Məhkəmə qərarları › İş №e-2-2(113)-1570/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1570/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1570/2021 28.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında məhsulların alınması və xidmətlərin göstərilməsi üçün 162 saylı 15.07.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış ƏDV daxil 17033,30 manat dəyərində borcun, 1733 manat dəyərində əldən çıxmış faydanın, 180 manat dəyərində vəkil xərcinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 18976,30 manat məbləğində pulun cavabdeh "Cavabdeh" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında məhsulların alınması və xidmətlərin göstərilməsi üçün 162 saylı 15.07.2019-cu il tarixli müqavilə rəsmiləşdirilmişdir. Müqavilə şərtlərinə əsasən Cavabdeh MMC İddiaçı MMC tərəfindən təhvil verilən malları təhvil alıb pulunu ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı maddəsinin müvafiq bəndlərinə əsasən ödəmələr müqavilədə müəyyənləşdirilmiş qaydada və məbləğdə (hesab-fakturalar, qaimələr, aktlar, digər sənədlər əsasında) ən qısa müddət ərzində lakin 30 gündən gec olmamaq şərti ilə aparılmalı idi. Müqavilə qüvvəyə mindiyi tarixdən sonra İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 15.07.2019-cu il tarixində imzalı təhvil-təslim aktına əsasən 9310 manat dəyərində və 23.07.2019-cu il tarixində imzalı təhvil-təslim aktına əsasən 5125 manat dəyərində (ƏDV xaric) mal verilmişdir. Cavabdeh MMC-nin müqavilə rəsmiləşdiyi gündən bu günə qədər İddiaçı MMC-yə ƏDV daxil 17033,30 manat dəyərində borcu vardır. İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq anlamaq olar ki, Cavabdeh MMC-nin ödəməli olduğu 17033,30 manat pulu İddiaçı MMC dövr etdirmiş olsaydı illik ən azı ümumi məbləğin 10 faizi miqdarında fayda əldə etmiş olardı. Bunu ən sadə halda düşünsələr 17033,30 manat vəsaiti İddiaçı MMC hər hansısa bankda illik 10 faiz olmaqla (ki, ölkədə ən az illik bank fazi 10 faizdir) əmanət olaraq yerləşdirsəydi, bir il sonra 1733 manat fayda qazanmış olardı. Borclu borcunu ödəmədiyinə görə 1733 manat vəsait İddiaçı MMC üçün əldən çıxmış faydadır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 15 iyul 2019-cu il tarixli, 162 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı - İddiaçı MMC alıcı - Cavabdeh MMC-yə məhsulları satır, işlər yerinə yetirir və xidmətlər göstərir, alıcı isə həmin məhsulları alır, yerinə yetirilmiş işləri və göstərilmiş xidmətləri qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə ödəmələrin vaxtında aparılmasını öz öhdəsinə götürür. Həmin müqavilənin 6-cı maddəsinin müvafiq bəndlərinə əsasən ödəmələr müqavilədə müəyyənləşdirilmiş qaydada və məbləğdə (hesab-fakturalar, qaimələr, aktlar, digər sənədlər əsasında) ən qısa müddət ərzində lakin 30 gündən gec olmamaq şərti ilə aparılmalıdır. 15 iyul 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən müxtəlif miqdarda ümumi dəyəri 9310 manat məbləğində olan mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. İddiaçı MMC tərəfindən verilən 22.07.2019-cu il tarixli, EAAX seriyalı, 455685 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC ümumilikdə ƏDV daxil 10985,80 manat (9310+1675,80 manat ƏDV) məbləğində malları alıcı Cavabdeh MMC-yə satmışdır. 23 iyul 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən müxtəlif miqdarda və adda ümumi dəyəri 5125 manat məbləğində olan mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. İddiaçı MMC tərəfindən verilən 23.07.2019-cu il tarixli, EAAX seriyalı, 544489 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC ümumilikdə ƏDV daxil 6047,50 manat (5125+922,50 manat ƏDV) məbləğində malları alıcı Cavabdeh MMC-yə satmışdır. 19.01.2021-ci il tarixli, 65 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqavilədən və 19.01.2021-ci il tarixli 21682 nömrəli qəbzdən görünür ki, X1 (İddiaçı MMC-nin direktoru) tərəfindən hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranın gecikdirməsi sayılır, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.2.2, 445.7, 567, 598.1-598.2-ci maddələri). Göründüyü kimi tərəflərin arasında alqı-satqı müqaviləsi bağlanmış satıcı İddiaçı MMC malları alıcı Cavabdeh MMC-yə təhvil versə də, sonuncu üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, satıcıya 17033,30 manat məbləğində borcunu ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı 17033,30 manat məbləğində borcun tələbi iddiası əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı 17033,30 manat borca görə 1733 manat məbləğində əldən çıxmış fayda tələb etsə də, məhkəmə hesab edir ki, həmin tələb qismən təmin edilməlidir, belə ki, iddiaçı əsas borcla (14435 manat) yanaşı ƏDV kimi tələb olunan vəsaitə də əldən çıxmış faydanı tələb edir bu isə yolverilməzdir, həmçinin sözügedən vəsait illik 10%-lə hesablana bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı əldən çıxmış faydanı bir il üçün tələb etdiyinə görə tələb həmin müddət üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5% hesablanmaqla əldən çıxmış fayda 721,75 manat (14435x5%) təşkil edir. Azərbaycan Respublikası MPM-nin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş materiallarına əlavə edilmiş 19.01.2021-ci il tarixli, 65 nömrəli hüquqi yardım göstərilməsi haqqında müqaviləni və 19.01.2021-ci il tarixli 21682 nömrəli qəbzi nəzərdən keçirərək hesab edir ki, hüquqi xidmətlərə görə ödənilmiş 180 manat məbləğində pul tələbi hissəsində də tələb əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 17033,30 manat məbləğində əsas borc, həmin borc məbləğini ödənilmədiyinə görə əldən çıxmış fayda 721,75 manat, həmçinin hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 180 manat, cəmi 17935,05 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 94,66%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 94,66%-i, yəni 28,39 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən (VÖEN: **********) 17033,30 manat məbləğində əsas borc, həmin borc məbləğini ödənilmədiyinə görə əldən çıxmış fayda 721,75 manat, həmçinin hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 180 manat, cəmi 17935,05 manat və dövlət rüsumu kimi ödənilmiş 28,39 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar