Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1583/2025 22.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "AZ X7" MMC-nin cavabdeh X4 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: təchizat müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, Cavabdeh X3 ştirakı ilə, İddiaçı "AZ X7" MMC-nin cavabdeh X4 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "AZ X7" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cü il tarixli, S167/22 saylı Təchizat Müqaviləsi əsasında 1016.48 manat əsas, 2006.53 manat dəbbə pulu və 50 manat ödənilən dövlət rüsumu olmaqla cəmi, 3073.01 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsii xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cü il tarixdə “X11 Company” MMC ilə cavabdeh arasında S167/22 saylı “Təchizat” müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X11 Company” MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 1016.48 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni"xxxx" MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə“Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 5-ci maddəsinin 1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda “Alıcı” razılaşır ki, “Satıcı” təhvil verilmiş bütün “Mal”lara görə peniya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, “Alıcı” Razılaşır ki, “Satıcı” bütün çatdırılmış “Mal”ın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi“Alıcı”nı bu “Müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən 1016.48 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməlidir.
3. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, 131,20 manat, 180,80 manat və 152,88 manatlıq fakturalarda (müştəri sifarişi) olan imzaları və malların verilməsini qəbul edir. Həmin malları təhvil alıblar, lakin əlində qəbzlər olmasa da ödənişlərini də ediblər. İddiaçıya hər hansı borcu yoxdur. Müqavilədə və 829,60 manatlıq qaimədə imza ona məxsus deyil, saxtadır.
II. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. "AZ X7" MMC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, S167/22 saylı Təchizat müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən Təchizatçı Alıcıya (bundan sonra Mal) satır, “Alıcı” isə həmin “Mal”ı qəbul edir və “Müqavilə” ilə razılaşdırılmış qaydada “Mal”ın dəyərini Tachizatçıya ödəyir. Bu “Müqavilə” çərçivəsində “Mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən “Mal”ların miqdarı, çeşidi, qiyməti və dəyəri, ƏDV daxil, aksizlar, eləcə də bütün digər məcburi ödənişlər Mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla Tərəflərin razılaşdığı və hazırkı “Müqavilə”nin ayrılmaz hissəsi sayılan “Əlavələrdə əks olunur.
10. Müqavilənin 1.3-cü bəndinə əsasən “Mal”ların təhvil verilməsi ilə eyni vaxtda “Satıcı” Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq “Malların dövriyyəsinin qanuniliyini təsdiq edən onlarla əlaqəli sənədləri (təsdiq edilmiş surətləri) alıcıya təhvil verməlidir.
11. Müqavilənin 2.1-ci bəndinə əsasən “Malların təchizatı bu “Müqavilə”nin bütün müddəti ərzində bu “Müqavilə”yə “Əlavələr və onun ayrılmaz hissəsi olan “Spesifikasiya”lar əsasında ayrı-ayrı partiyalarda hissə-hissə həyata keçirilir.
12. “Müqavilənin 2.2-ci bəndinə əsasən Malların təchizatı “Tərəflər”in yazılı şəkildə razılaşdırdığı əraziyə (o cümlədən elektron poçtdan istifadə etməklə) uyğun olaraq partiyalarla həyata keçirilir.
13. Müqavilənin 3.4-cü bəndinə əsasən Malları yoxlamadan qəbul elmiş Alıcı, qəbul prosesini bu “Müqavilə” ilə müəyyən edilmiş təhvil-təslim qaydalarına uyğun aparılan zaman çatışmazlığın aradan qaldırıla biləcəyi bəndinə istinad etmək hüququndan məhrum olur. “Tərəflər" razılığa gəldilər ki, “Malların təhvil-təslimi sənədləri imzalandıqdan sonra "Mal”ların sayı, çeşidi, içliklərin doluluğu, sənədlərin çatışmazlığı barəsində "Alıcı”nın pretenziyası qəbul edilmir.
14. Müqavilənin 4.1-ci bəndinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Malların “Təchizatçı" qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş Malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində Təchizatçıların ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Marların qablaşdırılması və etiketləşdirilməsi əyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Təchizatçının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur.
15. Müqavilənin 5.1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir.
16. 04 fevral 2023-cü il tarixli, 1021 saylı müştəri sifariş cədvəlinə əsasən X5 tərəfindən 131,20 manat dəyərində, 27 dekabr 2022-ci il tarixli, 177 saylı cədvələ əsasən 180,80 manat dəyərində, 15 fevral 2023-cü il tarixli 1435 saylı cədvələ əsasən 152,88 manat dəyərində, 09 yanvar 2023-cü il tarixli 66 saylı cədcələ əsasən 829,60 manat dəyərində mal sifarişi edilmişdir.
17. İddiaçı MMC tərəfindən müqavilə üzrə həyata keçirilmiş satışlara dair X4 xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 131,20 manat, xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 180,80 manat, xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 152,88 manat və xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 829,60 manat dəyərində e-qaimələr göndərilmişdir.
18. 19.03.2024-cü il tarixli Qarşılıqlı üzləşmə aktına əsasən 1016,48 manat borcun olması "AZ X7" MMC tərəfindən imzalansa da, cavabdeh tərəf imza etməmişdir.
19. 23.12.2024-cü il tarixli 73/24 saylı maliyyə arayışına əsasən cavabdehə yazılan qaimə məbləği – 1294,48 manat, ödənilən məbləğ – 278 manat, dəbbə pulu 2006,53 manat, qalıq borc 3023,01 manat müəyyən edilmişdir.
20. Məhkəmənin 10.02.202-ci il tarixli, e-2-2(113)-1583/2025 saylı qərardadı ilə "AZ X7" MMC ilə X5 arasında imzalanmış xx.xx.2022-ci il tarixli S167/22 saylı təchizat müqaviləsininin hər səhifəsində “Alıcı:” qrafasında Qurbanov N.H. adı qarşısında olan imzalar X5 və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması müəyyən edilməsi və xx.xx.2023-cü il tarixli 66 nömrəli 829,60 manatlıq Müştərinin sifarişi (“Заказ клиента”) adlı sənəddə olan imzalar X5 və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması müəyyən edilməsi məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və MEM-in xx.xx.2025-ci il tarixli, 4/368 saylı rəyinə əsasən 9 yanvar 2023-cü il tarixli Müştərinin sifarişi (“Заказ клиента”) adlı sənəddə 1-ci sıradakı imza və xx.xx.2022-ci il tarixli S167/22 saylı təchizat müqaviləsində (i.v.49-50) “Alıcı”qrafasındakı imzalar-X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsi qeyd edilmişdir.
21. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
22. Məhkəmə hesab edir ki, baxmayaraq ki, iş materiallarından olan müqavilədə ekspert rəyinə əsasən imza cavabdeh (alıcıya) məxsus olmasa da, lakin cavabdehin verdiyi izahatından məlum olur ki, o, iddiaçı şirkətdən müvafiq mallar almışdır. Beləliklə, məhkəmə hesab dir ki, hazırkı mübahisə tərəflər arasında yaranmış alqı-satqı münasibətlərindən irəli gəlir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
25. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
26. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan 1016,53 manat məbləğində iddia sübutlarla təsdiq olunmadığı üçün, iddia qismən təmin edilməli və yalnız cavabdehin etiraf etdiyi qaimələr üzrə borc məbləği tutularaq iddiaçıya ödənilməlidir (xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 131,20 manat, xx.xx.2022-ci il tarixli e-qaimə üzrə 180,80 manat, xx.xx.2023-cü il tarixli e-qaimə üzrə 152,88 manat).
29. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli S167/22 saylı təchizat müqaviləsi və 9 yanvar 2023-cü il tarixli Müştərinin sifarişi (“Заказ клиента”) adlı cədvəldə olan imzalar MEM-in xx.xx.2025-ci il tarixli, 4/368 saylı rəyinə əsasən X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilməsi müəyyən edildiyi üçün həmin hisssədə iddia rədd edilməlidir.
30. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, baxmayaraq ki, cavabdeh qəbul etdiyi qaimələr üzrə ödənişlərin də edildiyini və iddiaçıya hər-hansı borcun olmadığını bildirsə də, ödənişlərə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
31. İş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə təqdim edilən alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə əsasən hesablanmış 2006,53 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
33. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, müqavilə cavabdeh tərəfindən imzalanmamışdır (ekspert rəyinə əsasən imzanın ona məxsus olmadığı müəyyən edilmişdir). Belə olan halda və Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən öhdəliyin icra edilmədiyi halda dəbbə pulunun ödənilməsi tərəflər arasında yazılı qaydada şərtləşdirilmədiyi və hazırkı iş üzrə qanundan irəli gələn dəbbə pulunun ödənilməsi halı müəyyən edilmədiyi üçün bu hissədə idda təmin edilə bilməz.
34. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. Həmçinin məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 124 manat məbləğində pul vəsaiti iddiaçı "AZ X7" MMC-dən (rəy iddiaçının əleyhinə müəyyən edildiyi üçün) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
IV.Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеh X1 464,88 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçı "AZ X7" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-xətşunaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 124 manat məbləğində pul vəsaiti iddiaçı "AZ X7" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova