Məhkəmə qərarları › İş №e-2-2(113)-1583/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1583/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1583/2024 14.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20400 (iyirmimin dörd yüz) manat (ƏDV daxil) əsas borc, habelə öhdəliyin icra edilməməsi nəticəsində yaranmış 1 illik 5 faiz hesabı ilə 3 ay üçün 255 (iki yüz əlli beş) manat, dövlət rüsumu və bank xərci olaraq 152 (bir yüz əlli iki) manat olmaqla, ümumilikdə 20807 (iyirmi min səkkiz yüz yeddi) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında 23-ELC- 034 saylı, xx.xx.2023-cü il tarixli multimodal xidmətlərə dair müqavilə bağlanmış və həmin müqavilə əsasında İddiaçı MMC sifarişçi olaraq cavabdehə müəyyən xidmətlər sifariş vermiş və ödənişini təmin etmişdir. Həmin müqavilə əsasında sifarişçi İddiaçı MMC tərəfindən daşıma xidmətləri üçün cavabdehə ƏDV daxil 20400 (iyirmi min dörd yüz) manat dəyərində ödəniş edilmişdir. Müvafiq ödənişin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və zəruri xidmətlər göstərilməmişdir. Cavabdehə xidmətlərin göstərilməsi və ya iddiaçı tərəfindən edilmiş ödənişin geri qaytarması barədə dəfələrlə şifahi və yazılı tələb irəli sürülmüşdür. Cavabdehə ən son xx.xx.2024-cü il tarixində pretenziya məktubu həm kağız formasında təqdim edilmiş və qəbul edilmiş, həmçinin müvafiq qaydada pretenziya məktubu elektron şəkildə cavabdehə DVX-nin onlayn kargüzarlıq sistemi vasitəsilə göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Sifarişçi qismində İddiaçı MMC ilə icraçı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 23-ELC-034 nömrəli mültimodal xidmətlərə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən hazırkı müqavilə çərçivəsində icraçı müqavilə ilə müəyyən olunan və sifarişçinin yüklərinin müxtəlif yollarla və müxtəlif vasitə ilə daşınması ilə əlaqədar olan xidmətlər kompleksini tərəflərin sifarişçinin hazırkı müqavilə üzrə sifarişlərində və protokollarında razılaşdırdıqları şərtlərə uyğun şəkildə yerinə yetirməyi, sifarişçi isə bu xidmətləri qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən xidmətlərə aşağıda göstərilənlər daxildir: -daşınma, çatdırma, tullantıların emalı xidmətləri; - anbarda müvəqqəti saxlamanın təşkili; - yüklərin emalı (yükləmə/boşaltma, gömrükləmə işləri); - vasitələrin (qurğu və daşıma vasitələri) təmin edilməsi; - torbalama (paketləmə) və emblemə xidməti; - tərəflərin razılaşdırdığı digər əməliyyatlar. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər biri digərinə zəmanət verirlər ki, hazırkı müqavilənin bağlanması zaman onun tərəfindən bütün zəruri korporativ prosedurlara, o cümlədən tərəflərin qanunvericilik və təsis sənədlərinə uyğun olaraq zəruri olan prosedurlara riayət olunmuşdur, eləcə də zəmanət verirlər ki, onların adından müqaviləni imzalayan şəxs bunun üçün tələb olunan bütün səlahiyyətlərə malikdir. - xx.xx.2023-cü il tarixli, EBDR seriyalı, 341845 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6800 manat təşkil edir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 22/23 nömrəli, cavabdeh tərəfindən imzalanıb möhür vurulan hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin ödəməli olduğu məbləğ 6800 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 434441 nömrəli elektron qaimədən müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13600 manat təşkil edir. - Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 23/23 nömrəli, cavabdeh tərəfindən imzalanıb möhür vurulan hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin ödəməli olduğu məbləğ 13600 manat təşkil edir. - İddiaçı tərəfindən iş materiallarına yalnız cavabdeh tərəfindən imzalanıb möhür vurulan təhvil-təslim aktları əlavə edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ231027014 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ77PAHA40050AZNHC********** nömrəli hesabına 6800 (altı min səkkiz yüz) manat məbləğində vəsait köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ231219003 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin AZ77PAHA40050AZNHC********** nömrəli hesabına 13600 (on üç min altı yüz) manat məbləğində vəsait köçürülmüşdür. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli, MMC-AZE-LTR-23041 nömrəli pretenziya məktubundan görünür ki, qeyd olunan məbləğin 10 təqvim günü ərzində qaytarılması tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 23-ELC-034 nömrəli mültimodal xidmətlərə dair müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Sözügedən müqaviləyə əsasən hazırkı müqavilə çərçivəsində icraçı müqavilə ilə müəyyən olunan və sifarişçinin yüklərinin müxtəlif yollarla və müxtəlif vasitə ilə daşınması ilə əlaqədar olan xidmətlər kompleksini tərəflərin sifarişçinin hazırkı müqavilə üzrə sifarişlərində və protokollarında razılaşdırdıqları şərtlərə uyğun şəkildə yerinə yetirməyi, sifarişçi isə bu xidmətləri qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. Daşıma xidmətləri üçün sifarişçi olaraq İddiaçı MMC tərəfindən icraçıya ödəniş edilmiş, müvafiq ödənişin edilməsinə baxmayaq, Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və zəruri xidmətlər göstərilməmişdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən məbləğin cavabdehdən tutulmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh MMC-dən 20400 (iyirmi min dörd yüz) manat ƏDV daxil pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, həmçinin pul məbləğinin ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5 (beş) faizlə hesablanan 255 manat (iddia ərizəsində 3 ay üzrə hesablanmışdır) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152 (bir yüz əlli iki) manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152 (yüz əlli iki) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 20400 (iyirmi min dörd yüz) manat ƏDV daxil borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 255 (iki yüz əlli beş) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152 manat (yüz əlli iki manat) olmaqla, cəmi 20807 manat (iyirmi min səkkiz yüz yeddi manat) məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar