Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1590/2024 16.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əvəzsiz istifadə müqaviləsi, pul tələbi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən (VÖEN: **********) 817 (səkkiz yüz on yeddi) manat əsas borc, 40 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə (VÖEN **********) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MTK (VÖEN: **********) arasında xx.xx.2021-ci il tarixli, KOD 0307/2021 saylı məhsulların (malların) alqı-satqı müqaviləsi və həmin müqaviləyə 01 saylı əlavə (Qiymətlərin razılaşdırma protokolu) imzalanmışdır. Həmin müqavilə, müqaviləyə 01 saylı əlavə (Qiymətlərin razılaşdırma protokolu) və elektron qaimələrə (əlavə olunur) əsasən Cavabdeh MTK-ya qaimələrdə göstərilən miqdarda pivə məhsulları satılmışdır. Lakin cavabdeh aldığı məhsulların dəyərini ödəməmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MTK-nın İddiaçı MMC-yə 817 (səkkiz yüz on yeddi) manat əsas borcu vardır. Cavabdehə pretenziya məktubunun göndərilməsinə və mediasiyaya müraciət edilməsinə baxmyaraq, heç bir nəticə əldə olunmamışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci və 442-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “Kodis" MMC Cavabdeh MTK-ya qarşı xx.xx.2021-ci il tarixli, 0307/2021 nömrəli alqı-satqı müqaviləsinə əsasən 817 manat borcun tutulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hisəssi olan “X1”nda göstərilən məhsulları satır, alıcı isə malı qəbul edir və bunun müqabilində razılaşdırlmış qiyməti, malın dəyərini aylıq satışa uyğun olaraq 35 gündən gec olmayaraq satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin qeyd edilən bəndindən göründüyü kimi, müqavilənin digər tərəfi Cavabdeh MTK olmuş və alıcı kimi müqavilə və müqavilənin ayrılmaz tərkib hisəssi olan “X1”nda göstərilən məhsulları təhvil götürüb, onun dəyərini satıcıya ödəməli idi. Lakin iddia ərizəsinə əlavə edilmiş ümumi dəyəri 817 manatlıq, 2021-ci il tarixli 5 ədəd elektron qaimədən göründüyü kimi, malın təhvil götürülməsi qrafasında yalnız müxtəlif formada olan imzalı qaimə təqdim edilmişdir ki, bu da həmin məhsulun Cavabdeh MTK tərəfindən qəbul edilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Eyni zamanda elektron qaimədə göstərilən həmin məhsulların Cavabdeh MTK tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı bir sübut da iş materiallarına əlavə edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimələrdə mövcud olan “təhvil aldım” qrafasının qarşısında təhvil alan şəxsin imza nümunəsinin alqı-satqı müqaviləsi və müqavilənin ayrılmaz tərkib hisəssi olan "X1”nda olan imza ilə eynilik təşkil etmədiyi aşkar müşahidə olunur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər kabinetinin 2021-ci il 2 fevral tarixli, 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.8-ci bəndinə əsasən elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi proqram tərəfindən avtomatik generasiya olunur. Elektron qaimə-fakturanın gücləndirilmiş elektron imza vasitəsilə imzalanaraq göndərildiyi tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır. Qeyd olunan elektron qaimə-faktura üzrə isə gücləndirilmiş elektron imza vasitəsilə imzalandığı tarix həmin elektron qaimə-fakturanın təsdiq edilmə tarixi sayılır. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən elektron qaimə-fakturanın bütün xanalarının doldurulması zəruridir, onun boş qalmış sətirləri olduqda, bunlar proqram təminatı tərəfindən “0” (sıfır) kimi qəbul edilir. Həmin qaydaların 3.5-ci bəndinə əsasən elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 570.1.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. Eyni zamanda nisyə alqı-satqı ilə bağlı mövcud qanunvericiliyə əsasən təhvil verilmiş malın dəyərinin ödənilməsi ilə bağlı ağlabatan müddət ərzində tələb irəli sürülə bilərdi ki, iddiaçı tərəf bunu etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən bildirilir ki, iddia ərizəsinə əlavə edilmiş elektron qaimələrdə göstərilən mallar Cavabdeh MTK tərəfindən təhvil götürülməmişdir.
5. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, Cavabdeh MTK-dan (VÖEN: **********) 817 (səkkiz yüz on yeddi) manat əsas borc, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən həmin tarixə hesablanmış 163,40 (yüz altmış üç manat qırx qəpik) cərimə borcu (müqavilənin 7.3-cü bəndi), “X2 Cool-350P” soyuducusunun əvəzi olaraq 1200 (min iki yüz) manat olmaqla, cəmi 2180,4 (iki min yüz səksən manat qırx qəpik) manat borc; 40 manat mediasiya xərci, 1,81 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş üzrə iddiaçı və cavabdeh “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizələr ünvanlayaraq, məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. İş materiallardan görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KOD 0307/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən məhsulları (bundan sonra mal və malları) satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində “X1” ilə razılaşdırılmış qiymətlərlə malın dəyərini aylıq satışa uyğun olaraq 35 (otuz beş) gündən gec olmayaraq satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda öz əksini tapır. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən malın alıcıya təhvil verilməsinin və ya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya gecikdirilən hər təqvim günü üçün təhvil verilməmiş malın ümumi dəyərinin 0.1%-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.
8. xx.xx.2021-ci il tarixli, KOD 0307/2021 nömrəli alqı-satqı müqaviləsinə qiymətlərin razılaşdırma protokolu adlı 01 nömrəli əlavədən görünür ki, tərəflər sözügedən sənəddə ad(lar)ı qeyd olunmuş mal(lar)ın qiymət(lər)i (ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı 1 nömrəli əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 320465 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 163 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
10. xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 180637 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 102 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
11. xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 314207 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 290 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
12. xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 080003 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 99 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
13. xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 206712 nömrəli elektron qaimədə İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 163 manat (ƏDV daxil) təşkil etdiyi qeyd olunur.
14. xx.xx.2023-cü il tarixli, 36 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MTK ilə təşkilat arasında bağlanmış 08 yanvar 2021-ci il tarixli, KOD 0307/2021 saylı alqı-satqı müqaviləsinə əsasən 15 fevral 2023-cü il tarixə ödənilməmiş 817 (səkkiz yüz on yeddi) manat əsas borcu, 163,40 (yüz altmış üç manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 980,40 (doqquz yüz səksən manat qırx qəpik) manat borcu qalmışdır.
15. İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış pretenziya məktubundan görünür ki, borcun 7 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
16. İstifadəyə verən qismində İddiaçı MMC ilə istifadəçi qismində Cavabdeh MTK arasında bağlanmış 05 mart 2021-ci il tarixli, KOD-S 200/2021 nömrəli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 1.1-ci bəndinə görə bu müqaviləyə əsasən istifadəyə verən satışını təşkil etdiyi spirtli va spirtsiz içkilərin istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını va reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (istifadəyəverənin mülkiyyətində olan) soyuducuları (bundan sonra soyuducu) istifadəçiyə əvəzsiz istifadəyə verməyi, istifadəçi isə istifadəyəverənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə (normal köhnəlmə nəzarə alınmaqla) geri qaytarmağı öhdəsinə götürür; 2.1.2-ci bəndinə əsasən soyuducunu istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada istifadəçiyə Əlavə № 1-də göstərilən təhvil-təslim aktı vasitəsilə təhvil verir; 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 5 (beş) gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir; 2.9-cu bəndinə əsasən istifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra sonra 5 gün ərzində istifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu müqavilənin 2.1.2-ci maddəsinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytarıldıqda istifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır; 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənə ödəyir; 3.4-cü bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən hər hansı formada özgəninkiləşdirilməsi halları aşkar edildikdə, istifadəçi soyuducunun ümumi dəyərinin 2 misli həcmində istifadəyəverənin nəfinə cərimə ödəyir; 3.5-ci bəndinə əsasən istifadəçi fəaliyyət ünvanını dəyişdikdə, fəaliyyətini dayandırdıqda ən azı 24 saat ərzində istifadəyəverənə rəsmi bildirməli və soyuducunun geri qaytarılmasını 5 gün ərzində təmin etməlidir; 3.6-cı bəndinə əsasən istifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, əmlakın dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir; 4.2-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və istifadəyəverən tərəfindən soyuducunun geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir. Müddət bitdikdə tərəflər etiraz etməzsə, müqavilə eyni müddətə yenidən bağlanmış sayılır.
17. 05 mart 2021-ci il tarixli, KOD-S 200/2021 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə 01 saylı əlavədən görünür ki, 1 ədəd 600 manat dəyərində “X2 Cool-350P” soyuducusu Cavabdeh MTK-ya təhvil verilmişdir.
18. İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış pretenziya məktubunda deyilir ki, “istifadəyə verən” (İddiaçı MMC) istifadəyə verilən soyuducunu istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 5 (beş) gün ərzində “istifadəçi” tərəfindən soyuducu qaytarılmadıqda və ya müqavilənin 2.1.2-ci maddəsinin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda istifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. Həmçinin müqavilənin 2.7ci va 3.6-cı bəndlərinə əsasən istifadəçi soyuducunu 5 (beş) gün müddətində təhvil vermədikdə, soyuducunun dəyərinin 2 misli həcmində (1200 (min iki yüz) manat) istifadəyəverənə cərimə ödəməlidir. Buna görə də dəyəri 600 (altı yüz) manat olan “X2 Cool-350P” 5 (beş) gün ərzində qaytarılmadığı təqdirdə, soyuducunun dəyərinin 2 misli həcmində, yəni 1200 (min iki yüz) manatın, əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cü maddəsinə əsasən məhkəmə xərcləri, yəni mediasiya xərci, dövlət rüsumu, hüquqi xidmət üçün vəkilə ödənilmiş xidmət haqqı, poçt xərcləri, əldən çıxmış fayda və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faizi tələb olunacaqdır. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə əsasən hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
22. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında əvəzsiz istifadə müqaviləsindən və alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Əvəzsiz istifadə müqaviləsinə əsasən iddiaçı-istifadəyə verən satışını təşkil etdiyi spirtli va spirtsiz içkilərin istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını va reklamını təşkil etmək üçün ona məxsus dəyəri 600 manat olan 1 ədəd “X2 Cool-350P” markalı soyuducunu cavabdehin əvəzsiz istifadəsinə verməyi, cavabdeh-istifadəçi isə istifadəyəverənin tələbi ilə həmin əşyanı işlək vəziyyətdə (normal köhnəlmə nəzarə alınmaqla) iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, soyuducunu cavabdehin istifadəsinə vermişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçı cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini əsas gətirərək, cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürmüşdür.
23. Qeyd olunmalıdır ki, əvəzsiz istifadə müqaviləsinin 4.2-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və istifadəyəverən tərəfindən soyuducunun geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir.
24. İşin hallarından göründüyü kimi, iddiaçı sonradan iddia tələbinin həcmini artıraraq, əvəzsiz istifadə müqaviləsi üzrə göstərilən tələbi irəli sürmüş, eyni zamanda soyuducunun qaytarılması ilə bağlı pretenziyanı da ərizəyə əlavə etmişdir. İddiaçı soyuducunun qaytarılmadığını bildirərək, hazırkı tələblə məhkəməyə müraciət edtmişdir.
25. Əvvəla, işin hallarından göründüyü kimi, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü digər öhdəliklərin yerinə yetirilməməsi mübahisələndirilmir. Sadəcə bildirilir ki, soyuducunun qaytarılması ilə bağlı müraciət edilsə də, soyuducu qaytarılmır.
26. Müəyyən olunur ki, əmlak cavabdehin istifadəsinə verilsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuş, soyuducunu iddiaçıya qaytarmamışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh soyuducunu 5 gün ərzində geri qaytarmalı olduğu halda, geri qaytarmamış (cavabdehə ən azı xx.xx.2024-cü il tarixdən iddiaçının soyuducunun qaytarılması tələbi bəllidir), ona görə də iddiaçının müqavilə şərtlərinə əsasən soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranmışdır. Məhkəmənin qənaətinə əsasən hazırkı mübahisə həll edilərkən tərəflər arasında bağlanmış müqavilənin cərimə ilə bağlı məsələləri tənzimləyən 2.7, 2.9, 3.5, 3.6cı bəndləri əsas götürülməlidir.
27. Göründüyü kimi, qaytarılması tələb olunan soyuducunun dəyəri 600 manat olmuş, soyuducu cavabdehin istifadəsinə 2021-ci ildə verilmiş, qaytarılma barədə müraciət 2024-cü il edilmişdir. Pretenziyada müqavilənin 2.9, 2.7 və 3.6-cı bəndlərinə istinad olunmuş və soyuducu qaytarılmadığı təqdirdə, cavabdehin 1200 manat cərimə ödəməli olduğu qeyd olunmuşdur.
28. Məhkəmə belə nəticəyə gəlir ki, tənasübsüz surətdə yüksək cərimə məbləği azaldılmalı, iddia qismən, 640 manat hissədə təmin olunmalı, qalan hissədə isə rədd olunmalıdır. Belə ki, məhkəmənin qənaətinə əsasən tələb olunan məbləğdən soyuducunun dəyərini təşkil etmiş 600 manat və əlavə olaraq 40 manat məbləğin cavabdehdən tutulması işin hallarına və tərəflərin mənafeyinə uyğundur.
29. Beləliklə, məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən əmlakı qaytarmaqla bağlı öhdəliyini icra etmədiyini, belə olan halda isə iddiaçının cavabdehə qartşı hazırkı tələbi irəli sürmək etmək hüququna malik olmasını və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, əvəzsiz istifadə müqaviləsi üzrə Cavabdeh MTK-dan 640 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
30. Bundan başqa, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddia tələbinin bir hissəsini cavabdehdən 817 manat əsas borcun tutulması təşkil edir.
31. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdehndən 817 (səkkiz yüz) manat borc tutularaq iddiaçıya ödənilməlidir.
32. İddiaçı həmçinin cavabdehdən alqı-satqı müqaviləsinin 7.3-cü bəndinə əsasən 163,40 manat faiz borcunun tutulmasını xahiş etmişdir. Həmin bəndə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.
33. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun cərimənin tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 40 (qırx) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
34. İddiaçı həmçinin ödənilmiş 40 manat mediasiya xərci, 1,81 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
35. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş mediasiya xərci və dövlət rüsumuna görə 28,70 manat (iyirmi səkkiz manat yetmiş qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 817 (səkkiz yüz) manat borc, 40 (qırx) manat cərimə, “X2 Cool-350P” soyuducusunun əvəzi olaraq 640 (altı yüz qırx) manat, ödənilmiş mediasiya xərci və dövlət rüsumuna görə 28,70 manat (iyirmi səkkiz manat yetmiş qəpik) olmaqla, cəmi 1525,70 manat (min beş yüz iyirmi beş manat yetmiş qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova