Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1562/2020 27.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinin “Neftqaztikinti” trestinə qarşı “pul”tələbinə dairiddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinin “Neftqaztikinti” trestinə qarşı “pul”tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” trestindən 82122,86 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin “Neftqaztikinti” tresti ilə İddiaçı MMC arasında xx xxxx 2019-cu il tarixli NQT- 2019102 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən satıcı müqaviləyə edilmiş 1 nömrəli əlavədə markası, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləi göstərilən mal-materiallar ilə alıcını təchiz etməyə borcludur. Müqavilənin 4cü maddəsinə əsasən, satıcı müqavilə imzalandıqdan və mal alıcının mülkiyyətinə verildikdən sonra 1 ay ərzində faktiki verilən mala görə köçürmə yolu ilə aparmalıdır. Qeyd edilən müqaviləyə 1 nömrəli əlavəyə əsasən 8300 m ölçüdə 3 manatdan olmaqla but daşı təqdim olunmuşdur. Malın ümumi dəyəri ƏDV daxil 29382 manat təşkil etmişdir. Bundan başqa Azərbaycan Respublikası Dövlət Neft şirkətinin “Neftqaztikinti” tresti ilə İddiaçı MMC arasında xx xxxx 2019-cu il tarixli NQT-2019105 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən satıcı müqaviləyə edilmiş 1 nömrəli əlavədə markası, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən mal-materiallar ilə alıcını təchiz etməyə borcludur. Müqavilənin 4-cü maddəsinə əsasən, satıcı müqavilə imzalandıqdan və mal alıcının mülkiyyətinə verildikdən sonra 15 gün ərzində faktiki verilən mala görə köçürmə yolu ilə aparmalıdır. Qeyd edilən mallar təhvil verilmiş və mal materialların ümumi dəyəri ƏDV daxil 629707 manat təşkil etmişdir. Bundan başqa Azərbaycan Respublikası Dövlət Neft şirkətinin “Neftqaztikinti” tresti ilə İddiaçı MMC arasında xx xxxx 2019-cu il tarixli NQT-2019107 nömrəli malların alqısatqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən satıcı müqaviləyə edilmiş 1 nömrəli əlavədə markası, miqdarı, qiyməti üzrə spesifik xüsusiyyətləri göstərilən mal-materiallar ilə alıcını təchiz etməyə borcludur. Müqavilənin 4-cü maddəsinə əsasən, satıcı müqavilə imzalandıqdan və mal alıcının mülkiyyətinə verildikdən sonra 15 gün ərzində faktiki verilən mala görə köçürmə yolu ilə aparmalıdır. Qeyd edilən müqaviləyə 1 nömrəli əlavəyə əsasən 14062 m ölçüdə 16.60 manatdan olmaqla qırmadaş (otsep) təqdim olnumuşdur. Malın ümumi dəyəri ƏDV daxil 275446 manat təşkil etmişdir. Hazırda qeyd edilən müqavillələr üzrə hər iki subyektin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx xxxxx 2020-ci il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən Azərbaycan Respublikası Dövlət Neft şirkəti “Neftqaztikinti” trestinin alınmış mallara görə “xxxx” MMCyə 82122 manat 86 qəpik məbləğində borcunun olması müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış, iddia ərizəsində sözügedən 4 ədəd alqı-satqı müqaviləsinə əsasən, MMC tərəfindən Trestə inert materiallar (bud daşı, qum, qırmadaş və sair) təchiz edilmiş, bunun müqabilində iddiaçıya cəmi 1035779,46 manat məbləğdən 82122,86 manat borc qalmış və xx xxxxx 2020-ci il tarixli qarşılıqlı üzləşmə aktında bu öz əksini tapmışdır. Daha sonra məlum olmuşdur ki, Vergilər Nazirliyi tərəfindən aparılmış araşdırma nəticəsində elektron vergi hesab faktura üzrə görülmüş işlərin, alınmış malların həcminin və çeşidinin iddiaçının vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və VN-nin X2 barədə “əmtəəsiz maliyyə əməliyyatları aparan şəxs olması ehtimal olunur” xəbərdarlıq edilmişdir. X2 iddiaçı riskli vergi ödəyicisi kimi qeyd olunduğundan cavabdeh tərəfindən borcun ödənilməsi mümkün olmamışdır. Belə ki, təcrübədən görünür ki, əgər cavabdeh tərəfindən riskli vergi ödəyicisinə ödəniş aparılarsa, aparılcaq ƏDV əvəzləşməsinin Vergilər Nazirliyi tərəfindən ləğv olunmaqla cavabdehə əlavə vergi hesablanması riski yarana bilər. Bununla bağlı iddiaçı da xəbərdar edilmişdir. Lakin bu uyğunsuzluq aradan qaldırılmadığı üçün ödəniş aparılmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC və Azərbaycan Respublikası Dövlət Neft şirkətinin “Neftqaztikinti” tresti arasında olan xx xxxxx 2020-ci il tarixli qarşılqılı borcların üzləşdirilməsi aktından görünür ki, Trestin MMC-yə 82122,86 manat borcu olduğu nəticəsinə gəlinmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxx 2019-cu il tarixli 3 müqavilə bağlanmış və müqavilələr üzrə mallar satıcı tərəfindən alıcıya göndərilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və borcu qalmışdır. Bununla bağlı tərəflər arasında xx xxxxx 2020-ci il tarixdə üzləşmə aktı imzalanmış və borc məbləğinin 82122,86 manat olması razılaşdırılmışdır. Həmçinin cavabdeh etirazında da 82122,86 manat borcunun olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarında görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, həmin məhsulların dəyəri iddiaçıya tam ödənilməmiş və 82122,86 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinin “Neftqaztikinti” trestindən 82122,86 (səksən iki min yüz iyirmi iki manat səksən altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 82152,86 (səksən iki min yüz əlli iki manat səksən altı qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinin “Neftqaztikinti” trestindən 82122,86 (səksən iki min yüz iyirmi iki manat səksən altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 82152,86 (səksən iki min yüz əlli iki manat səksən altı qəpik) manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1562/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1562/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver