Məhkəmə qərarları › İş №e-2-2(113)-1569/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1569/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1569/2025 11.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12200 manat əsas borc, illik gecikmə faizinə görə 5% hesablanmaqla 271,7 manat, 130 manat dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 1350 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İcraçı”) ilə Cavabdeh MMC (bundan sonra “Sifarişçi”) arasında 18 mart 2024-cü il tarixində “Xidmətlərin göstərilməsi haqqında” 2/2024 nömrəli müqavilə bağlanmışdır. Bu müqavilənin 4-cü maddəsi tərəflərin öhdəliklərini nəzərədə tutur və həmin maddənin tərkib hissəsi olan 4.1.2-ci bəndində deyilir ki, sifarişçinin göstərilmiş və qəbul edilmiş xidmətlərə görə ödənişləri lazimi qaydada və vaxtında yerinə yetirmək öhdəliyi vardır. Həmin müqavilənin 6.3-cü maddəsində də deyilir ki, xidmət sifarişində başqa cür qeyd olunmadığı halda ödəniş “sifarişçi” tərəfindən “icraçı”-nın bank hesabına imzalanmış hər iki tərəf tərəfindən imzalanmış təhvil-təslim aktı, ödəniş hesab fakturası və təsdiqlənmiş elektron qaimə əsasında bank hesabına köçürülməsi yolu ilə sənədləri qəbul etdiyi tarixdən 5 (beş) iş günü ərzində həyata keçirir. Müqavilənin 7.1-ci maddəsinə əsasən tərəflər müqavilə üzrə götürdüyü hər hansı öhdəliyi yerinə yetirə bilməməsi səbəbindən ona dəyən zərərin tam həcmdə ödənilməsini qarşı tərəfdən tələb etmək hüququna malikdir. Bildirmək lazımdır ki, İddiaçı MMC müqaviləyə uyğun olaraq öhdəliklərini tam və vaxtında yerinə yetirmişdir. Sifarişçi” tərəfindən icraçıya müxtəlif vaxtlarda sifarişlər verilib. İddiaçı MMC isə nəzərdə tutulan sifarişləri razılaşdırılmış şəkildə həyata keçirmişdir. İcraçı tərəfindən Cavabdeh MMC-yə verilmiş (tamamlanmış, icra edilmiş) sifarişlər üzrə müxtəlif vaxtlarda elektron qaimələr göndərilmişdir: 1. xx.xx.2024-cü il tarixli MT2403 seriyalı, 00602936 nömrəli 4150 (dörd min yüz əlli) manat məbləğində; 2. xx.xx.2024-cü il tarixli MT2404 seriyalı, 00855348 nömrəli 4150 (dörd min yüz əlli) manat məbləğində; 3. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 11337100 nömrəli 4150 (dörd min yüz əlli) manat məbləğində; 4. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 11207890 nömrəli, 8050 səkkiz min əlli) manat məbləğində. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklər razılaşdırılmış şəkildə həyata keçirilməsinə baxmayaraq Cavabdeh MMC öz öhdəliklərini tam və vaxtında yerinə yetirməyərək İddiaçı MMC-yə 12200 (on iki min iki yüz) manat məbləğində zərər dəymişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən heç bir xidmət üzrə irad bildirilməmiş, elektron qaimə geri qaytarılmamışdır, bundan əlavə cavabdeh tərəfindən məhkəmə icraatı dövründə ödənişlər olunmuş, qətnamə qəbul edilən zaman nəzərə alınması xahiş olunur.

4. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi G.Qurbanova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən məhkəmə icraatı dövründə 3 dəfə ödəniş olunmuş, ƏDV borcundan ödəniş edilməmiş, ödənişlər sadəcə əsas borc üzrə edilmiş, qətnamə qəbul edilən zaman nəzərə alınması xahiş olunur.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış Xidmətlərin göstərilməsi haqqında” 18 mart 2024-cü il tarixli 2/2024 nömrəli müqaviləyə görə sifarişçi hazırkı müqavilənin ayrılmaz hissələri olan müvafiq əlavələrdə qeyd edilən rəqəmsal media, sosial media, internet reklamları, digital marketinq, video çəkiliş, video materialların hazırlanması, qlobal materialların adaptasiyası və digər reklam-marketinq xidmətlərini sifariş edir. İcraçı tərəf isə müqavilənin şərtlərinə və sifarişçinin tələblərinə tam uyğun şəkildə xidmətlərin göstərməsini öz öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlər hər bir sorğu üzrə sifarişçi tərəfindən icraçıya ayrıca təqdim edilmiş müvafiq xidmət sifarişinə əsasən göstəriləcək. Hər xidmət sifarişi üzrə göstəriləcək xidmətlərin həcmi və xüsusiyyətləri, xidmətlərin hansı müddətdə göstəriləcəyi, xidmətlərin qiyməti və bütün digər şərtlər göstərilməlidir.

10. Müqavilənin 6.3-cü bəndinə əsasən xidmət sifarişində başqa cür qeyd olunmadığı halda, ödəniş sifarişçi tərəfindən icraçının bank hesabına imzalanmış hər iki tərəf tərəfindən imzalanmış təhvil-təslim aktı, ödəniş hesab fakturası və təsdiqlənmiş elektron qaimə əsasında bank köçürməsi yolu ilə sənədləri qəbul etdiyi tarixdən 5 (beş) iş günü ərzində həyata keçirilir.

11. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) tərəfindən imzalanmış 18 mart 2024-cü il tarixli, 1 saylı xidmət sifarişi ilə göstəriləcək xidmətlərin qiymətləri razılaşdırılmışdır.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2403 00602936 nömrəli 4150 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2404 00855348 nömrəli 4150 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2405 11337100 nömrəli 4150 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 11207890 nömrəli 8050 manat məbləğində elektron qaiməfakturalar təqdim olunmuşdur.

13. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 4150 manat, xx.xx.2024cü il tarixdə 4150 manat vəsait ödənilmişdir.

14. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1000 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1300 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1100 manat məbləğində ödəniş olunmuşdur.

15. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

22. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 18 mart 2024-cü il tarixli 2/2024 nömrəli podrat müqaviləsi imzalanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 4 elektron qaimə təqdim edilmiş, həmin qaimələrdən ilk ikisi tam şəkildə cavabdeh tərəfindən ödənilmiş, üçüncü qaimə üzrə qismən, xx.xx.2025-ci il tarixdə 1000 manat, xx.xx.2025-ci il tarixdə 1300 manat, xx.xx.2025-ci il tarixdə 1100 manat olmaqla, ümumilikdə 3400 manat ödəniş edilmiş, həmin qaimə üzrə qalıq borc 750 manat təşkil edir.

25. Cavabdehin nümayəndəsi İ.Məhərrəmov əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən elektron qaimələrdə göstərilmiş bütün xidmətlərin icra edildiyini, yalnız sonuncu qaimədə göstərilmiş “Avon markası üzrə SMM xidməti”nin qüsurlu icra edildiyini bildirmişdir.

26. Məhkəmə cavabdehin həmin dəlilinə cavab olaraq bildirir ki, icra edilmiş işlərlə bağlı tərəflər arasında təhvil aktları olmamış, iddiaçı tərəfindən göstərilmiş xidmətlər iddiaçının təqdim etdiyi elektron qaimələr əsasında cavabdeh tərəfindən qəbul edilmiş, dəyəri ödənilmişdir.

27. İddiaçı tərəfindən göndərilmiş sonuncu qaimə də cavabdeh tərəfindən qəbul edilmiş, həmin qaiməyə hər hansı etiraz verilməmiş, bundan əlavə, icranın qüsurlu olması ilə bağlı cavabdeh tərəfindən iddiaçıya hər hansı irad bildirilməsini, pretenziya verilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.

28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı icra etdiyi işin müqabilində ona muzd ödənilməsini tələb etməklə haqlıdır.

29. İddiaçı iddia ərizəsində 12200 manat əsas borcun tutulması tələb etsə də, cavabeh tərəfindən məhkəmə icraatı dövründə iddiaçıya 3400 manat ödəniş edilmiş, bu halı nümayəndələr də təsdiq etmiş, bu səbəbdən cavabdehin ödənilməmiş qalıq əsas borcu 8800 manat təşkil etdiyi üçün məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 8800 manat əsas borc (12200 manat – 3400 manat) tutularaq iddiaçıya ödənilməlidir.

30. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 271,7 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

32. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

33. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

34. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

35. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

36. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

37. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

39. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən, bu hal cavabdeh tərəfindən də təkzib edilmədiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

40. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 8800 manat əsas borc, 271,70 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

41. Bundan başqa iddia ərizəsində 1300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərcin 1000 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 300 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.

42. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Ekol” Vəkil Bürosunun hesabına 1300 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

43. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 8800 manat əsas borc, 271,70 manat faiz borcu, 1000 manat hüquqi yardıma görə xərc, 100 manat dövlət rüsumu, ümumilikdə 10171,70 (on min bir yüz yetmiş bir manat yetmiş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 300 (üç yüz) manat hüquqi yardıma görə xərc İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar