Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1591/2023 30.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin lazımınca icra edilməməsi, borcun yaranması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən əsas borca görə 7231,81 manat, əldən çıxmış faydaya görə 1175,19 manat və mediasiya sessiyası üçün ödənilmiş 100 manat olmaqla, cəmi 8507 manat məbləğində pul vəsaitinin qətnamənin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış olan xx.xx.2019-cu il tarixli, 19/027 saylı alqı-satqı müqaviləsinə əsasən mal-materialların satışı və alışı həyata keçirilmişdir. Uzun müddət tərəflər arasında mal-materialların alınıbsatılmasına və ödənişlərin edilməsinə baxmayaraq, cavabdeh sonuncu aldığı malların ödənişlərini hələ də etməmişdir. Belə ki, cavabdeh 7231,81 manat borcu artıq 2019-cu ilin oktyabr ayından ödəmir. Dəfələrlə şirkət rəhbərlərinin görüşməyinə, hətta mediasiya sessiyası zamanı müəyyən vaxt istənilməsinə baxmayaraq, hələ də cavabdeh borcunu ödəməmişdir. 19/027 saylı alqı-satqı müqaviləsinin 2.2.2.-ci bəndinə görə alınmış malların dəyəri 20 (iyirmi) iş günü müddətində ödənilməli idi. Lakin artıq yuxarıda qeyd edildiyi kimi 3 (üç) ildən artıq müddətdir ki, cavabdeh ödənişi etmir. xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində cavabdehə elektron vergi hesab-fakturalar göndərilmiş, malların ümumi dəyəri 7231,81 manat təşkil etmişdir. Cavabdehin iddiaçının pul vəsaitini əsassız olaraq özündə saxlaması müəyyən edildiyindən tələb edilən pul məbləğinə illik 5% sonuncu elektron qaimənin göndərildiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixindən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtadək (xx.xx.2023-cü il tarixinədək), yəni 3 il 3 ay üçün 1175,19 manat (39 X (7231,81 X 5% / 12)) əldən çıxmış fayda məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşidirilməsi” barədə ərizə verərək, Cavabdeh MMC-dən 6128,66 manat əsas borc, 1103,15 manat ƏDV borcu, əldən çıxmış faydaya görə 1175,19 manat, 100 manat mediasiya xərci və 6,40 manat dövlət rüsumu olmaqla, cəmi 8513,40 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 425, 427.3, 427.4, 442, 443.1, 448.1, 445.2.1, 445.7, 449.1 və 449.2-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. İş materiallarından görünür ki, satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli, 19/027 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya hesab-fakturada göstərilən mal-material dəyərlilərini satır, alıcı isə həmin malları qəbul edir və 20 (iyirmi) iş günü müddətində malın haqqını ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə tərəfləri ƏDV ödəyiciləridir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən köçürmə və nağd formasında həyata keçiriləcəkdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş mallar təhvil alınandan sonra 20 (iyirmi) iş gün müddətində aparılmalıdır.
8. xx.xx.2019-cu il tarixli, EAAU seriyalı, 285084 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2360 (ƏDV daxil) manat təşkil edir.
9. xx.xx.2019-cu il tarixli, EAAX seriyalı, 689680 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9832,94 (ƏDV daxil) manat təşkil edir.
10. xx.xx.2019-cu il tarixli, EBAB seriyalı, 617735 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4478,88 (ƏDV daxil) manat təşkil edir.
11. "xxxx" ASC tərəfindən verilmiş "xxxx" MMC-nin 2019-cu il il üzrə hesabdan çıxarışdan görünür ki, "xxxx" MMC-nin hesabına Cavabdeh MMC tərəfindən xx.xx.2019-cu il tarixdə 2000 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat və xx.xx.21019-cu il tarixdə 4500 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
12. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, BD7 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Bakı 12 saylı Mediasiya Təşkilatının AZ58AİİB400600E**********112 nömrəli hesabına 100 (yüz) manat məbləğində pul vəsaiti köçürülmüşdür.
13. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
14. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, əşyanı alıcının mülkiyyətinə versə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir. Təqdim olunan elektron qaimələr üzrə ümumi məbləğ ƏDV daxil 16671, 82 manat, ödənişlər 8000 manat, ƏDV daxil 9440 manat, qalıq məbləğ isə ƏDV daxil 7231,82 manat (16671,82- 9440=7231,82 ) təşkil edir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
18. İddia tələbinin bir hissəsini cavabdehdən cavabdeh 6128,66 manat əsas borc və 1103,15 manat ƏDV borcunun tutulmasından ibarətdir.
19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6128,66 manat (altı min yüz iyirmi səkkiz manat altmış altı qəpik) əsas borc və 1103,15 manat (min yüz üç manat on beş qəpik) ƏDV borcu iddiaçının xeyrinə tutulmalıdır.
20. İddia tələbinin digər hissəsini cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul vəsaitinin ödənilməsi gecikdirildiyi üçün 1175,19 manat məbləğin cavabdehdən tutulması təşkil edir.
21. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən 1175,19 manat (min yüz yetmiş beş manat on doqquz qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
22. Eləcə də, iddiaçı 100 manat mediasiya xərci və 6,40 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 6,40 manat (altı manat qırx qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 6128,66 manat (altı min yüz iyirmi səkkiz manat altmış altı qəpik) əsas borc, 1103,15 manat (min yüz üç manat on beş qəpik) ƏDV borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1175,19 manat (min yüz yetmiş beş manat on doqquz qəpik), 100 (yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 6,40 manat (altı manat qırx qəpik) olmaqla, cəmi 8513,40 manat (səkkiz min beş yüz on üç manat qırx qəpik) məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova