Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1579/2023 22.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 8 avqust 2019-cu il tarixli № ***-**** saylı alqı-satqı müqaviləsi əsasında alınan mala görə ödənməmiş 188.498,98 manatın, cərimə olaraq hesablanmış 45.239,76 manatın, mediasiya xərci kimi ödənilən 400 manatın, məhkəmə rüsumu kimi ödənilən 124 manatın və vəkil xidmətinə görə ödənilən 1.500 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə imzalanmış 8 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh ona satılan malı mülkiyyətinə almalı, əvəzində iddiaçıya həmin malın dəyərini ödəməli idi. Həmin Müqavilə üzrə dəfələrlə cavabdehə mal tədarük edilib, əvəzində müəyyən ödəniş edilib. Lakin, bu ilin may ayında aldıqları mala ödəniş tam həyata keçirilməyib. Müqavilə üzrə nəzərdə tutulan bütün öhdəliklər iddiaçı tərəfindən vaxtlı-vaxtında və lazimi keyfiyyətdə yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən ödənişlərin gecikdirilməsi iddiaçını ağır maddi vəziyyətə salır. Həmin vəsait ümumilikdə 188,498,98 manat təşkil edir. Bununla yanaşı, müqavilə şərtlərinə görə ödənişin gecikdirildiyi hər gün üçün iddiaçıya vurulan ziyana görə, haqqı ödənilməyən məhsulun dəyərinin 0.15%-i həcmində cərimə ödənməlidir.
3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 445.2.1, 448, 567-ci maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2, Cavabdeh İddiaçınə borcunun olduğunu, lakin borc məbləğinin yenidən hesablanmalı olduğunu bildirmişdir.
6. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
11. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
12. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
13. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
16. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır.
17. Müqavilənin 1.1-ci bəndinə əsasən təchizatçı malı razılaşdırılmış müddətdə alıcının mülkiyyətinə verməyi, alıcı isə hazırki müqavilənin şərtlərinə əsasən malı qəbul etməyi və ödəniş etməyi öhdəliyə götürür.
18. Müqavilənin 2.4-cü bəndinə əsasən təchiz edilən malın qiyməti, çeşidi və digər xüsusiyyətləri fakturada (təhvil-təslim aktında) göstərilir.
19. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
20. Hazırda iddiaçı müqavilə üzrə cavabdehə dəyəri 199.830,90 manat təşkil edən malların verildiyini, cavabdehin müəyyən ödəniş etdikdən sonra 188.498,98 manat borcunun qaldığını bildirir.
21. Cavabdehin nümayəndəsi məhkəmə hazırlıq iclasında müəyyən borcunun olduğunu inkar etmədiyini, lakin məbləğin yenidən hesablanmalı olduğunu bildirdi.
22. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
23. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
24. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür
25. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, 2022-ci ilin iyul ayında aktda göstərilən mallar Optimal Electronics MMC tərəfindən təhvil alınmışdır.
26. Bundan əlavə iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında göstərilmiş malların adı və sayı ilə tam üst-üstə düşən EBCB seriyalı 128624 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 199.830,90 manat təşkil edən elektron qaimə göndərilmişdir.
27. Qeyd olunan hallar həmçinin də, cavabdeh tərəfin müəyyən borcunun olmasını inkar etməməsi lakin yenidən hesablanmalı olması dəlili onu deməyə əsas verir ki, həqiqətəndə, iddiaçı tərəfindən cavabdehə dəyəri 199.830,90 manat təşkil edən mallar verilmişdir.
28. Məhkəmə cavabdehin borcların yenidən hesablanmaslı olması dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəf qeyd edilmiş borcun hər hansı bir hissəsinin ödənilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
29. Belə olan halda, məhkəmə iddiaçı tərəfindən qeyd edilən cavabdehin 188.498,98 manat borcunun qalması ilə razılaşır.
30. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 188.498,98 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.
31. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.
32. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən məhsulun ödənişi gecikdirildiyi təqdirdə, satıcı alıcıdan gecikdirilən hər gün üçün vaxtında haqı ödənilməyən məhsulunun dəyərinin 0,15%-i məbləğində cərimə tələb etmək hüququna malikdir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
34. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
35. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
36. Hazırki işin hallarından görünür ki, cavabdehin 188.498,98 manat məbləğində əsas borcuna münasibətdə 9000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
37. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı MMC tərəfindən mediasiya xidmət haqqı olaraq 400 manat məbləğində pul Bakı 18 X1 ödənmişdir.
38. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilməlidir.
39. Məhkəmə qeyd edir ki, ödənilmiş 124 manat dövlət rüsumunun əvəzi qismində iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 87 manat məbləğindəki hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
40. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 1500 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
41. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
42. İş materiallarından görünür ki, İddiaçı MMC ona hüquqi yardım göstərilməsi üçün De Fendo Vəkil Bürosuna 1.500 manat məbləğində pul ödəmişdir.
43. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 1000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması daha ağlabatandır
44. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
45. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 188.498 (yüz səksən səkkiz min dörd yüz doxsan səkkiz) manat 98 (doxsan səkkiz) qəpik əsas borc, 9.000 (doqquz min) cərimə borcu olmaqla, ümumilikdə 197.498 (yüz doxsan yeddi min dörd yüz doxsan səkkiz) manat 98 (doxsan qəpik) məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 87 (səksən yeddi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov