Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-158/2020 12.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, cavabdeh “X1” LTD-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X1” LTD-yə qarşı pul tələbi ilə bağlı kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC cavabdeh “X1” LTD-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” LTD şirkətindən İddiaçı MMC-nin xeyrinə 8985,66 ABŞ dolları əsas borc, 7404 ABŞ dolları dəbbə pulu (cərimə) olmaqla, cəmi 16 389,66 ABŞ dolları, vurulmuş zərərin əvəzi 1200 manat və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X1” LTD arasında bağlanmış xx.xx.2018-ci il tarixli, MSCS/AZB/103/2018 saylı “Kommersiya İcarə” müqaviləsinə əsasən iddiaçı davamlı olaraq cavabdehə müqavilədən irəli gələn xidmətlər göstərməyi, cavabdeh də öz növbəsində həmin xidmətlərə (o cümlədən icarə haqqına) görə müvafiq ödənişlər etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz öhdəliklərini tam həcmdə icra etsə də, cavadbeh isə öz öhdəlikərini yerinə yetirməmişdir. Belə ki, sözügedən müqavilə üzrə iddiaçının cavabdehə göstərdiyi xidmətlərə görə, sonuncu ona təqdim olunmuş xx.xx.2019-cu il tarixli, B0140 saylı hesab fakturaya əsasən 402,05 ABŞ dolları, B0140 saylı hesab fakturaya əsasən 17,22 ABŞ dolları, B0142 saylı hesab fakturaya əsasən 6892,80 ABŞ dolları, xx.xx.2019-cu il tarixli, B0242 saylı hesab fakturaya əsasən 3474 ABŞ dolları, B0243 saylı hesab fakturaya əsasən 389,35 ABŞ dolları, B0244 saylı hesab fakturaya əsasən 396 ABŞ dolları məbləğində ödəniş həyata keçirmişdir. Bununla belə, xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək cavabdehə göstərilən xidmətlər üzrə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixində tərtib olunmuş hesab fakturalar əsasında cavabdehin iddiaçıya 8985,66 ABŞ dolları məbləğində əsas, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə görə cavabdehin 2 ədəd hesabfaktura üzrə vaxtında ödəniş etməməsi (gecikdirməsi) nəticəsində müqavilənin şərtlərinə uyğun olaraq (hər gecikdirilən gün üçün aylıq ödənişin 0,5% həcmində hesablanmaqla) 7404 ABŞ dolları dəbbə pulu (cərimə) olmaqla, cəmi 16 389,66 ABŞ dolları məbləğində və iddiaçının ödənişli hüquqi xidmətlərə görə çəkdiyi və bu cür vurulmuş zərərin əvəzi olaraq 1200 manat borcu yaranmışdır. Cavabdehin səlahiyyətli nümayəndələrinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, borc məbləği ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş, iddianı müdafiə etdiyini bildirərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, Vəkil iddianı qəbul etməyərək izahatında tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, MSCS/AZB/103/2018 nömrəli “Kommersiya İcarə” müqaviləsindən görünür ki, iddiaçı (İcarəyəverən) İddiaçı MMC öz anbarını icarəyə verməklə, davamlı olaraq cavabdeh (İcarəçi) “X1” LTD-yə müqavilədən irəli gələn xidmətlər göstərməyi, cavabdeh (İcarəçi) də öz növbəsində həmin xidmətlərə (o cümlədən icarə haqqına) görə müvafiq ödənişlər etməyi öhdəsinə götürmüş və tərəflər müqavilənin şərtlərinə uyğun olaraq, hər gecikdirilən gün üçün aylıq ödənişin 0,5% həcmində hesablanmaqla dəbbə pulunun (cərimə) ödənilməsi ilə bağlı razılığa gəlmişlər. xx.xx.2018-ci il tarixli, MSCS/AZB/103/2018 nömrəli müqaviləyə əsasən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, B0334 nömrəli və xx.xx.2019-cu il tarixli, B0354 nömrəli hesab fakturalardan (invoice) görünür ki, cavabdeh xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixinədək iddiaçı icarə haqqına (bir günlük icarə haqqının qiyməti 114,90 ABŞ dolları təşkil edir) görə 8043 ABŞ dollar və göstərilən xidmətlərə (yükləmə, boşaltma və 25 tonluq kranın istifadəsi) görə cavabdeh 942,66 ABŞ dolları ümumilikdə 8985,66 ABŞ dolları məbləğində pulu iddiaçıya ödəməli idi. xx.xx.2019-cu il tarixli hesablanmış cərimə məbləği barədə cədvəldən (arayışdan) görünür ki, xx.xx.2019-cu il tarixli, B0334 nömrəli (son ödəniş tarixi xx.xx.2019 olan) hesab faktura üzrə ödənilməmiş olan 942,66 ABŞ dollara görə (müqavilənin şərtlərinə uyğun olaraq, hər gecikdirilən gün üçün aylıq ödənişin 0,5% həcmində) 163 gün gecikdirilmiş günə hər gün üçün 4,71 ABŞ dolları olmaqla 767,73 ABŞ dolları və xx.xx.2019-cu il tarixli, B0354 nömrəli (son ödəniş tarixi xx.xx.2019 olan) hesab faktura üzrə ödənilməmiş olan 8043 ABŞ dollara görə (müqavilənin şərtlərinə uyğun olaraq, hər gecikdirilən gün üçün aylıq ödənişin 0,5% həcmində) 165 gün gecikdirilmiş günə hər gün üçün 40,22 ABŞ dolları olmaqla 6636,30 ABŞ dolları, ümumilikdə həmin hesab fakturalar üzrə ödənilməmiş olan 8985,66 ABŞ dollara görə 7404,03 ABŞ dolları məbləğində cərimə hesablanmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -+-(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 462.1 və 467-ci maddələri). Göründüyü kimi İddiaçı MMC ilə cavabdeh “X1” LTD arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək 8985,66 ABŞ dolları əsas borcu ödəməmişdir. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, tərəflər arasındakı razılığa görə ödəniş gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün icarəverən (iddiaçı) aylıq ödənişin 0,5% miqdarında cərimə tələb etmək hüququna malikdir. İddiaçı sözügedən hesab fakturalar üzrə ödənilməmiş olan 8985,66 ABŞ dollara görə ümumilkdə 7404,03 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) hesablasa da, məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 4,34 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilərək, tələb olunan dəbbə pulu məbləği 4,34 ABŞ dollaradək azaldılmalıdır. Həmçinin iddiaçı vurulmuş zərərin əvəzi kimi 1200 manat tələb etsə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir, belə ki, iddiaçı ödənişli hüquqi xidmətlərə görə çəkilən xərclər barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh “X1” LTD-dən 8985,66 ABŞ dolları əsas borc, 4,34 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 8990 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 54,58%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, dövlət rüsumunun tələbi hissəsində iddia qismən təmin edilərək 16,37 (54,58%) manat cavabdeh “X1” LTD-dən tutularaq iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X1” LTD-dən 8985,66 ABŞ dolları əsas borc, 4,34 ABŞ dolları dəbbə (cərimə) pulu olmaqla, cəmi 8990 ABŞ dolları, həmçinin dövlət rüsumu kimi ödənilmiş 16,37 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin (VÖEN **********) xeyrinə ödənilsin. Vurulmuş zərərin əvəzi kimi 1200 manat məbləğində pulun tələbi hissəsində iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-158/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-158/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver