Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1593/2022 14.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən reaktiv enerjiyə görə iddiaçıya əsassız hesablanmış 31641,83 manat borcun silinməsi və gələcəkdə reaktiv enerjiyə görə borcun hesablanmasının cavabdehə qadağan edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən reaktiv enerjiyə görə iddiaçıya əsassız hesablanmış 31641,83 manat borcun silinməsi və gələcəkdə reaktiv enerjiyə görə borcun hesablanmasının cavabdehə qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya 07 yanvar 2022-ci il tarixli 06/11-115 saylı xəbərdarlıq məktubu göndərərək, guya istifadə edilmiş elektrik enerjisinin sərfiyyatına görə yaranmış 31641,83 manat debitor borcun ödənilməməsinə görə elektrik enerjisinin dayandırılmasını bildirmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli elektrik enerjisinin alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kVts aktiv elektrik enerjisi sərfiyyatına əsasən, tarif üzrə aparılır. İddiaçı tərəfindən aktiv elektrik enerjisinin sərfiyyətinə görə debitor borc tam şəkildə ödənilmişdir, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesab-fakturalarda 2021-ci ilin noyabr və dekabr ayları üçün reaktiv enerji üçün əsassız olaraq ümumilikdə 31641,83 manat borc hesablanmışdır. Halbuki, cavabdeh tərəfindən iddiaçıya sonuncu hesab-faktura təqdim edilənədək elektrik enerjisinin sərfiyatına görə əvvəlki dövrlər üzrə reaktiv enerji üçün borc hesablanmamışdır. Cavabdeh tərəfindən reaktiv enerjiyə görə hesablanmış sərfiyyatı əsassız hesab edir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, reaktiv enerjinin hesablanması müqavilədə öz əksini tapmamışdır, lakin elektrikdən enerjinin istifadə qaydalarının 4.2-ci bəndinə əsasən elektrik enerjisi istehlak olunan zaman israfçılığa, təsərrüfatsızlığa yol verilməməlidir və bununla bağlı qarşı tərəfə müəyyən bir qurğunun qurulması tövsiyyə olunmuşdur. Hansı ki, böyük enerji sərf olunan müəssisələrdə belə bir qurğunun olması lazımdır. Həmçinin 9.21-ci bənddə də göstərilmişdir ki, istehlakçı öz təqsirindən elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsi hallarında elektrik enerjisi təchizatı müəssisəsinə ödəniş etməlidir. Bu əsasla qarşı tərəfə reaktiv enerji hesablanmışdır. Mütəxəssis olmadığından reaktiv enerjinin hansı qaydada hesablanmasını bilmir. Hesab edir ki, hazırki iddia əsassızdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 032345 saylı “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsinin surətindən görünür ki, cavabdeh iddiaçını elektrik enerjisi ilə təmin etməyi, iddiaçı isə hesablaşmanı elektrik sayğacının göstərişinə əsasən aparmağı öhdələrinə götürmüşlər. Cavabdehin 07.01.2022-ci il tarixli 06/11-115 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçının istifadə edilmiş elektrik enerjisinin sərfiyyatına görə 31634 manat məbləğində debitor borcu vardır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının 15 fevral 2022-ci il tarixli AERA-20-634/22 saylı məktubundan görünür ki, iddiaçının elektrik enerji təchizatı cavabdehə məxsus 203 saylı yarımstansiyanın (YS) 35 kV-luq PQ-dən iddiaçının balans və xidmətində olan 2x16 mVA gücündə transformatora çəklimiş ikidövrəli kabel xətti vasitəsilə yerinə yetirilir. İddiaçının balans və xidmətində 10/0,4 kV-luq 3x1000 kVA, 1x4000 kVA, 3x2000 kVA gücündə transformatorlar da mövcuddur. İddiaçının elektrik enerjisinə görə hesabatı 203 saylı YSnın 35 kV-luq PQ-də quraşdırılmış Makel markalı, zavod nömrəsi 60012656, 60012777, dövlət möhürü 218112, 218089, alt qapaq möhürü 616262, 616263, hesabat əmsalı 21000 (göstərişi 3218,686, 4468,921) olan elektrik sayğacları vasitəsilə aparılır və cavabdehin kompüter məlumat bazasında 06/11-115 qeyri-əhali kodu altında qeydiyyatadır. Abonent haqqında cədvəlin təhlili zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 30.07.2018-ci il tarixi də daxil olmaqla hesablaşma elektrik sayğacı ilə istehlak edilmiş elektrik enerjisindən əlavə reaktiv enerjiyə görə hesabat verilmişdir. Reaktiv enerjiyə görə hesabat 30.07.2018-ci il tarixindən 01.11.2021-ci il tarixinədək dayandırılmış, lakin 10.11.2021-ci il tarixindən 06.01.2022-ci il tarixinədək olan müddət üçün yenidən iddiaçıya reaktiv enerjiyə görə 19080 manat məbləğində əlavə ödəniş sənədi təqdim edilmişdir. Elektrik enerjisinin qiymətləri (tarifləri) dövlət tənzimlənməsinə aid edilmiş məhsulların (malları, işlərin, xidmətlərin) siyahısına daxil edildiyindən, habelə qeyri-əhali istehlakçı qrupu üçün elektrik enerjisinin pərakəndə satış tarifi ƏDV ilə birlikdə 11,0 qəpik/kVts həddində müəyyən olunduğundan, "xxxx" ASC tərəfindən reaktiv enerjiyə görə ayrıca sərfiyyat haqqı hesablana bilməz, həmçinin onun dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Bundan əlavə, enerji təchizatı müəssisəsi ilə iddiaçı arasında bağlanmış elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsində də reaktiv enerjiyə aid ödəniş nəzərdə tutulmamışdır. 10.11.2021-ci il tarixli ********* saylı və 08.12.2021-ci il tarixli ********* saylı Hesab ödəniş vərəqlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya reaktiv enerjiyə görə ƏDV daxil ümumilikdə 31641,83 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir), istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçıya reaktiv enerjiyə görə ƏDV daxil ümumilikdə 31641,83 manat məbləğində borc hesablanmışdır. Yuxarıda istinad olunan qanunvericilik normalarından da göründüyü kimi, elektrik enerjisinin qiymətləri (tarifləri) dövlət tənzimlənməsinə aid edilmiş məhsulların (malları, işlərin, xidmətlərin) siyahısına daxil edildiyindən, habelə qeyri-əhali istehlakçı qrupu üçün elektrik enerjisinin pərakəndə satış tarifi həddində müəyyən olunduğundan, cavabdeh tərəfindən reaktiv enerjiyə görə ayrıca sərfiyyat haqqı hesablana bilməz, həmçinin onun dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 032345 saylı “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra-abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsində də reaktiv enerjiyə aid ödəniş nəzərdə tutulmamış, reaktiv enerjini qeydə alan hər hansı qurğu quraşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə, o cümlədən tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh tərəfindən reaktiv enerjiyə görə iddiaçıya borcun hesablanması qanunsuz olduğundan iddia borcun silinməsi hissəsində təmin edilməlidir. İddia tələbinin gələcəkdə reaktiv enerjiyə görə borcun hesablanmasının cavabdehə qadağan edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, reaktiv enerjiyə görə ödəniş edilməsinə dair tərəflər arasında hər hansı bir müqavilə olmadığından, eyni zamanda reaktiv enerjinin qeydə alınması üçün cavabdehdə hər hansı qurğu quraşdırmadığından iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia təmin edildiyindən 184,92 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən reaktiv enerjiyə görə İddiaçınə hesablanmış 31641,83 manat borc silinsin və gələcəkdə reaktiv enerjiyə görə borcun hesablanması "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qadağan edilsin. 184,92 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1593/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1593/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver