Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1564/2024 17.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh QSC -yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərəflər arasında bağlanmış 01 mart 2022-ci il tarixli, 2022/M-İ(59) saylı yük daşınması müqaviləsi ilə təsdiq olunmuş öhdəliklər nəticəsində yaranmış 10.368 manat əsas borcun; özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaya görə həmin vəsaitin, yəni 10.368 manat əsas borc məbləğinin 8 faizini təşkil edən 830 manat pulun; vəkilin göstərdiyi hüquqi yardıma görə vəkil qurumuna ödənilmiş 450 manat pulun; mediasiya sessiyasında iştiraka görə mediasiya qurumlarına ödənilmiş 210 manat pulun; poçt və digər məhkəmə xərcləri olan 35 manat pulun,cəmi 11.858 manat pulun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC kimi 30 yanvar 2019-cu il tarixdə ********** saylı dövlət reyestr qeydiyyatına (VÖEN) alınmaqla fəaliyyət göstərir. İddiaçı MMC-nin əsas fəaliyyəti beynəlxalq yük daşınmalarını həyata keçirməkdir. Cavabdeh QSC ilə 01 mart 2022-ci il tarixdə xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən 2022/M-İ(59) saylı nəqliyyat ekspedisiyası - yük daşınmasımüqavilə bağlanmışdır. Müqaviləyə uyğun olaraq,cavadeh ilə 10-12 dəfə yük daşınma işlərini həyata keçirmişik. Göstərdiyimizişlərdən həmişə razı qalmışlar, başqa sözlə üzərimizə düşən öhdəlikləri tam yerinə yetirmişik. 2023-cü ildə cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, borclar yaranmışdır. Belə ki, Çin xalq Respublikasından xx.xx.2023-cü il tarixdə NLLU ******* dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə yükləmələr həyata keçirilmiş, yük xx.xx.2023-cü il tarixdə Bakıda tam və qüsursuz olaraq təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə yüklərin tam və qüsursuz, öhdəliklərə uyğun daşınmasının yekunlaşması və təhvil verilməsinə dair 8 saylı akt tərtib edilmiş, hər iki tərəfin səlahiyyətli şəxsləri aktı imza edərək təsdiq etmişlər. Müəyyən əlavə xərclərlə birlikdə daşınma haqqı 8075 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə elektron qaimə və hüsab-faktura kəsilmiş, təqdim edilmişdir. Hər hansı irad,etiraz olmamışdır. 4.6. Bundan başqa xx.xx.2023-cü il tarixdə Türkiyənin Ankara şəhərindən 53AAF488/53AAF487 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə yükləmələr olmuş, daşınma uğurla həyata keçirilmiş, yüklər xx.xx.2023-cü il tarixdə Bakı şəhərində tam, qüsursuz təhvil verilmiş, bu barədə elə həmin tarixdə 9 saylı akt tərtib edilmişdir. Daşınma haqqı 238 manat təşkiletmiş, xx.xx.2023-cü il tarixdə elektron qaimə kəsilmiş, hesab-faktura göndərilmişdir. Etiraz daxil olmamışdır. 4.7. Bundan başqa xx.xx.2023-cü il tarixdə sifariş əsasında Çin Respublikasının Ninqbo şəhərində 00LU3681590 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə yükləmələr olmuş, xx.xx.2023-cü il tarixdə yük Bakı şəhərində qüsursuz təhvil verilmiş, bu barədə təsdiq olunmaqla xx.xx.2023-cü il tarixdə 10 saylı akt tərtib edilmişdir. Daşınma haqqının təmin olunması üçün xx.xx.2023-cü il tarixdə elektron qaimə kəsilmiş, hesab-faktura təqdim edilmiş, cavabdeh tərəfin buna hər hansıetirazı olmamışdır. 4.8. Hər yük yüklənməmişdən qabaq müqavilənin tərkib hissəsi olan əlavələr ilə tərəf sifarişi rəsmi təqdim etmiş, bütün şərtlər tərəfimizdən qəbul olunmuş,eləcə də müəyyən edilmiş daşınma haqqını ödəməyi və onun qaydasını bir daha qəbuletmiş, öz öhdəliliklərini imzaları və möhürü ilə təsdiq etmişlər. Yuxarıda sadalanmış, göstərilmiş üç dəfə daşınmalar üzrə daşınma haqqı 15.368 manat təşkiletmişdir. Yaranmış həmin borcdan göstərdiyimiztəkidlicəhdlərdən sonra cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 5.000 manat ödənilmişdir. Yekun olaraq 10.368 manat daşınma haqqı ödənilməmiş və bu barədə xx.xx.2023-cü il tarixdə hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən yekun üzləşmə aktı tərtib olunmuş, imza və möhürlə təsdiq edilmişdir. Dəfələrlə danışıqlar olsa da, vaxt verilsə də, xahiş edilsə də edilən cəhdlərin nəticəsi olmamış, yekunda cavabdeh təşkilatın direktoru bildirmişdir ki, ödəniş etmək fikri yoxdur, məhkəməyə müraciət edək və yekunda isə telefon zənglərinə, yazılara cavab verməkdən boyun qaçırmış, yayınmışdır. Cavabdeh tərəfə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, mediasiya prosesinin təklifi barədə təklif göndərilmiş, mediasiya prosesində mediatorlar tərəfindən borcun qaytarılması barədə səylər göstərilmiş, lakin bunlar nəticəsiz qalmışdır. Nəticədə məhkəmə yolu ilə borcun ödənilməsi tələbi irəli sürülmüşdür. Bütün mövcud halları, faktiki vəziyyəti nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, iddia tələbiəsaslıdır. X3 Heyətinin 20 dekabr 2023-cü il tarixli qərarı ilə bank uçot dərəcəsi 8 faiz müəyyən olunumşdur. 10.368 manat əsas borcun 8 faizi 830 manat təşkiledir. Həmin faiz borc cavabdehdən tutulmalıdır. “Mediasiya haqqında” Qanuna uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəlmediasiya prosesində iştirakı tələb olunduğuna görə həmin tələblərə tərəfimizdən tam riayətlər edilmişdir. Məsələnin sülh yolu ilə həllinə çalışsaq da, cavabdeh tərəf bu səylərimizi müsbət dəyərləndirməmiş və çağırışlara belə gəlməkdən boyun qaçıraraq könüllü olaraq borcu qaytarmaqdan imtina etmişdir. Belə ki, yekun olaraq mediasiya proseslərində çəkilən xərclər 210 manat təşkiletmiş və həmin vəsait də cavabdehdən tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi N.Şükürlü iddia tələbini qismən, əsas borc hissəsində, məhkəmə xərcləri hissəsində, tələb edilən faiz borcunu illik 5 faiz həcmində qəbul etdiklərini, həmin borcları yaxın müddətdə ödəyəcəklərini bildirdi.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsi lazımi qaydada məlumatlandırılmasına baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinin üzrlü olmasına dair Məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
6. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı və cavabdeh arasında bağlanmış 01 mart 2022-ci il tarixli 2022/M-İ(59) saylı nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən daşıyıcı yükü, hər yükə görə tərtib olunmuş Beynəlxalq əmtəə yük qaiməsində göstərilən şəhərdən (ölkə) digər şəhərə (ölkəyə) daşımağı, sifarişçi isə daşıyıcıya yükləmədən sonra Əlavədə göstərilən müddət ərzində daşınma haqqını tam ödəməyə öhdəsinə götürür.
9. Müqavilənin 10.1-ci bəndinə əsasən sifarişçi yükün daşınmaya görə hər yük üçün tərtib olunmuş və imzalanmış qaimədə və Əlavədə göstərilən yüklənmə və boşaltma məntəqələrinə uyğun olaraq hər nəqliyyat vasitəsinin yükünə görə haqq ödəyir.
10. Müqavilənin 10.2-ci bəndinə əsasən Yüklənmə və boşaltma Əlavədə göstərilən müddətdən artıq həyata keçirilərsə, hər gün üçün (bayram və istirahət günləri də daxil olmaqla) Əlavədə göstərilən məbləğdə sifarişçi daşıyıcıya haqq ödəyir.
11. Müqavilənin 10.3-cü bəndinə əsasən sərhəd buraxılışı məntəqələrində daşınma ilə bağlı əlavə xərclər (təhlükəli yüklərə görə rüsum və s.) müəyyən edilərsə, həmin xərclər daşınma haqqı ilə birlikdə əlavə olaraq sifarişçi tərəfindən daşyıcıya ödəniləcəkdir.
12. 2022/M-İ(49) nömrəli 01 may 2022-ci il tarixli nəqliyyat ekspedisiyası müqaviləsinə xx.xx.2023-cü il tarixli 08 nömrəli müqaviləyə əlavədən görünür ki, iddiaçı tərəfindən həyata keçiriləcək daşıma xərci 4550 ABŞ dolları müəyyən edilmişdir.
13. 2022/M-İ(49) nömrəli 01 may 2022-ci il tarixli nəqliyyat ekspedisiyası müqaviləsinə xx.xx.2023-cü il tarixli 09 nömrəli müqaviləyə əlavədən görünür ki, iddiaçı tərəfindən həyata keçiriləcək daşıma xərci 140 ABŞ dolları müəyyən edilmişdir.
14. 2022/M-İ(49) nömrəli 01 may 2022-ci il tarixli nəqliyyat ekspedisiyası müqaviləsinə xx.xx.2023-cü il tarixli 10 nömrəli müqaviləyə əlavədən görünür ki, iddiaçı tərəfindən həyata keçiriləcək daşıma xərci 4150 ABŞ dolları müəyyən edilmişdir.
15. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 08 nömrəli 4750 ABŞ dolları məbləğində hesab-faktura göndərilmişdir.
16. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 09 nömrəli 140 ABŞ dolları məbləğində hesab-faktura göndərilmişdir.
17. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli 10 nömrəli 4150 ABŞ dolları məbləğində hesab-faktura göndərilmişdir.
18. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDF 693888 nömrəli (8075 manat), EBDF 907128 nömrəli xx.xx.2023-cü il tarixli (238 manat), EBDG 373025 nömrəli xx.xx.2023-cü il tarixli (7055 manat) elektron qaimə təqdim edilmişdir.
19. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli 08 nömrəli aktdan görünür ki, cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 4750 ABŞ dolları məbləğində daşıma xidməti uğurla tamamlanmışdır. Təhvil verilən yük üçün iki günlük boşdayanma haqqı ödəniləcəkdir.
20. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli 09 nömrəli aktdan görünür ki, cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 140 ABŞ dolları məbləğində daşıma xidməti uğurla tamamlanmışdır.
21. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli 10 nömrəli aktdan görünür ki, cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən 4150 ABŞ dolları məbləğində daşıma xidməti uğurla tamamlanmışdır.
22. İddiaçı və cavabdeh arasında tərtib olunmuş 2023-cü ilin yanvar ayında may ayınadək üzləşmə aktından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixinə qalıq borcu 17734,40 manat təşkil edir.
23. İddiaçı və cavabdeh arasında tərtib olunmuş 2022-ci il üzrə üzləşmə aktından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixinə qalıq borcu 13007,30 manat təşkil edir.
24. İddiaçı və cavabdeh arasında tərtib olunmuş xx.xx.2019-xx.xx.2023-cü il dövrü üzrə üzləşmə aktından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixinə qalıq borcu 10368 manat təşkil edir.
25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
28. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
31. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
32. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
33. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.
34. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında nəqliyyat ekspedisiyası haqqında müqavilə bağlanmış, həmin müqavilə əsasında yük daşınmaları həyata keçirilmiş, həmin daşınmalara görə 10368 manat pul cavabdeh tərəfindən ödənilməmiş, qalıq borcla bağlı tərəflər arasında üzləşmə aktı imzalanmışdır.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
36. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
37. 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
38. 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.
39. Bu səbəbdən məhkəmə hesab edir ki, ekspeditor tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
40. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi (8 faiz) nəzərə alınmaqla hesablanmış 830 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
41. İddiaçı iddia tələbində cavabdehdən gecikdirilmiş müddət üçün 830 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi borcun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 830 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.
42. Bundan başqa iddia ərizəsində 450 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərci bu hissədə cavabdehə aid edilməlidir.
43. Belə ki, ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə hüquqi yardımla bağlı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna ümumilikdə hüquqi xidmət haqqına görə 150 manat, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna ümumilikdə hüquqi xidmət haqqına görə 150 manat, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna ümumilikdə hüquqi xidmət haqqına görə 150 manat, ümumilikdə 450 manat vəsait ödənilmişdir.
44. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 210 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 10368 manat məbləğində əsas borc, 450 manat hüquqi yardıma görə xərc, ödənilmiş 210 manat dövlət rüsumu, ümumilikdə 11028 (on bir min iyirmi səkkiz) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova