Məhkəmə qərarları › İş №e-2-2(113)-1592/2022

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1592/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1592/2022 06.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X4 qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 12 dekabr 2019-cu il tarixli, 204/19 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 1.378,15 (min üç yüz yetmiş səkkiz manat on beş qəpik) manat borc, 206.75 manat dəbbə pulu, mediasiya sessiyasına ödənilmiş 60 manat və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 1.674,90 (min altı yüz yetmiş dörd manat doxsan qəpik) manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “AZƏRİŞ LTD“ MMC ilə X5 arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 12 dekabr 2019-cu il tarixli, 204/19 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.-ci bəndinə görə satıcı (MMC) müxtəlif adda alkoqollu və alkoqolsuz içki məhsulların alıcının (X5) mülkiyyətinə verir, alıcı isə malı qəbul edərək müəyyən edilmiş qiymətini ödəyir. Müqavilənin 7.1-ci bəndinə görə alıcı malın dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödəmədikdə hər gecikdirilmiş gün üçün malın ödənilməmiş qalığının 0,2% həcmində peniya ödəyir. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş 11.12.2019-cu il tarixli elektron qaimələrdən görünür ki, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 1378.15 (min üç yüz yetmiş səkkiz manat on beş qəpik) manat borcu yaranmış və həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə 24.12.2021-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “AZƏRİŞ LTD“ MMC (satıcı) ilə X6 (alıcı) arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 204/19 saylı , 12 dekabr 2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilə hər iki tərəfin imzası və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə tərəflər arasında bağlanmış 204/19 saylı , 12 dekabr 2019-cu tarixli alqı-satqı müqaviləsi ilə bağlıdır. Ona görə də adı çəkilən müqavilə ilə yaranmış öhdəliyin tələb edilməsi ilə bağlı hüquqi əsas tapılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi “AZƏRİŞ LTD“ MMC tərəfindən X4 11.12.2019-cu il tarixdə 1.378,15 manat məbləğində malın sonuncuya verilməsi barədə EBAD seriyalı 680238 saylı elektron qaimə göndərilmiş, sonuncu tərəfindən də, göndərilmiş elektron qaimələrlə bağlı hər hansı bir etiraz daxil olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, 1.378,15 manat dəyərində olan mallar “AZƏRİŞ LTD“ MMC tərəfindən X4 təhvil verilmiş, sonuncu tərəfindən isə qeyd edilən malların dəyərinin ödənilməsinə dair hər hansı bir sübut olmadığından X3 1.378,15 manat məbləğində borcu vardır. Ona görə də, iddia əsas 1.378,15 əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə iddianın 206,75 manat dəbbə pulu tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə hesab edir ki, 206,75 manat cərimə borcunun tutulması ağlabatan olduğundan, iddia bu hissədə də, əsaslıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommersiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan Arayışdan görünür ki, “AZƏRİŞ LTD“ MMC mediasiya xərci olaraq 60 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 204/19 saylı, 12 dekabr 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 1.378,15 (bir min üç yüz yetmiş səkkiz manat on beş qəpik) manat, 206,75 (iki yüz altı manat yetmiş beş qəpik) manat dəbbə pulu olmaqla, cəmi 1.584,90 (bir min beş yüz səksən dörd manat doxsan qəpik) manat məbləğində pul X2 tutularaq “AZƏRİŞ LTD“ MMC-yə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul X2 tutularaq “AZƏRİŞ LTD“ MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul X2 tutularaq “AZƏRİŞ LTD“ MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar