Məhkəmə qərarları › İş №e-2-2(113)-1580/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1580/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1580/2021 08.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil Camal oğlunun cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən tərtib edilmiş MXD-09242 saylı, xx.xx.2018-ci il tarixli və 007174 saylı xx.xx.2020-ci il tarixli inventar aktlarının etibarsiz hesab edilməsi və hesablanmış 6300 (altı min üç yüz) manat borcun silinməsi barədə və məhkəmə prosesi gedən müddətə kimi Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən su və kanalizasiya təchizatının dayandırılmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh ASC tərəfindən hesablanmış 6300 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil Camal oğlu iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, xx.xx.2018-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Şərifzadə küçəsi 96 saylı ünvanda yerləşən kafe və çay evi üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə bağladığım xx.xx.2006-cı il tarixli, 071480 nömrəli müqaviləyə əsasən həmin ünvanda su və kanalizasiya xidmətlərindən istifadə edir. Mütəmadi olaraq, ona təqdim edilmiş hesab-faktura üzrə vaxtı vaxtında ödənişlər etmiş və cavabdeh təşkilata heç bir borcu olmamışdır. Yasamal rayon Sukanal İdarəsinin əməkdaşları iddiaçıya məlumat vermədən əsassız olaraq MXD-09242 saylı, xx.xx.2018-ci il tarixli inventar aktı tərtib etmişlər. Həmin akta əsasən iddiaçıya 4104 manat cərimə hesablanmışdır. xx.xx.2020-ci il tarixdə yenə xəbəri olmadan gəlib baxış keçirərək, əsassız olaraq 007174 saylı Akt tərtib etmişlər. Həmin Akta əsasən iddiaçıya 2196 manat cərimə hesablanmışdır. Toplamda hər iki akt üzrə iddiaçıya əsassız olaraq 6300 manat cərimə hesablanmışdır. Tərtib edilmiş hər iki aktı iddiaçı görmədən yazaraq, obyektin nümayəndəsinin yerinə imtina yazmışlar. Guya ki, iddiaçı imza atmaqdan imtina etmişik. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, bu qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aıkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra-qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərtib edilmiş akt əsaslıdır. Baxış keçirilən zaman diametri 20 mm olan boru vasitəsilə qanunsuz qoşulma aşkar edilmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - İş materiallarında olan abonent haqqında məlumatdan görünür ki, İddiaçı kateqoriya qeyri-əhali olmaqla xx.xx.2016-cı il tarixli 13972392 nömrəli müqaviləyə əsasən kod 071480 olmaqla Cavabdeh ASC-də abonent olaraq qeydə alınmışdır. - MXD-09242 №-li inventar aktının surətindən görünür ki, Bakı şəhəri, Şərifzadə küçəsi 96 ünvanında yerləşən İddiaçı məxsus çay evinə su təchizatına və kanalizasiya sisteminə baxış keçirən zaman diametri 25 mm olan boru vasitəsi ilə qanunsuz qoşulma müəyyən olunmuşdur; - qeyri – qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, MXD-09242 №-li inventar aktına əsasən zərərin məbləği 4104 manat müəyyən olunmuşdur. - 007174 №-li xx.xx.2020-ci il tarixli aktınsurətindən görünür ki, Bakı şəhəri, A.Şərifzadə küçəsi 96 ünvanında yerləşən İddiaçı ( abonent 071480) məxsus təndir evinə baxış keçirən zaman kənar qoşulma müəyyən olunmuşdur; - qeyri – qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, 007174 №-li akta əsasən əsasən zərərin məbləği 2196 manat müəyyən olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; - 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (071480 abonent kodu) MXD- 09242 №-li inventar aktına və 007174 akta əsasən hesablanmış 6300 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar