Məhkəmə qərarları › İş №e-2-2(113)-1578/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1578/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1578/2023 10.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli 21- 0005 saylı müqaviləsinə əsasən borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətnə olan 6.842,99 manat borcunu ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 13 yanvar 2021-ci il tarixli 21-0005 saylı alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixli EBBF 007999 saylı e-qaiməyə əsasən 13.414,05 manat (ƏDV daxil) mallar Cavabdeh MMC-yə verilmişdir. Müqavilənin əlavəsi olan xx.xx.2021 tarixli qiymətlərin razılaşma protokoluna əsasən malların dəyəri mallar verildikdən sonra 30 gün müddətində 100% olaraq ödənilməlidir. xx.xx.2021-ci il tarixdə malın ƏDV dəyəri (2.046,21 manat) tam ödənilmiş, xx.xx.2021-ci il tarixdə isə malın dəyərindən 4.524,87 manat ödənilsə də, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq 6.842,99 manat (ƏDVsiz) məbləğ bu günədək ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə izahatında iddia tələbi ilə bağlı məlumatı olduğunu, iddiaçı ilə aralarında kommersiya xarakterli münasibətlər əsasında yaranmış borcun ödənildiyini, daha dəqiq məlumat verə bilmək üçün iddiaçının təqdim etdiyi sübutlar ilə tanış olmalı olduğunu bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 13 yanvar 2021-ci il tarixli 21-0005 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X1 göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları (bundan sonra “Mal adlandırılacaq) satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə görə malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2“nda öz əksini tapmışdır. 3.1.1-ci bəndində müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüquqi kimi, 3.4.1-ci bəndində isə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malın qiymətini) bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alcının vəzifəsi kimi təsbit edilmişdir. 4.2-ci bəndinə görə mal alıcıya onun müəyyən etdiyi səlahiyyətli şəxs və ya tərəflərin əlavə razılığl ilə çatdırılma vasitəsilə verilir. Çatdırılma vasitəsilə mal verildikdə bununla bağlı əlavə razılıq və onun şərtləri 1 nömrəli Əlavədə göstərilir. 4.3-cü bəndinə əsasən mal alıcıya rəsmi şəkildə təhvil verildiyi və ya alıcı tərəfindən satıcının ərazisindən çıxarıldığı andan mala olan mülkiyyət hüququ və risklər alıcıya keçir. 8.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və ya lazımi şəkildə yerinə yetirmədiklərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər. 10.1-ci bəndinə əsasən bu müqavilə tərəflər onu imzaladığı tarixindən qüvvəyə minir və tərəflər bu müqaviləyə müvafiq olaraq öz öhdəliklərini tam icra edənə qədər qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 13 yanvar 2021-ci il tarixli 21-0005 saylı alqı-satqısı müqaviləsinə əlavə olan qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti (Profil 160x160x6 mm (72 metr) 1 kq 2,37 manat olmaqla – 2088,72 kq (cəmi 4.950,27 manat), İkitavr 25K2 (36 metr) 1 kq 2,10 manat olmaqla – 2606,40 kq (cəmi 5.473,44 manat), İPE 240 mm (96 metr) 1 kq 2 manat olmaqla – 2947,20 kq (cəmi 5.894,40 manat), ümumilikdə 2.937,26 manat ƏDV daxil 19.255,37 manat olaraq) razılaşdırılmışdır. Mallar təhvil verildikdən sonra 30 gün müddətinə 100% ödəniş edilir, bu protokol qüvvəyə mindikdən sonra 3 iş günü ərzində mallar təhvil verilir, mallar satıcının anbarında çatdırılma qaydasında təhvil verilir Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 5.841,31 manat dəyərində göndərilmiş mallara görə, EBBE seriyalı, 942804 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir. Elektron qaimələr hər iki tərəfin imzası (o cümlədən Cavabdeh MMC tərəfindən “Qanuni nümayəndəA” adlı şəxs tərəfindən imzalanmaqla) və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 13.414,05 manat dəyərində göndərilmiş mallara görə, EBBF seriyalı, 007999 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə təqdim edilmişdir. Elektron qaimələr hər iki tərəfinin imzası (o cümlədən Cavabdeh MMC tərəfindən “Qanuni nümayəndəA” adlı şəxs tərəfindən imzalanmaqla) və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlayaraq ən qısa müddətdə borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən ümumilikdə ƏDV daxil qiyməti 13.414,05 manat olan malları cavabdehə təqdim edərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, bunun müqabilində cavabdeh xx.xx.2021-ci il tarixdə 2.046,21 manat məbləğində ƏDV , xx.xx.2021-ci il tarixdə isə malın dəyərindən 4.524,87 manat məbləğində pul vəsaiti, bununla da sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Nəticədə Cavabdeh MMC-nin həmin müqavilə üzrə İddiaçı MMC-yə ƏDV-siz 6.842,99 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, malların təqdim edilməsi faktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş elektron qaimə ilə təsdiq edilir, bundan əlavə cavabdeh tərəfindən həmin elektron qaimə üzrə ƏDV məbləğinin tam, malın dəyərinin isə qismən ödənilməsi də malların cavabdeh tərəfindən təhvil alınmasına dəlalət edir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin qanuni təmsilçisi məhkəmə iclasında borcun ödənilməsi ilə bağlı daha dəqiq məlumat vermək üçün iddiaçının təqdim etdiyi sübutlarla tanış olmalı olduğunu bildirsə də, nə təyin edilmiş növbəti məhkəmə iclasında iştirak etmiş, nə də ki borcun ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 6842,99 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 6842,99 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 100 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 88,43 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6842,99 manat məbləğində əsas borc, mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar