Məhkəmə qərarları › İş №e-2-2(113)-1571/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1571/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1571/2020 08.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən təhvil verilməmiş mallara görə 4175,32 manat məbləğində ödənilmiş vəsaitin, 512 manat məbləğində dəbbə pulu borcunun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx xxxxxx 2018-ci il tarixdə malların alqı-satqısı haqqında ADM-CONTPMDP-GSV-001 saylı müqavilə (bundan sonra - müqavilə) bağlanmışdır. Müqavilənin predmetini ayrı-ayrı sifariş formalarında göstərilmiş geodeziya avadanlıqlarının, onun hissələrinin və digər malların razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfindən isə malların dəyərinin müvafiq əlavədə müəyyən olunmuş məbləğdə və şərtlərlə satıcıya ödənilməsi təşkil edir. Müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçı xx xxxx 2019-cu il tarixli, ********* saylı sifariş forması ilə 4 ədəd avadanlığın (Leisa LS 10 Digital Level, X4 Barcode Staf , Leica GVP469 Transport case, Başmak) cavabdeh tərəfindən 15 təqvim günü ərzində təchiz olunmasını sifariş etmişdir. Həmin sifariş formasında qeyd olunan ödəniş şərtinə müvafiq olaraq, iddiaçı “08” aprel 2019-cu il tarixdə həmin avadanlıqların hamısına görə cavabdehə 21602,72 manat məbləğində öncədən (avans) ödəniş etmişdir. Cavabdeh Leisa LS 10 Digital Level və Başmak adlı avadanlıqların təchizatını həyata keçirsə də, digər iki avadanlığı (X4 Barcode Staf və Leica GVP469 Transport case) iddiaçıya təhvil verməmişdir. İddiaçı təhvil verilməyən avadanlıqlara görə ödənilmiş 4175,32 manat məbləğində pul vəsaitinin geri qaytarılması üçün dəfələrlə cavabdehə şifahi və yazılı qaydada müraciət etsə də, həmin məbləğ hələ də cavabdeh tərəfindən geri qaytarılmamışdır. İddiaçı tərəfindən həmçinin yazılı qaydada xx.xx.2020-ci il tarixdə cavabdehə pretenziya məktubu da göndərilmişdir. Bundan əlavə xx xxxxxx 2018-ci il tarixli müqavilənin 10.4-cü maddəsinə əsasən cavabdeh malların çatdırılmasında gecikdirdiyi hər günə görə 0,01 % məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür ki, həmin maddəyə əsəasən cavabdehin iddiaçıya 512 manat məbləğində dəbbə pulu borcu yaranmışdır. Bununla da cavabdeh iddiaçı ilə bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və müqavilə öhdəliyini pozmuşdur.. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin qiyabi qətnamənin çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2018-ci il tarixli, ADM-CONT-PMDP-GSV-001 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı - Cavabdeh MMC ayrı-ayrı sifariş formalarında göstərilmiş geodeziya avadanlıqlarının, onun hissələrinin və digər malların razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya - İddiaçı MMC-yə təhvil verməyi (satmağı), Alıcı – İddiaçı MMC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə ödənilməsi şərti ilə təhvil almağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 10.4-cü maddəsinə əsasən cavabdeh malların çatdırılmasında gecikdirdiyi hər günə görə 0,01 % məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, ********* nömrəli elektron sifariş formasından görünür ki, İddiaçı MMC ümumi dəyəri 11305 yevro məbləğində olan müxtəlif adda avadanlıqlar üçün Cavabdeh MMC-yə sifariş vermişdir. Cavabdeh MMC tərəfindən verilən EAAX seriyalı 417324 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, Cavabdeh MMC ümumi dəyəri 17427,40 manat məbləğində olan müxtəlif adlı avadanlığı (malı) alıcı İddiaçı MMC-yə satmışdır. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, 21602,72 manat məbləğində vəsait İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 569.1, 598.1-598.3, 599.1, 599.3 və 599.4-cü maddələri). Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş yəni, xx xxxxxx 2018-ci il tarixli, ADM-CONT-PMDP-GSV-001 saylı alqı-satqı müqaviləsinə əsasən öncədən 21602,72 manat məbləğindəvəsaiti Cavabdeh MMC-nin hesabına köçürmüş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, köçürülən pulun müqabilində ümumi dəyəri 17427,40 manat məbləğində olan avadanlığı İddiaçı MMC-yə təhvil versə də, yerdə qalan 4175,32 manat dəyərində olan avadanlığı iddiaçıya verməmişdir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən xx xxxxxx 2018-ci il tarixli, ADM-CONT- PMDP-GSV-001 saylı müqavilə üzrə 4175,32 manat məbləğində pul, yerinə yetirilməmiş öhdəliyə görə 512 manat dəbbə pulu olmaqla, cəmi 4687,32 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin tam təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 4175,32 manat məbləğində pul, yerinə yetirilməmiş öhdəliyə görə 512 manat dəbbə pulu olmaqla, cəmi 4687,32 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar