Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1592/2023 16.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə, hüquqi yardım xərci, mediasiya xərci, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli müqavilə üzrə 28 386,52 manat əsas borcun və 310 manat hüquqi yardım xərcinin, 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı xx.xx.1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman preparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəaliyyətini həyata keçirir. Belə ki, iddiaçı kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. İddiaçı ilə cavabdeh arasında 26 noyabr 2021-ci il tarixdə bitki mühafizə vasitələrinin satışına dair 1/21-195 AZ nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə ümumilikdə 28386,52 manat dəyərində dərman preparatları verilmişdir. Qiymət razılaşmasına əsasən cavabdeh aldığı məhsulların dəyərini bir ay ərzində ödəməli idi. Lakin cavabdeh bu günə qədər iddiaçıya olan 28386,52 manat borcunu ödəməmişdir. Şifahi müraciətlərlə yanaşı, borcun ödənilməsi ilə əlaqədar cavabdehin vergi kabinetinə müraciət də göndərilmişdir. Bundan sonra borcun ödənilməsi ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən Bakı 1 saylı mediasiya təşkilatına müraciət edilmişdir. Lakin cavabdeh mediasiya prosesində iştirak etməmiş, bu səbəbdən xx.xx.2023-cü il tarixli ilkin mediasiya iclasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443, 448-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1592/2023 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə müvafiq aktlar əsasında 16 dekabr 2021-ci il tarixdə dəyəri 28386,52 manat təşkil edən məhsullar cavabdehə təhvil verilsə də, malların dəyəri ödənilməmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, müqavilədə malların dəyərinin təhvil alındığı gündən bir ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin cavabdehlə müqavilə üzrə qeyd edilən mallardan başqa, hər hansı dövriyyə olmamışdır. Malların təhvilini rəsmiləşdirən elektron qaimələr də sistem tərəfindən təsdiqlənmişdir.
7. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin X1 Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda hüquqi ünvanına göndərilmişdir. Amma cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş 26 noyabr 2021-ci il tarixli 1/21-195 AZ nömrəli bitki mühafizə vasitələrinin satışına dair müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə əsasən Satıcı (iddiaçı) müqavilənin əlavəsi hesab edilən və Alıcı (cavabdeh) tərəfindən rəsmiləşdirilən müvafiq Əlavədə göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda Alıcıya satmağı, Alıcı isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq Əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür.
12. Adıçəkilən müqavilənin 3-cü hissəsinə əsasən, malların Alıcıya çatdırılması müvafiq Əlavədə müəyyənləşdirilən qaydada həyata keçiriləcək (3.1). Malların təhvil verilməsi Alıcının müqavilənin müvafiq əlavələrində göstərilən ünvanda həyata keçiriləcək. Alıcının həmin Mallara mülkiyyət hüququ o vaxt yaranacaq ki, onlar Alıcının və ya onun səlahiyyətli nümayəndəsinin ixtiyarına qənaətbəxş səviyyədə bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə tam təhvil verilmiş olsun (3.2). Satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı (qaimə-faktura) əsasında həyata keçirəcək (3.4).
13. Qeyd edilən müqavilənin 4.1-ci bəndindən görünür ki, bu müqaviləyə əsasən Satıcı tərəfindən təchiz olunacaq malların qiyməti, hesablaşma qaydası və ödəniş müddətləri Alıcı ilə razılaşdırılır və müvafiq Əlavədə müəyyən edilir. Malların qiymətlərinin sonradan dəyişməsi, azalması və ya artması tərəflər arasında yenidən hesablaşmaya səbəb olmayacaq. Qiymət, say və konfiqurasiya dəyişikliyi yalnız tərəflər arasında qarşılıqlı razılaşma əsasında müqaviləyə əlavə olunmaqla müəyyənləşdiriləcək.
14. Sözügedən müqaviləyə 13 dekabr 2021-ci il tarixli Əlavə №1 ilə təsdiq edilmiş qiymətlərin razılaşdırma protokolundan görünür ki, tərəflər ümumi dəyəri 28386,52 manat olan müxtəlif adda və miqdarda bitki mühafizə vasitələrinin adı, miqadarı, qiymətini razılaşdırmış, ödəniş şərti kimi mal təhvilindən sonra 1 ay ərzində, çatdırılma şərti və ünvanı kimi alıcının anbarı, təhvil-təslim sənədi kimi təhvil-təslim aktı müəyyənləşdirilmişdir.
15. İş materiallarına əlavə edilmiş 16 dekabr 2021-ci il tarixli **********9 nömrəli və **********8 nömrəli aktlardan görünür ki, müvafiq olaraq 6854,40 manat və 21532,12 manat dəyərində müxtəlif çeşiddə və miqdarda mallar alıcının nümayəndəsi qismində Qənbərov Rəşad və Rəşad adlı şəxslər tərəfindən qəbul edilmişdir.
16. Məhkəməyə təqdim edilən EBBO 246375 və EBBO 246373 seriya və nömrəli elektron qaimələrdən görünür ki, 16 dekabr 2021-ci il tarixli aktlarda qeyd olunan adda və miqdarda müvafiq olaraq 6854,40 manat və 21532,12 manat dəyərində malların cavabdehə təhvil verilməsi rəsmiləşdirilmişdir.
17. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə-faktura” altsistemindən çıxarışdan görünür ki, EBBO 246375 və EBBO 246373 seriya və nömrəli elektron qaimələr sistem tərəfindən təsdiqlənmişdir.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı qiymətlərin razılaşdırma protokolunda razılaşdırılmış miqdarda, çeşiddə və s. ümumi dəyəri 28386,52 manat olan bitki mühafizə vasitələrini istifadə məqsədləri üçün yararlı halda cavabdehə satmağı, cavabdeh isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini adıçəkilən qiymətlərin razılaşdırma protokolunda müəyyən edilmiş 1 ay ərzində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə 16 dekabr 2021-ci il tarixdə **********8 nömrəli və **********9 nömrəli akt əsasında, EBBO 246373 və EBBO 246375 seriya və nömrəli elektron qaimələr tərtib edilməklə 28386,52 manat dəyərində müxtəlif çeşiddə və miqdarda məhsullar cavabdehə təhvil verilmiş, lakin dəyəri ödənilməmişdir.
19. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş malların dəyəri olan 28 386,52 manat pulun cavabdehdən tutulmasını xahiş edir.
20. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
24. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
25. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
26. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
27. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
28. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
29. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
30. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
31. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
37. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
38. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 28 386,52 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
39. İddiaçı həmçinin 310 manat hüquqi yardım xərcinin və 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
40. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/1-00659 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci İddiaçı QSC tərəfindən ödənilmişdir.
41. Məhkəməyə təqdim edilən ******* nömrəli vəkil orderindən və **********52 nömrəli ödəmə qəbzindən görünür ki, 310 manat məbləğində pul xx.xx.2023-cü il tarixli 4285/23 nömrəli müqavilə əsasında “LCG” vəkil bürosuna köçürülmüşdür.
42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
43. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə göstərilmişdir ki, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
44. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
45. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
46. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
47. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
48. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə iddia tələbinin tam təmin olunduğunu, kommersiya mübahisələri üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək iddiaçının qanunla müəyyən olunmuş bir sıra tələblərə əməl etməli olduğu nəzərə aldıqda vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan pulun ağlabatan olduğunu və yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat və vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 310 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242- 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə 28 386 (iyirmi səkkiz min üç yüz səksən altı) manat 52 (əlli iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 310 (üç yüz on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova