvil verildiyi andan 30 təqvim günü ərzində hesablanmış məbləğinin 100 %-ni satıcıya ödəyir. Müqavilənin 11.3-cü bəndinə əsasən alıcı müqavilənin 7.2-ci maddəsi iə müəyyən olunan vəzifəsinin icra müddətini gecikdirdikdə, hər gecikdirilən gün üçün müqavilə qiymətinin 0,5 % həcmində, bu müddət 15 gündən çox olduqda isə hər gecikdirilən gün üşün müqavilə qiymətinin 1 %-i həcmində alıcıya cərimə ödəyir. Müqaviləyə 1 nömrəli xx.xx.2022-ci il tarixli Qiymətin razılaşdırılması protokoluna əsasən iddiaçı tərəfindən cavabdehə veriləcək malların ümumi məblği ƏDV daxil 3443,24 manat təşkil edir. Müqaviləyə 2 nömrəli xx.xx.2022-ci il tarixli Qiymətin razılaşdırılması protokoluna əsasən iddiaçı tərəfindən cavabdehə veriləcək malların ümumi məblği ƏDV daxil 1150,50 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli 716850 nömrəli malların təhvil-qəbul aktına əsasən iddiaçı tərəfindən cavabdehə 2369,44 manat məbləğində mal təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli 716853 nömrəli malların təhvil-qəbul aktına əsasən iddiaçı tərəfindən cavabdehə 2224,30 manat məbləğində mal təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə EBCC 681238 nömrəli xx.xx.2022-ci il tarixli (3443,24 manat), EBCC nömrəli 682062 nömrəli (1150,50 manat) elektron qaimələr təqdim edilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 445 nömrəli hesab-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 3443,24 manat (ƏDV daxil) məbləğində mal təhvil verilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 446 nömrəli hesab-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 1150,50 manat (ƏDV daxil) məbləğində mal təhvil verilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 iyun 2022-ci il tarixli nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 4593.74 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4593.74 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 11.3-cü bəndinə əsasən hesablanmış 689.06 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 200 manat məbləğində müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4593.74 manat əsas borc, 200 manat cərimə, ümumilikdə 4793,74 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/14/2023-00028 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Bundan başqa iddia ərizəsində 100 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Belə ki, materiallarda olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən “BHM və partnyorları” Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 100 manat pul ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hüquqi yardıma görə ödənilmiş 100 manat vəsait də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4593,74 manat əsas borc, 200 manat cərimə, 100 manat hüquqi yardıma görə ödənilmiş vəsait və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, ümumilikdə 4993,74 (dörd min doqquz yüz doxsan üç manat yetmiş dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar