Məhkəmə qərarları › İş №e-2-2(113)-1576/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1576/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1576/2023 26.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş “Coca-Cola VC” markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 1600 ABŞ dolları, 260 manat (110 manat vəkil xidmət haqqı, 150 manat mediasiya işləriin aparılmasına görə xidmət haqqı) və 60 manat ödənilmiş medasiya prosesi ilə bağlı xərcin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2013-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq, dəyəri 800 ABŞ Dolları olan “COCA-COLA VC” markalı 1 ədəd soyuducu "xxxx" MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyə verən” tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 gün ərzində təmin etməlidir. “İstifadəçi” soyuducunuun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində “İstifadəyə verənə” cərimə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2013-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və iddiaçı "xxxx" MMCnin əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı "xxxx" MMC pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun olaraq çıxış edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2013-cü il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən: İ. Müqavilənin predmeti Bu müqavilə "xxxx" MMC tərəfindən “The Coca-Cola Company”-nin icazəi ilə istehsal və satış təşkil edilmiş məhsulların “istifadəçi” tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədi ilə “İstifadəyəverən”in əmlakı olan soyuducunun əvəzsiz istifadəyə verilməsi üçün bağlanılır. İİ.Tərəflərin hüquq və cavabdehliyi 2.1. “İstifadəyəverən” 2.1.1. “İstifadəyəverən” müqavilə şərtlərinə əsasən onun mülkiyyəti olan, “Coca-Cola V/C” markalı əmlakı əvəzsiz istifadəyə verir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilmirdir. 2.1.2. İstifadəyə verilən soyuducu üçün yararlı, əmtəə görkəmli, heç bir xəsarəti olmayan əmlak olaraq “İstifadəçi”yə təslim edilməlidir. 2.1.7. İstifadəyə verilən əmlakın “İstifadəçi” tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə əmlakın ümumi dəyərinin 2 mislini İstifadəyəverənin nəfinə ödəyir. 2.2. “İstifadəçi” 2.2.1. “İstifadəçi” istifadə üçün götürdüyü əmlakdan müqavilə şərtlərinə uyğun istifadə edilir. 2.2.2. “İstifadəçi” istifadəyə verilən əmlakdan-soyuducudan "xxxx" MMC tərəfindən “The Coca-Cola Company”-nin icazəsi ilə istehsal və satışı təşkil edilmiş məhsulların sərinləşdirilmiş şəkildə satılması məqsədi ilə istifadə edir. Əmlakdan digər məhsulların sərinləşdirilib satılmasına yol verilmir. 2.2.4. İstifadəyə verilən əmlakın, “İstifadəyəverən”in rəsmi razılığı olmadan özgəninkiləşdirilməsinə, dəyişdirilməsinə, sökülməsinə, rəng dəyişikliyinə və başqa formalarda dəyişiklik edilməsinə yol verilmir. 2.2.7. Müqavilə xitam edildikdə, əmlakı qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 3 gün ərzində geri qaytarılmasını təmin edir. 3.1. Müqavilə “İstifadəyəverən” tərəfindən əmlakın geri verilməsi haqqında tələbi irəli sürülənədək qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubundan görünür ki, "xxxx" MMC tərəflər arasında imzalanmış 3.1-ci bəndini əsas tutaraq müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmiş və ondan soyuducunun 3 gün ərzində geri qaytarılması tələb edilmişdir. Müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş dəyəri 800 ABŞ dolları olan 1 ədəd “Coca-Cola V/C” markalı soyuducunu 3 gün ərzində "xxxx" MMC-yə təhvil verilməsi xahiş edilmiş, əks təqdirdə soyuducunun əvəzində 1600 ABŞ dolları məbləğində cərimənin, məhkəmə xərclərinin, dövlət rüsumlarının və digər xərclərin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında əmlakın əvəzsiz istifadəyə verilməsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən əmlakı cavabdehin əvəzsiz istifadəsinə versə də, cavabdeh əvəzsiz istifadəyə verilmiş əmlakı vaxtında qaytarmamış, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. - 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. - 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin 5-ci maddəsinin 2.2.1-ci bəndinə əsasən göstərilən əmlak müqavilə imzalandığı andan təhvil verilmiş hesab edilir. Müqavilənin 2-ci maddəsinin 2.1.7-ci bəndinə əsasən, istifadəyə verilən əmlakın istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi aşkar edildikdə əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənin nəfinə ödəyir. Beləliklə, cavabdehin iddiaçıya həmin əmlakın 2 misli dəyərində ödəniş etmə öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamış və müqavilə üzrə üzərinə götürüldüyü öhdəliyi pozmuşdur. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 50 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı mediasiya işlərinin aparılmasına görə də əlavə olaraq 150 manat məbləğində çəkilmiş ödənişin də cavabdehdən tutulmasını tələb etmiş, lakin buna dair hər hansı sənəs-sübut əlavə etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 110 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissə: Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə üzrə “Coca-Cola VC” markalı soyuducunun dəyərinin iki misli həcmində olmaqla cəmi 1600 (min altı yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti, vəkil xərcinin əvəzi olaraq 110 (yüz on) manat və mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar