Məhkəmə qərarları › İş №e-2-2(113)-1574/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1574/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1574/2022 26.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10000 manat borcun (xidmət haqqı) tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında 22.07.2019-cu il tarixli, KTTX 78/0819 saylı Xidmət Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı, yəni İddiaçı sifarişçinin, yəni Cavabdeh MMC-nin tələbinə uyğun olaraq Gəncə-Qazax-Gürcüstan sərhəd yolunun dörd zolağa genişləndirilməsi layihəsində Buldozer SHANTUİ SD - 16 markalı, AZ 25T-271 D.N.N-lı texnika vasitəsilə torpaq yayma və s. icra etməyi öhdəsinə götürür və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqını ödəyir. Tərəflər arasında razılaşmanın 2.1-ci bəndinə görə müqavilə üzrə bir aylıq xidmət haqqı vergilər daxil 6850 manat təşkil etmişdir. Belə ki, iddiaçı tərəfindən 22.07.2019-cu il tarixli, KTTX 78/0819 nömrəli xidmət müqaviləsinə uyğun olaraq 2 ay (2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayı) Gəncə-Qazax-Gürcüstan sərhəd yolunda işlər görülmüşdür. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehlə razılaşmalarına əsasən xidmət haqqı (dekabr-yanvar ayları üzrə) 12558,33 manat təşkil etmiş, vergilər çıxılandan sonra 10000 (on min) manat borc qalmışdır. Müqavilə üzrə yerinə yetirdiyi işlər üzrə 2019-cu ilin dekabr ayı üzrə 6393,33 manat, 2020-ci ilin yanvar ayı üzrə isə 6165 manat xidmət haqqı müəyyən edildiyindən cavabdeh iddiaçıya vergilər çıxıldıqdan sonra 10000 manat məbləğində pul verməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən 22.07.2019-cu il tarixli, KTTX 78/0819 nömrəli xidmət müqaviləsi üzrə üzərinə düşən öhdəlik tam şəkildə yerinə yetirilmiş olsa da, Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş və üzərinə götürdüyü öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri kobud şəkildə pozmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi, eyni zamanda iddianın qismən, cavabdehin qəbul etdiyi 4158 manat hissədə təmin olunmasına etiraz etmədiyini bildirdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında iştirak edən zaman bildirmişdir ki, iddia tələbini qismən, yəni 4158 manat məbləğində qəbul edir. İddianın qeyd edilən (4158 manat) məbləğdə təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “İcraçı” qismində İddiaçı ilə “Sifarişçi” qismində Cavabdeh MMC arasında 22 iyul 2019-cu il tarixli, KTTX 78/0819 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1ci bəndinə əsasən icraçı mülkiyyətində olan, Shantui SD-16 markalı, Az 25 T-271 D.N.N-lı, Buldozer vasitəsi ilə sifarişçinin verdiyi sifarişlər əsasında torpaq hamarlama və s. xidmətlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçinin tələbi ilə icraçı özünə məxsus texnikanı sifarişçinin bu müqavilədə göstərilən təyinat yerinə göndərir və həmin texnika ilə sifarişçiyə xidmət göstərir. Müqavilənin 1.3-ci bəndinə əsasən icraçı texnikanın iş yerinə vaxtında çatdırılması və geri qaytarılmasını təmin edir və bununla əlaqədar yaranan xərcləri ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə texnika ilə aylıq xidmət haqqı vergilər daxil 6850 manat (altı min səkkiz yüz əlli) təşkil edir. Müqavilənin 5.1-ci bəndinə əsasən xidmətin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası ilə və Tərəflərin möhürləri ilə təsdiq edilən Yekun Təhvil-Təslim Aktına əsasən həyata keçirilir. Müqavilənin 5.2-ci bəndinə əsasən yekun Təhvil-Təslim Aktının imzalanmasına baxmayaraq, təhvil alınmış Xidmətdə sonradan yaranan və/və ya sonradan aşkarlanan qüsür və/və ya gizli qüsurlara və bunların gətirdiyi nəticələrə görə icraçı həm sifarişçi, həm də üçüncü şəxslər qarşısında tam məsuliyyət daşıyır və icraçı belə qüsurları öz hesabına ən qısa vaxt və ya sifarişçinin müəyyən etdiyi vaxt ərzində aradan qaldırmalıdır. - 31.07.2019-cu il tarixli, 01 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən 2019-cu il iyul ayı üzrə işlər təmin edilmiş və sifarişçiyə 2283,33 manat məbləğində xidmət haqqı hesablanmışdır. - 16.08.2019-cu il tarixli, EAAY seriyalı, 600920 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2283,33 manat təşkil edir. - 31.08.2019-cu il tarixli, 02 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən 2019-cu il avqust ayı üzrə işlər təmin edilmiş və sifarişçiyə 6621,67 manat məbləğində xidmət haqqı hesablanmışdır. - 11.12.2019-cu il tarixli, EBAD seriyalı, 711938 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6621,67 manat təşkil edir. - 30.09.2019-cu il tarixli, 03 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən 2019-cu il sentyabr ayı üzrə işlər təmin edilmiş və sifarişçiyə 4110 manat məbləğində xidmət haqqı hesablanmışdır. - 28.01.2020-ci il tarixli, EBAF seriyalı, 547946 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4110 manat təşkil edir. - 26.09.2019-cu il tarixli, EBAA seriyalı, 382798 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6621,67 manat təşkil edir. - 31.10.2019-cu il tarixli, 04 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən 2019-cu il oktyabr ayı üzrə işlər təmin edilmiş və sifarişçiyə 6621,67 manat məbləğində xidmət haqqı hesablanmışdır. - 30.10.2019-cu il tarixli, 05 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən 2019-cu il noyabr ayı üzrə işlər təmin edilmiş və sifarişçiyə 6393,33 manat məbləğində xidmət haqqı hesablanmışdır. - 28.01.2020-ci il tarixli, EBAF seriyalı, 548317 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6393,33 manat təşkil edir. - 30.12.2019-cu il tarixli, 06 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən 2019-cu il dekabr ayı üzrə işlər təmin edilmiş və sifarişçiyə 6393,33 manat məbləğində xidmət haqqı hesablanmışdır. - 28.01.2020-ci il tarixli, EBAF seriyalı, 548444 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6393,33 manat təşkil edir. - 31.01.2020-ci il tarixli, 07 nömrəli xidmətlərin təhvil-təslim aktından görünür ki, icraçı tərəfindən 2020-ci il yanvar ayı üzrə işlər təmin edilmiş və sifarişçiyə 6165 manat məbləğində xidmət haqqı hesablanmışdır. - 10.02.2020-ci il tarixli, EBAG seriyalı, 156334 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6165 manat təşkil edir. - 09.02.2020-ci il tarixli, EBAX seriyalı, 219490 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12558,33 manat təşkil edir. - İş materiallarında olan ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı AZ95UBAZ**********1040AZN001 nömrəli hesabına 10960 (on min doqquz yüz altmış) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 22 iyul 2019-cu il tarixli, KTTX 78/0819 nömrəli müqaviləyə əsasən nəqliyyat xidməti üzrə ödəniş qeyd olunmuşdur. - 17.10.2019-cu il tarixli, 141306 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı AZ95UBAZ**********1040AZN001 nömrəli hesabına 4110 (dörd min yüz on) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 22 iyul 2019-cu il tarixli, KTTX 78/0819 nömrəli müqaviləyə əsasən nəqliyyat xidməti üzrə ödəniş qeyd olunmuşdur. - 22.01.2020-ci il tarixli, 167930 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı AZ95UBAZ**********1040AZN001 nömrəli hesabına 6000 (altı min) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 22 iyul 2019-cu il tarixli, KTTX 78/0819 nömrəli müqaviləyə əsasən nəqliyyat xidməti üzrə ödəniş qeyd olunmuşdur. - 15.09.2020-ci il tarixli, 120OPXO202590510 nömrəli, “A” formatlı ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı AZ95UBAZ**********1040AZN001 nömrəli hesabına 3000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı hissəsində 22 iyul 2019-cu il tarixli, KTTX 78/0819 nömrəli müqaviləyə əsasən nəqliyyat xidməti üzrə ödəniş qeyd olunmuşdur. - 15.10.2020-ci il tarixli, 237007 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı AZ95UBAZ**********1040AZN001 nömrəli hesabına 5000 (beş min) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 22 iyul 2019-cu il tarixli, KTTX 78/0819 nömrəli müqaviləyə əsasən nəqliyyat xidməti üzrə ödəniş qeyd olunmuşdur. - 30.12.2020-ci il tarixli, 258806 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı AZ95UBAZ**********1040AZN001 nömrəli hesabına 5000 (beş min) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində 22 iyul 2019-cu il tarixli, KTTX 78/0819 nömrəli müqaviləyə əsasən nəqliyyat xidməti üzrə ödəniş qeyd olunmuşdur. - İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 15 iyul 2021-ci il tarixli ərizədən (pretenziya) görünür ki, borc məbləğinin qısa vaxt ərzində ödənilməsi tələb olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarından görünür ki, İddiaçı 22 iyul 2019-cu il tarixli, KTTX 78/0819 nömrəli müqaviləyə əsasən "xxxx" MMC-yə göstərdiyi nəqliyyat xidmətlərinin ümumilikdə məbləği 38588,33 manat təşkil etmiş, eləcə də ödəniş tapşırıqlarından görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı ümumilikdə 34070 manat məbləğində ödəniş edilmişdir. Əlavə olaraq qeyd edilir ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edən zaman iddia tələbini 4518 manat məbləğində olan hissədə qəbul etdiyini bildirmişdir. İddia tələbini Cavabdehndən 10000 (on min) manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, işin faktiki hallarını, cavabdehin iddia tələbini qismən (4518 manat hissədə) qəbul etməsini, iddiaçının iddianın həmin hissədə təmin olunmasına etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən əsas borca görə 4518 (dörd min beş yüz on səkkiz) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 4518 (dörd min beş yüz on səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar