Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1575/2025 10.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 4498,78 manat əsas borcun, 899,75 manat cərimə borcunun, ümumilikdə 5398,53 manat məbləğin və 74 manat dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və "xxxx" MMC arasında 14 yanvar 2022-ci il tarixli, 4/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə müxtəlif dövrlərdə mallar təhvil verilməli və təhvil alınan malların dəyərinin tam olaraq vaxtında ödənilməsi üçün "xxxx" MMC üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh istifadə olunmuş malların dəyərini tam olaraq ödəməmiş və bunun nəticəsində İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə 4498,78 manat borc yaranmışdır. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən heçbir cavab verilməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Yaranmış borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Müqavilənin 6.2-ci bəndinə əsasən ödənişlərin gecikdirilməsinə görə "xxxx" MMC gecikdirmənin hər günü üçün öhdəliyin dəyərinin 0.2%-i həcmində peniya ödəməlidir(4498,78+20%=5398,53).
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh "xxxx" MMC-dən 3598,78 manat əsas borcun, 899,75 manat cərimə borcunun, ümumilikdə 4498 manat məbləğin və 74 manat dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-cü il tarixli, 4/2022 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı bu müqavilənin 1.2. yarımbəndində göstərilən malları «Alıcı»ya satmağı, «Alıcı» isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür.
10. Müqavilənin 1.2-ci bəndinə əsasən Müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan alıcıya təqdim olunmuş qiymət cədvəlində öz əksini tapır.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən əsasən Məhsulun qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılma/, tərkib hissəsi olan qaimə - Fakturaya uyğun olaraq müəyyən edilir.
12. Müqavilənin 3.2-ci bəndinə əsasən «Alıcı» və «Satıcı» arasında ödənişlər malın qəbul edilməsindən soma 7 (yeddi) gündən gec olmayaraq həyata keçirilir.
13. Müqavilənin 3.3-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən, aralarındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik “öhdəliklərin qarşılıqlı ilzləşdirilməsi Aktları“ tərtib edilə bilər.
14. Müqavilənin 3.4-cü bəndinə əsasən müqavilə üzrə malların qiymətinə ƏDV daxil edilməmişdir.
15. Müqavilənin 5.1.1-ci bəndinə əsasən «Satıcı» «Alıcı»dan satılmış malın dəyərini bu müqavilədə müəyyən edilmiş mliddətdə ödəməyi tələb etmək hüququna malikdir.
16. Müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gccikdirilməsinə görə “Alıcı” gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.2%-i həcmində peniya ödəyir. Gecikdirmənin müddəti 30 gündən çox olduqda, satıcı öhdəliklərin məcburi qaydada icrası və pcniyaların ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.
17. İddiaçı tərəfindən müqavilə üzrə satılmış mallara dair xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixləri əhatə edən e-qaimələr tərtib edilərək cavabdehə göndərilmişdir.
18. 01.01.2022 - xx.xx.2022-ci il tarixində İddiaçı MMC ilə "xxxx" MMC arasında alqısatqı əsasında qaşılıqlı hesablaşmalar üzrə üzləşmə aktına əsasən cavabdeh "xxxx" MMCnin əsas borcu 9004,47 manat, ƏDV 1621,52 manat olmaqla cəmi 10629,99 manat müəyyən edilmişdir.
19. Maliyyə arayışına əsasən "xxxx" MMC-yə verilmiş malın ümumi məbləği 24778,47 manat, ödənilən ödənişinin ümumi məlbəği 16279.69 manat, qalıq brcu 8498,78 manat, sonuncu dəfə xx.xx.2022-ci il də malın verildiyi, son edilən ödənişin məblği 1298 manat və xx.xx.2023-cü il tarixində olmuşdur.
20. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
23. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Tərəflər arasında bağlanmış xx.xx.2022-cü il tarixli, 4/2022 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı bu müqavilənin 1.2. yarımbəndində göstərilən malları «Alıcı»ya satmağı, «Alıcı» isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də, cavabdeh tərəfindən alınmış mallara görə ödənilməmiş borcu qalmışdır.
27. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, üzləşmə aktı və elektron qaimələrlə təsdiq olunduğu üçün iddiaçının 3598,78 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 3598,78 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3598,78 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
29. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.1ci bəndinə əsasən hesablanmış 899,75 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
30. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, cavabdehdən tutulacaq dəbbə pulu 180 manat məbləğində müəyyən edilməlidir.
33. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 74,60 manat dövlət rüsumu ödənilmişdir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 58 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən alqı-satqı müqaviləsi üzrə 3598,78 manat əsas borc, 180 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 58 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova