Məhkəmə qərarları › İş №e-2-2(113)-1576/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1576/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1576/2024 27.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanmış RAxx-xx/2022 saylı alqı-satqı müqaviləsi üzrə ödənilmiş 65 634,51 manat məbləğində vəsaitin və ödənilmiş 287 manat dövlət rüsumunun, ümumilikdə 65921,51 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC şirkəti 2003-cü ildə təsis edilmiş və xx.xx.2003-cü il tarixində ********** eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyata alınmışdır. Şirkətin ilk adı "xxxx" MMC olmuşdur. Sonrakı illər ərzində şirkətin adı və hüquqi forması bir neçə dəfə dəyişilmişdir. Şirkətin əsas fəaliyyət istiqaməti isə maye oksigen və metal məmulatları emalından və onların satışını həyata keçirməkdən ibarətdir. Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun olaraq bağladığı müqavilələrdən biri də cavabdeh ilə xx.xx.2022-ci il tarixində imzaladığı RAxx-xx/2022 saylı alqı-satqı müqaviləsi olmuşdur. Bu müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı sifariş edilmiş malları (qara metal qırıntıları) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə aldığı malları lazımi qaydada qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə tərəflər arasında əldə edilən razılığa əsasən müvafiq sifariş üzrə Alıcı tərəfindən məhsulların qiymətinin əvvəlcədən avans formasında ödənilməsi razılaşdırılmışdır. Bu baxımdan Alıcı tərəfindən Satıcıya xx.xx.2022-ci il tarixindən ümumilikdə 118 000 AZN ödəniş (100 000 AZN əsas məbləğ və 18 000 ƏDV) bank köçürməsi yolu köçürülmüşdür. Avans məbləğinin köçürülməsindən sonra Satıcı tərəfindən sifarişin yalnız bir qismi təhvil verilmişdir. Belə ki, 2022-ci ilin Yanvar və Fevral ayları ərzində Satıcı tərəfindən Alıcıya ümumilikdə 52 365,49 AZN dəyərində metal qırıntısı təhvil verilmişdir. Bundan sonra Satıcı Alıcıya daha 65 634,51 AZN dəyərində məhsul təhvil verməli idi. Lakin, qeyd edilən tarixdən indiyə qədər bu məhsullar təhvil verilməmişdir, nə də müvafiq məbləğ Alıcının hesabına geri qaytarılmışdır. Ödənilmiş avansın qalıq məbləğinin, yəni 65 634,51 AZN-in iddiaçıya geri qaytarılması ilə bağlı tərəflərindən cavabdehə xx.xx.2023-cü il tarixində elektron kargüzarlıq sistemi vasitəsilə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunu qəbul etdikdən sonra cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən, 7000 manat (ƏDV daxil olmadan) hissədə qəbul etdiklərini bildirib, qalan hissədə iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ödənilmiş vəsaitin müqabilində malların bir qismi elektron qaimələr əsasında təhvil verilmiş, qalan qismi isə təhvil verilsə də, təhvil-təslimi rəsmiləşdirilməmiş, ödənilmiş 10000 manat vəsait isə nağd qaydada iddiaçının təsisçi olan Cəmaləddin İsmayılova qaytarılmışdır. Belə ki, əgər mallar iddiaçıya təhvil verilməsə idi, iddiaçı onlardan həmin malların təhvil verilməsini tələb edərdi. Sübut qismində isə yalnız şahid ifadələrini təqdim edə bilirlər. İddiaçı isə öz iddia tələbini əsaslandıra bilmir, iddia tələbi ilə bağlı kifayət qədər sübut təqdim edə bilməmiş, iddiasının əsaslılığını sübut edə bilməmişdir.

4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Ələkbərov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının rəhbərliyi dəyişdikdən sonra tərəflərindən aparılmış araşdırma zamanı cavabdeh tərəfindən malların onlara tam şəkildə verilmədiyi müəyyən edilmiş, bu barədə cavabdehə pretenziya məktubu ünvanlanmış, lakin cavabdeh həmin pretenziya məktubuna cavab vermədiyi üçün məhkəməyə müraciət etmişlər. Onlara cavabdeh tərəfindən elektron qaimələrdə göstərilən mallardan əlavə hər hansı mal verilməmiş, nağd qaydada pul qaytarılmamışdır.

5. Sonuncu məhkəmə iclasına iddiaçının nümayəndəsi Ə.Ələkbərov gəlməmiş, sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Cavabdeh tərəfindən iddiaçıya EBBQ 460321 nömrəli xx.xx.2022-ci il tarixli (11487,21 manat), EBBS 079267 nömrəli xx.xx.2022-ci il tarixli (7430,08 manat), EBBS 079313 nömrəli xx.xx.2022-ci il tarixli (9442,08 manat), EBBS 079301 nömrəli xx.xx.2022ci il tarixli (7572,44 manat), EBBS 079288 nömrəli xx.xx.2022-ci il tarixli (5053,61 manat), EBBQ 460177 nömrəli xx.xx.2022-ci il tarixli (11380.07 manat) malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar göndərilmişdir.

8. xx.xx.2022-ci il tarixli 001AZ**********3 nömrəli ödəniş tapşırığı ilə iddiaçı tərəfindən cavabdehə 01/2022 saylı müqavilə və xx.xx.2022-ci il tarixli 1 saylı Əlavə razılaşmaya əsasən 100000 manat pul köçürülmüşdür.

9. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçı özünə məxsus ƏDV sub-uçot hesabından cavabdehin hesabına 21.02.22-ci il tarixli RAxx-xx/2022 saylı müqavilə və 21.01.22-ci il tarixli 1 nömrəli əlavə razılaşmaya əsasən 18000 manat ƏDV ödənişi etmişdir.

10. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək, malların dəyərini ödəmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. İddiaçı hazırda təhvil verilməmiş mallara görə ödəmiş olduğu vəsaitin geri qaytarılmasını tələb edir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

13. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

14. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

15. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

16. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 118000 manat vəsaitin qarşılığında ümumilikdə 52365,49 manat dəyərində mal təhvil verilmişdir.

17. Belə ki, cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra edərək müqavilə üzrə təhvil verilməli malları vaxtında iddiaçıya verdiyini, 10000 manat ödənişi geri qaytardığını, qalıq borcunun 7000 manat olduğunu iddia edir.

18. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır.

19. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir.

20. Belə ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, alqı-satqı müqaviləsi üzrə malların əksər hissəsinin təhvil verildiyini, habelə iddiaçıya ödənilmiş vəsaitdən 10000 manat vəsaitin geri qaytarıldığını cavabdeh sübut etməlidir.

22. Cavabdeh alqı-satqı müqaviləsi üzrə malların təhvil verildiyini, habelə 10000 manat vəsaitin geri qaytarıldığını təsdiq edən belə bir sənəd təqdim edə bilmir.

23. Əvəzində cavabdeh iki şahid ifadəsi təqdim etmişdir. MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri sübut hesab olunur.

24. Cavabdehin 1-ci şahidinin ifadəsi:

25. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, cavabdeh MMC-nin təsisçisidir, müqavilə bağlanan zaman iddiaçının direktoru Sehran müəllim idi, müqaviləni o bağlamışdır. Müqavilə üzrə 100000 manat (ƏDV daxil olmadan) vəsait ödənilib, 93000 manatlıq mal verilib, 7000 borcları vardır (ƏDV daxil olmamaqla), 7000 manat pulu iddiaçı ilə aralarındakı problemi həll edəndən sonra verəcəkdilər, bundan əlavə, cavabdehin təsisçisinə (C.İsmayılov) nağd şəkildə 10000 manat pul qaytarmışlar. Lakin heç bir qəbz imzalanmamışdır.

26. Cavabdehin 2-ci şahidinin ifadəsi:

27. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, İddiaçı ASC-dəki işindən 2023-cü ildə may ayında öz ərizəsi ilə çıxmışdır, 2022-2023-cü illərdə İddiaçı ASC-də idarə heyətinin üzvü kimi işləmişdir. Cavabdeh MMC ilə müqavilə 2022-ci ilin yanvar ayında bağlanmışdır. 100000 (yüz min) manat avans ödənilmişdir. 2023-cü ilin yanvar, fevral və may aylarında 8 maşın metal təhvil verilib, bununla bağlı hesabatları görmüşdür. Maliyyə hesablaşma prosesində iştirak etmədiyi üçün mal təhvil verilən zaman qarşı tərəfə hansı sənədlərin təqdim olunduğunu bilmir. 125 (yüz iyirmi beş) ton civarında metal təhvil edilib. Nə qədər borc qaldığını bilmir. Gündəlik hesabatları maliyyə ilə dəqiqləşdirirdi, tərəzi məlumatları haqqında çeklər və gündəlik hesabatlarını ona göndərirdilər. 129 ton metalın 527 manatdan təhvil verildiyi (ümumilikdə 67983 manat) barədə məlumatı dəqiqləşdirmişdir, təsdiq edir. Ola bilər ki, o, bəzən malın gəldiyini bilməmişdir. İşdən ayrılan vaxta qədər tərəflər arasında mübahisə yaranıb yaranmamasını bilmir. 2023-cü ilin may ayına qədər nə məhsul gəlmişdisə onun məlumatı olmalı idi. Təhvil aktları olmamışdır.

28. Beləliklə, cavabdehin təqdim etdiyi şahidlər ifadələrində alqı-satqı müqaviləsi üzrə malların iddiaçıya təhvil verildiyini bildirsələr də, lakin həmin malların konkret olaraq kimə, hansı ünvana, hansı şəraitdə təhvil verilməsi, eləcə də hansı tarixdə təhvil verilməsi, habelə təhvil verilmiş malların həcmi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər.

29. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlərdən biri (Z.Zamanov) hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (cavabdehin təsisçisi olmaqla) maraqlı olan şəxsdir.

30. Beləliklə də cavabdehin təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

31. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmişdir.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi avans pulun qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir.

33. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə beh deyil, avans ödənildiyi, ödənilmiş avansın müqabilində cavabdeh tərəfindən iddiaçıya mal təqdim edilmədiyi müəyyən edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir.

34. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 65634,51 manat pul məbləğində tutularaq iddiaçıya ödənilməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 287 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 65634,51 manat məbləğində pul, ödənilmiş 287 manat dövlət rüsumu, ümumilikdə 65921,51 (altmış beş min doqquz yüz iyirmi bir manat əlli bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar