Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1588/2023 14.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9723,59 manat, 1000 manat zərər, vəkilə xidmət haqqı olaraq ödənilmiş 310 manat, ümumilikdə 11033,59 manat pulun və iş üzrə ödənilmiş 100 manat mediasiya xərcinin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən 7264,67 manat, 1000 manat zərər, vəkilə xidmət haqqı olaraq ödənilmiş 310 manat pul, ümumilikdə 8574,67 manat və iş üzrə ödənilmiş 100 manat mediasiya xərcinin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman pereparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. İddiaçı kənd təsərrüfatı sahəsində istifadə olunan dərman pereparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. Tərəflər arasında 24 sentyabr 2020-ci il tarixdə “X1” satışına dair 1/20-135 AZ nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən Müqaviləyə əsasən cavabdehə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək ümumilikdə 12707,92 manat dəyərində dərman pereparatları verilmişdir. Cavabdeh iddiaçıya olan 12707,92 manat borcundan 2984,33 manat ödəmişdir. Lakin cavabdeh bu günə qədər onlara olan 9723,59 manat borcunu ödəməmişdir. Dəfələrlə cavabdehə iddiaçıya olan 9723,59 manat borcunu ödəməsini bildirsə də, cavabdeh bu günə qədər onlara olan borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə əlaqədar tərəflərindən cavabdehin vergi kabinetinə müraciət göndərilmişdir. Borcun ödənilməsi ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən tərəflərindən Bakı 1 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya ilkin iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, cavabdeh mediasiya iclasında iştirak etməmiş və mediator X2 tərəfindən xx.xx.2023-cü il tarixli İlkin mediasiya iclasında iştirak edilməməsi barədə MŞB/1-00658 saylı arayış təqdim edilmişdir. Mediasiya xidmətinin göstərilməsinə görə tərəflərindən 100 manat haqq ödənilmişdir. Hazırda cavabdehdən 9723,59 manat pul məbləğini başqa qayda da ala bilmədiklərindən Məhkəməyə müraciət etmişlər. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının məktubda qeyd etdiyi xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatının təyin etdiyi iclasdan məlumatlarının olmadığını, iclasın yeri və vaxtı barədə onlara məlumat verilmədiyi, xx.xx.2020-ci il tarixdə iddiaçı cvabadehə mediasiya prosesinin tətbiqi barədə ünvanlamış olduğu təklifdə məktub hüquqi şəxsin adından göndərildiyi və məktubda hüquqi şəxsin möhürü olmadığı üçün tərəflərindən ciddi sənəd kimi qəbul olunamamışdır. Nəticədə cavabdeh xəbərsiz və onun iştirakı olmadan mediasiya təşkilatının iclası baş tutmuşdur. Elektron Məhkəmə sistemində elektron kabinetlərinə yerləşdirimiş “X1” satışına dair 1/20-153 Az nömrəli müqavilənin 4-cü maddəsinin (Qiymət və Ödəmə şərtləri) 1-ci bəndində qeyd olunur ki, malın adı, miqdarı, dəyəri, təhvil vermə və ödəmə müddətləri Əlavə Razılaşma ilə müəyyən olunur. Ancaq müqavilənin Əlavə Razılaşma hissəsi sənədlərə əlavə olunmayıb. E-qaimə faktura əsasında 12707,932 manat dəyərində göndərilmiş malların kim tərəfindən təhvil alındığını təsdiq edən imzalı sənəd yoxdur. Cavabdeh iddiaçının iddia etdiyi borc məbləğini qəbul etmir və borclu olduğu 5443,25 manatı ödəmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilədə dəbbə pulunun ödənilməsi şərti nəzərdə tutulmadığıdan hazırda cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 1000 manat faiz borcu tələb edilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə dair yazılı etirazı müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 2021-ci ilin oktyabr ayından cavabdehin qanuni təmsilçisidir. Belə ki, müqavilə əvvəlki qanuni təmsilçinin rəhbərlik etdiyi zamanda imzalanmış, lakin onun həmin müqavilədən məlumatı olmamışdır. Ona borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən tələb irəli sürülmüş, tərəfindən elektron qaimələr nəzərdən keçirilmiş, bu səbəbdən cavabdeh tərəfindən iddiaçıya 2022-2023-cü illər ərzində ümumilikdə 5220,70 manat əsas borc, 222,55 manat ƏDV borcu ödənilmişdir. Lakin iddia ərizəsi Məhkəməyə daxil olduqdan sonra müqavilədə göstərilmiş qiymətlərin razılaşdırma protokolunun və təhvil-təslim aktlarının olmadığını görmüşdür. Bu səbəbdən malların onlara təhvil verilməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (alıcı) ilə cavabdeh (satıcı) arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli 1/20-153AZ nömrəli X1 satışına dair müqaviləyə əsasən satıcı alıcıya müqaviləyə əlavə razılaşmada göstərilən bitki mühafizə vasitələrini satır, alıcı isə həmin malı qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı malı alıcıya müəyyən olunmuş müddətdə və eyni zamanda nəzərdə tutulmuş qablaşmada, keyfiyyətinə görə istehlakçının texniki şərtlər və texniki təqdimatı əsasında təhvil verir. Malın yararlılıq müddəti 12 aya qədər olmalıdır. Alıcı isə öz tərəfindən əlavə razılaşmada nəzərdə tutulmuş malı satıcıdan alır. Müqavilənin 4.1-ci bəndinə əsasən malın adı, miqdarı, dəyəri, təhvil verilmə və ödəmə müddətləri bu müqaviləyə Əlavə razılaşma ilə müəyyən olunur. Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı pul öhdəliyini bu Müqavilə və ya Əlavə Razılaşmada qeyd olunan müddətdə ödəmədiyi təqdirdə borcun və ona əlavə faizlərin ödənilməsi məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 və 449.1-ci bəndlərinə əsasən həll edilir. Əgər bu tələblər yerinə yetirilməzsə, satıcı bu müqaviləni dərhal ləğv etmək hüququnu özündə saxlayır. İddiaçı tərəfindən cavabdehə EBAS 064432 saylı xx.xx.2020-ci il tarixli, EBAS 083498 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 080563 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 408809 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 408857 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 731639 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 365935 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 367934 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 367934 nömrəli xx.xx.2020-ci il tarixli, EBAT 861366 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir. xx.xx.2023-cü il tarixli **********3249 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən EBAS 083498 nömrəli, EBAS 408809 nömrəli, EBAT 367934 nömrəli elektron qaimələr əsasında 222,55 manat məbləğində ƏDV subuçot hesabından köçürmə aparılmışdır. İddiaçıya məxsus hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə 984,33 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1236,37 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat ödəniş edilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli 1/20-153AZ nömrəli X1 satışına dair müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Cavabdeh iddiaya etiraz edərək malların onlara təhvil verilməsinə dair tərəflər arasında təhvil-təslim aktlarının imzalanmadığını, bu səbəbdən onların iddiaçıya hər hansı borcunun olmadığını bildirir. Məhkəmə cavabdehin tərəflər arasında təhvil-təslim aktının olmaması səbəbindən iddia tələbinin təmin edilməməli olması barədə dəlili ilə razılaşmır. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli müqavilə üzrə təhvil verilmiş mallarla bağlı 9 ədəd elektron qaimə təqdim edilmiş, həmin qaimələrdən beşi tam şəkildə, bir qaimə isə qismən (5486,96 manat borcdan 3000 manat hissəsi) ödənilmiş, üç qaimə isə ödənilməmiş qalmışdır. Elektron qaimələr iddiaçı tərəfindən cavabdehə 2020-ci ilin noyabr-dekabr aylarında təqdim edilmiş, cavabdeh tərəfindən iddiaçıya ödənişlər 2022-2023-cü illər ərzində edilmiş, lakin bu müddət ərzində iddiaçıya malların təhvil-təslim aktlarının olmaması ilə bağlı hər hansı irad bildirilməmiş, müqavilə üzrə ödənilmiş vəsaitlərin geri qaytarılması, habelə cavabdehin iddia etdiyi kimi mallar təhvil verilməmişdirdə, malların təhvil verilməsi iddiaçıdan tələb edilməmiş, hətta iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə tələb irəli sürüldükdən sonra cavabdeh tərəfindən ümumilikdə 2236,37 manat əsas borc (xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə) və xx.xx.2023-cü il tarixdə isə ƏDV borcu ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, etirazda göstərilən xüsusatlar əsassızdır. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 7264,67 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 7264,67 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə bank uçot dərəcəsi nəzərə alınmaqla 1000 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. İddiaçı iddia tələbində cavabdehdən bank uçot dərəcəsi nəzərə alınmaqla 1000 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 1000 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Bundan əlavə, iddia ərizəsində həmçinin tərəflər arasında yaranmış hazırkı mübahisənin hüquqi həlli istiqamətində iddiaçı tərəfindən çəkilmiş 310 manat hüquqi yardım xərcinin ödənilməsi tələbi də göstərilmişdir. Lakin iddiaçı qeyd olunan məbləğin ödənilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmiş, Məhkəməyə də sonradan təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu səbəbdən məhkəmə iddia ərizəsini “310 manat hüquqi yardım xərcinin ödənilməsi” hissəsində də əsassız hesab edir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 7264,67 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/1-00658 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 7264,67 (yeddi min iki yüz altmış dörd manat altmış yeddi qəpik) manat pul və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1588/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1588/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver