Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1584/2024 30.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı dəbbə pulu tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: dəbbə pulu) X5 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı dəbbə pulu tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 2217 manat əsas borc və gecikməyə görə hesablanmış 1019,82 (ƏDV daxil) manat penya, hüquqların bərpa edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 1500 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 68 manat dövlət rüsumunun, cəmi 4805 manatın cavabdehdən tutaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli №AS-QQH/224 saylı gündəlik tələbat mallarının idxalı ilə əlaqədar alğı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı MMC Cavabdeh MMC-ə malları satmağı, Cavabdeh MMC isə İddiaçı MMC-ə müqavilə üzrə razılaşdırılmış malların dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmiş, lakin Cavabdeh MMC tərəfindən borclar haqqında hesabatla müəyyənləşdirilmiş 2217 manat əsas borc gecikməyə 1019,82 manat cərimə məbləğində pul vəsaiti ödənilməmişdir. Belə ki, xx.xx.2024-cü ilə qədər cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan borcun məbləği 2217 manat əsas borc, gecikməyə görə 1019,82 (ƏDV daxil) manat müəyyənləşdirilmişdir. İddiaçı əlavə olaraq, hüquqi yardım üçün 1500 manat ödəyərək xərc çəkmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 386.2, 389.1, 390.1, 399.1, 425.1, 442, 445, 445.7, 462.1, 465-ci maddələrinə istinad olunmuşdur. Sonrdan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, gecikməyə görə 1019,82 (ƏDV daxil) manat, hüquqi yardım üçün ödənilmiş 1500 manat və 68 manat dövlət rüsumunun, cəmi 2587 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qismən qəbul edərək 68 manat dövlət rüsumunun cavabdehdən tutulmasına razı olduğunu bildirmiş, gecikməyə görə 1019,82 manat penya və hüquqi yardıma görə 1500 manatın tutulmasının rədd edilməsni xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: Satıcı "xxxx" MMC ilə Alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli AS-QQH/224 saylı alğı-satqı müqaviləsindən görünür ki, müqavilə şərtlərinə əsasən Alıcının sifarişinə uyğun olaraq Satıcı sifarişçiyə Ərzaq, Sənaye və s. Gündəlik tələbat malları (məhsulları) satacaq və təchiz edəcək. Alıcı müqavilənin maddələrinin müddəları əsasında Satıcıya malların (məhsulların) dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin Satıcı ilə Alıcı arasında məhsulların (malların) illik və ya aylıq qiymətləri razılaşdırılıbsa qiymətlər Protokolu tərtib olunur, əks halda Malların dəyəri bazar qiymətinə uyğun olaraq təhvil təslim aktı ilə tənzimlənir. Müqavilənin 2.4-cü bəndinə əsasən malların dəyəri satıcı tərəfindən təqdim olunmuş elektron qaimə/vergi hesab fakturasına uyğun olaraq 30 (otuz) iş günü müddətində satıcıya ödənilməlidir. Müqaviənin 3.1-ci bəndinə əsasən satıcı Sifariş formasını Alıcıdan qəbul etdikdən sonra satdığı məhsulları (malları) 3 (üç) iş günü ərzində və ya gün ərzində tərəflər arasında əldə edilmiş razılığa əsasən çatdırmalıdır. Müqavilənin 6.7-ci bəndinə əsasən Alıcı Müqavilə üzrə Malların dəyərinin ödənilməsi müddətini pozduqda, gecikdirilən hər günə görə ödənilməyən məbləğin 0,5 % (sıfır tam onda beş) faizi həcmində satıcıya penya ödəməlidir. İş materiallarında olan EBDO seriyalı, 186598 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 240 manat, EBDN seriyalı, 066867 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 318 manat, EBDR seriyalı, 310413 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 531 manat dəyərində mallar "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. OD3EDV, OD8EDV, OD1EDV, OD3, OD8, OD1 saylı ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən iddiaçıya xx.xx.2024-cü il, 22 fevral 2024-cü il tarixlərində müvafiq qaydada 5,34 manat, 65,67 manat, 267,18 manat, 29,66 manat, 364,83 manat, 1484,32 manat məbləğində ödənişlər olunmuşdur. 12 fevral 2024-cü il tarixli 69 nömrəli Hüquqi yardımın göstərilməsi haqqında Müqavilədən görünür ki, X1 müraciətinə əsasən Qanuni nümayəndə tərəfindən İddiaçı MMC-nə göstərilən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1500 manat olaraq müəyyən olunmuşdur. 09 fevral 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən dövlət büdcəsinə 134 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı razılaşdırılmış malları cavabdehə təhvil vermiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nisyə alqı-satqı müqaviləsi əsasında təhvil verilmiş malların dəyərini razılaşdırılmış müddət ərzində iddiaçıya tam ödəməmiş, iddiaçı məhkəməyə müraciət etdikdən sonra öhdəliyini tam icra etmişdir. Buna görə də iddiaçı cavabdehdən borcun müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün dəbbə pulu ödənilməsini tələb etmişdir. Cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 120 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə iddiaçı 1500 manat vəkilə ödənilmiş pulun cavabdehdən tutulmasını tələb etsə də belə bir ödənişin hazırkı iş üzrə göstərilmiş xidmətə görə ödənilməsinə dair sübutu təqdim etməmişdir. Belə ki, vəkilə ödənilmiş pulun əvəzi olaraq tələb edilən 1500 manata dair ödənişi təsdiq etmək üçün məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, ödənişin təyinatı kimi tamam başqa xx.xx.2023-cü il tarixli 645 saylı hüquqi xidmət müqaviləsi göstərilmişdir. Həmçinin ödənişin "xxxx" MMC tərəfindən edildiyi ödəyici qrafasında qeyd olunmuşdur. Lakin vəkilin hazırki iş üzrə məhkəməyə təqdim etdiyi vəkil orderin və hüquqi xidmət müqaviləsin nömrəsi 69 nömrəli və 12 fevral 2024-cü il tarixlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1500 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 400 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Məhkəmə cavabdehin razılığını nəzərə alaraq hesab edir ki, ödənilmiş 68 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 03 aprel 2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) manat məbləğində cərimə, 400 (dörd yüz) manat hüquqi yardım xərci və ödənilmiş 68 (altmış səkkiz) manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1584/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1584/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver