Məhkəmə qərarları › İş №e-2-2(113)-1562/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1562/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1562/2022 11.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 01.11.2019-cu il tarixli, 08/2019 nömrəli müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 01.11.2019-cu il tarixli 08/2019 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə 31.708,17 manat məbləğində əsas borc və 1.620,4 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, ümumilikdə 33.328,57 manat borcun, həmçinin hüquqi yardıma görə ödənilmiş 200 manat məbləöində pul vəsaitinin və 200 manat məbləğində ödənilmiş mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 01.11.2019-cu il tarixli 08/2019 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı alıcıya əlavə razılaşmada göstərilmiş metal çubuk, armatur satır, “Alıcı” isə həmin malları qəbul edir və haqqını ödəyir. Həmin müqavilənin 2.1-ci bəndlərinə əsasən satıcı müqavilə imzalandıqdan sonra razılaşdırılmış müddətdə malları alıcıya göndərməlidir. Mallarla birlikdə təhvil-təslim sənədləri (elektron-qaimə-faktura) verilməlidir. Müqavilənin 2.2-ci bəndlərinə əsasən alıcı malları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etməlidir. Alınmış malların dəyəri 3.2-ci bəndinə əsasən satıcının bank hesabına ödənilməlidir. Göründüyü kimi, müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı - İddiaçı MMC tərəfindən əlavə razılaşmada göstərilən mallar alıcı - Cavabdeh MMC-yə təhvil verilsə də, sonuncu tərəfindən müqavilə əsasında tərtib edilmiş elektron qaimələr üzrə ümumilikdə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmiş, bununla da müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər lazımınca icra edilməmişdir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən tərəflərindən Müqavilə imzalandıqdan sonra razılaşdırılmış müddətdə mallar Cavabdeh MMC-yə göndərilmiş və bununla bağlı müqavilənin 2.1.2-ci bəndinə uyğun olaraq Cavabdeh MMC-yə 24.02.2020-ci ildə saat 11:52-də, 04.03.2020-ci ildə saat 15:11-də, 04.03.2020-ci ildə saat 15:20-də, 04.03.2020-ci ildə saat 15:24-də, 04.03.2020-ci ildə saat 15:25-də, 25.08.2020-ci ildə saat 10:51-də, 25.08.2020-ci ildə saat 10:53- də, 25.08.2020ci ildə saat 10:54-də, 16.09.2020-ci ildə saat 13:57-də, 16.09.2020-ci ildə saat 14:01-də, 16.09.2020-ci ildə saat 14:02-də, 12.10.2020-ci ildə saat 12:07-də, 21.10.2020-ci ildə saat 11:49-da, 21.10.2020-ci ildə saat 11:50-də, 14.12.2020-ci ildə saat 12:58-də elektron qaimələr göndərilmiş və həmin elektron qaimələr üzrə ƏDV daxil ödənilməli məbləğ, ümumilikdə 473.240,81 manat müəyyən edilmişdir. Belə ki, 08/2019 nömrəli 01.11.2019cu il tarixli müqavilə əsasında tərtib edilmiş elektron qaimələr üzrə hesablanmış ƏDV daxil 473.240,81 manat məbləğdən nə qədərinin ödənilməsi ilə bağlı da 24.01.2022-ci il tarixində qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və qeyd olunan aktda açıq-aşkar göstərilmişdir ki, hesabat dövründə yaranan borc 473.240,81 manatdır, hesabat dövründə ödənilən borc 441.532,64 manatdır, üzləşdirmə aparılan tarixə 01.01.2022-ci ilə borc məbləği ƏDV daxil 31.708,17 manatdır. Göründüyü kimi, əlavə razılaşmada göstərilən malların satıcı tərəfindən alıcıya satılması və alıcının da həmin malların dəyərinin nə qədər ödənilib-ödənilməməsi qarşılıqlı üzləşmə aktında təsbit edilmişdir. Qeyd olunan 24.01.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktı satıcı adlandırılan İddiaçı MMC-nin direktoru R.Ş.Aslanov və alıcı adlandırılan Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən imzalanmaqla öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda qeyd olunanlardan görünür ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, ödənişlərin ödənilməsini tam olaraq həyata keçirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün cavabdehə pretenziya məktubu MPM-nin 150.2-ci maddəsinə uyğun olaraq hüquqi şəxsin elektron kabinetinə elektron qaydada göndərilmiş və həmin pretenziya məktubunun Cavabdeh MMC-nin elektron kabinetinə elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilməsi ilə bağlı da məlumat elektron poçt ünvanına göndərilmiş, lakin pretenziya qaydasında həll olunma heç bir fayda verməmişdir. Həmçinin də tərəflər arasında yaranmış mübahisənin mediator vasitəsilə həll edilməsi də mümkün olmamışdır. Belə ki, onlar mübahisənin mediator vasitəsilə həll edilməsi ilə bağlı təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etsələr də, Cavabdeh MMC prosesində iştirak etməmişdir və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə mediator tərəfindən 01.03.2022-ci il tarixli, MŞB-5-00670 nömrəli arayış təqdim edilməklə tərəflərindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Bununla da iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 01 noyabr 2019-cu il tarixdə 08/2019 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı alıcıya (Əlavə razılaşmada göstərilmiş metal çubuk, armatur) satır, alıcı isə həmin malları qəbul edir və haqqını ödəyir. 2.1.1-ci bəndinə əsasən satıcı müqavilə imzalandıqdan sonra razılaşdırılmış müddətdə malları alıcıya göndərməlidir. 2.1.2-ci bəndinə əsasən mallarla birlikdə təhvil-təslim sənədləri (elektron-qaiməfaktura) verilməlidir. 2.2.1-ci bəndinə əsasən alıcı malları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul etməlidir. 3.1-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən köçürmə formasında həyata keçiriləcəkdir. 3.2-ci bəndinə əsasən məbləğ satıcının bank hesabına ödənildikdən 10 gün ərzində mallar alıcıya təhvil edilməlidir. 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən 1 il müddətinə qüvvəyə minir. Əgər tərəflərdən biri müqavilənin ləğvi barədə müraciət etməsə müqavilə daha bir il müddətinə uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 01 noyabr 2019-cu il tarixli 08/2019 saylı müqaviləyə 1 nömrəli əlavəyə əsasən 1 ton metal çubuklarının qiyməti ƏDV daxil 1180 manat, 1 ton armaturun qiyməti ƏDV daxil 1003 manat təşkil edir. Əlavə nömrə 1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 30.900,71 manat məbləğində olan malların verilməsinə dair 24.02.2020-ci il tarixli, EBAG seriyalı, 744380 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 29.296,38 manat məbləğində olan malların verilməsinə dair 04.03.2020-ci il tarixli, EBAH seriyalı, 217543 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 27.621,44 manat məbləğində olan malların verilməsinə dair 04.03.2020-ci il tarixli, EBAH seriyalı, 218181 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 25.994,27 manat məbləğində olan malların verilməsinə dair 04.03.2020-ci il tarixli, EBAH seriyalı, 218578 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 33.151,96 manat məbləğində olan malların verilməsinə dair 04.03.2020-ci il tarixli, EBAH seriyalı, 218750 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 29.957,84 manat məbləğində olan malların verilməsinə dair 25.08.2020-ci il tarixli, EBAP seriyalı, 084249 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 28.860,91 manat məbləğində olan malların verilməsinə dair 25.08.2020-ci il tarixli, EBAP seriyalı, 084497 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 30.783,84 manat məbləğində olan malların verilməsinə dair 25.08.2020-ci il tarixli, EBAP seriyalı, 084692 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 30.932,70 manat məbləğində olan malların verilməsinə dair 16.09.2020-ci il tarixli, EBAQ seriyalı, 034692 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 27.933,05 manat məbləğində olan malların verilməsinə dair 16.09.2020-ci il tarixli, EBAQ seriyalı, 034777 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 27.402,43 manat məbləğində olan malların verilməsinə dair 16.09.2020-ci il tarixli, EBAQ seriyalı, 034739 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 30.676,22 manat məbləğində olan malların verilməsinə dair 12.10.2020-ci il tarixli, EBAQ seriyalı, 133360 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 36.333,62 manat məbləğində olan malların verilməsinə dair 21.10.2020-ci il tarixli, EBAR seriyalı, 535879 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 55.484,96 manat məbləğində olan malların verilməsinə dair 21.10.2020-ci il tarixli, EBAR seriyalı, 535757 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC tərəfindən ƏDV daxil 27.910,48 manat məbləğində olan malların verilməsinə dair 14.12.2020-ci il tarixli, EBAT seriyalı, 845169 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan 01 noyabr 2019-cu il tarixli 08/2019 saylı müqavilə üzrə 21.01.2022-ci il tarixli üzləşdirmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçınə 01.01.2022-ci il tarixə 31.708,17 manat debitor borcu vardır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq borcun 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təqdim etməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu ƏDV daxil olmaqla 31.708,17 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– ƏDV daxil olmaqla 31.708,17 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Cavabdeh MMC-dən 31.708,17 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 31.708,17 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 1.620,4 manat məbləğində bank uçot dərəcəsinə müvafiq faizin tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin: 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Hazırkı işdə məhkəmə Cavabdeh MMC-nin alqı-satqı müqaviləsinə əsasən təqdim edilmiş malın dəyərinin ödənilməsini 1 ildən artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 1.620,4 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 190 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 200 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 31.708,17 manat (otuz bir min yeddi yüz səkkiz manat on yeddi qəpik) məbləğində əsas borc, 1620,4 manat (bir min altı yüz iyirmi manat qırx qəpik) məbləğində faiz, cəmi 33.328,57 manat (otuz üç min üç yüz iyirmi səkkiz manat əlli yeddi qəpik) məbləğində pul vəsaiti, vəkil xərclərinin əvəzi olaraq 200 (iki yüz) və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar