Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1571/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10817 manat 41 qəpik əsas borcun, 2163 manat 48 qəpik cərimə borcunun, ümumilikdə 12980 manat 89 qəpik borcun və 128 manat ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 27 dekabr 2019-cu il tarixli, 59/2019 nömrəli alı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müxtəlif dövrlərdə mallar təhvil verilməli və təhvil alınan malların dəyərinin tam olaraq vaxtında ödənilməsi üçün Cavabdeh MMC üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh istifadə olunmuş malların dəyərini tam olaraq ödəməmiş və bunun nəticəsində İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə 10817 manat 41 qəpik borc yaranmışdır. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən heç bir cavab verilməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Yaranmış borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə təsdiq olunmuşdur. Müqavilənin 6.2-ci bəndinə əsasən ödənişlərin gecikdirilməsinə görə Cavabdeh MMC gecikdirmənin hər günü üçün öhdəliyin dəyərinin 0.2%-i həcmində peniya ödəməlidir (10.817,41+20%= 12.980,89). İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edib iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “Satıcı” İddiaçı MMC ilə “Alıcı” Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cü il tarixli 59/19 saylı “Alqı-satqı” müqaviləsindən görünür ki, Satıcı bu müqavilənin 1.2. yarımbəndində göstərilən malları “Alıcı”ya satmağı, “Alıcı” isə hərnin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən Mallar “Satıcı” tərəfindən “Alıcı”ya və ya “Alıcı”nın nümayəndələrinə təhvil verilir. Müqavilənin 3.1ci maddəsinə əsasən məhsulun qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan Qaimə-Fakturaya uyğun olaraq müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” və “Satıcı” arasında ödənişlər malın qəbul edilməsindən sonra 7 (yeddi) gündən gec olmayaraq həyata keçirilir. Müqavilənin 6.2-ci bəndinə əsasən Bu müqavilə üzrə ödənişlərin gccikdirilməsinə görə “Alıcı” gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.2%-i həcmində peniya ödəyir. Gecikdirmənin müddəti 30 gündən çox olduqda. Satıcı öhdəliklərin məcburi qaydada icrası və peniyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Müqavilənin 8.4-cü bəndinə əsasən, Müqavilənin müddətinin bitməsi və ya ona vaxtından əvvəl xitam verilməsi “Alıcı -m malların dəyərini tam şəkildə ödəmək vəzifəsindən azad etmir.(Əgər bu hallar “Alıcı”-nin öz öhdəliklərini müqavilənin şərtləri çərçivəsində yerinə yetirməməsi səbəbindən yaranırsa). İddiaçı MMC tərəfindən tərtib olunmuş Maliyyə arayışından görünür ki, Müştəriyə xx.xx.2024-cü il tarixədək verilmiş malın ümumi məbləği 73285.68 manat, Müştərinin xx.xx.2024-cü il tarixədək etdiyi ödənişin ümumi məbləği 53253.25 manat, Müştərinin xx.xx.2024-cü il tarixədək qalıq borc məbləği 10817.41 manat təşkil edir. Müştəriyə sonuncu dəfə xx.xx.2022-ci il tarixində mal təhvil verilmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh tərəfində 4000 manat ödəniş olunmuşdur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01/03/23 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 10817,41 manat təşkil edir, hər iki tərəf aktı imza etmiş və möhürləmişlər. EBBP seriyalı, 736214 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 10873,70 manat dəyərində mallar, EBBW seriyalı, 514219 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1007,13 manat dəyərində mallar, EBBW seriyalı, 513542 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 106,20 manat dəyərində mallar, EBBX seriyalı, 289018 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3076,26 manat dəyərində mallar, EBBX seriyalı, 287537 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 450 manat dəyərində mallar, EBBX seriyalı, 288830 nömrəli, xx.xx.2022ci il tarixli elektron qaiməyə əsasən 4440,34 manat dəyərində mallar, EBBX seriyalı, 288199 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1062,47 manat dəyərində mallar, EBBX seriyalı, 320922 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 867,30 manat dəyərində mallar, EBBY seriyalı, 419906 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 6064,02 manat dəyərində mallar, EBBY seriyalı, 423633 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 97,94 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 128,60 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların qalıq dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qarşılıqlı üzləşmə aktı, elektron qaimlər) öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, yəni aldığı malların dəyərinindən 10817,41 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 10817,41 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 2163 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 500 manat müəyyən olunmalıdır. Bundan başqa iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 128 manat dövlət rüsumunun 123,95 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən müqavilə üzrə 10817 (on min səkkiz yüz on yeddi) manat 41 (qırx bir) qəpik əsas, 500 (beş yüz) manat dəbbə pulu, ödənilmiş dövlət rüsumunun 123 (yüz iyirmi üç) manat 95 (doxsan beş) qəpiyin əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1571/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1571/2025
11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver