Məhkəmə qərarları › İş №e-2-2(113)-1591/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1591/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1591/2022 08.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "müqaviləyə xitam verilməsi, avans və cərimə məbləğinin tutulması" tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Avtokapital-Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti (İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan 18 yanvar 2021-ci il tarixli Layihə işlərinin icra edilməsinə dair müqaviləyə xitam verilməsi, cavabdehdən iddiaçının xeyrinə 62304 (altmış iki min üç yüz dörd) manat avans məbləğinin, 5192,00 (beş min yüz doxsan iki) manat cərimə məbləğinin, mediatorun xidmətlərinə görə ödənilən 400 (dörd yüz) manat və 294,57 (iki yüz doxsan dörd manat əlli yeddi qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 68190,57 (altmış səkkiz min yüz doxsan manat əlli yeddi qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmənin hazırlıq iclasında bildirdi ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq sənədlər elektron qaydada cavabdeh tərəfə çatdırılmamışdır. Ona görə də iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmənin hazırlıq iclasında bildirdi ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş sonuncu dəyişliklə bağlı məlumatı olmamışdır. Odur ki, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, pretenziya məktubu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada deyil, poçt vasitəsi ilə çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.3-cü maddəsinin tələbinə görə əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1) 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "Avtokapital-Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "müqaviləyə xitam verilməsi, avans və cərimə məbləğinin tutulması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar