Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1593/2025 24.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 32008 manat məbləğində əsas borcun və 187 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli D 009/24 saylı müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 77008 manat məbləğində metal tullantıları təhvil verilmişdir. Tərəflər arasında mövcud olmuş müqavilənin 2.2-ci bəndinə əsasən, cavabdeh tərəfindən malın dəyəri iddiaçının bank hesabına köçürülmə yolu ilə ən azı 5000 manat əvvəlcədən avans olaraq həyata keçirilməli idi, yekun hesablaşma isə mallar təhvil verildikdən sonra 15 bank günü müddətində həyata keçirilməli idi. Lakin cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq ümumilikdə təhvil alınmış malın dəyərindən 32008 manat məbləğində vəsait iddiaçının hesabına köçürülməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim olunmuş ödəniş sənədlərindən də göründüyü kimi cavabdeh tərəfindən 45000 manat ödəniş edilmiş, 32008 manat borc isə ödənməmişdir və hazırda da qalmaqdadır.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, D009/24 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada metal tullantılarını alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edərək müqavilə dəyərinin ödənilməsini öhdəsinə götürür.
8. Müqavilənin 2.1-ci bəndinə görə hazırkı müqavilə üzrə malın 1 ton üzrə qiyməti vergi və digər tutulmalar daxil 400 manat təşkil edir. Müqavilənin yekun dəyəri təhvil-təslim aktları əsasında müəyyənləşdiriləcək.
9. Müqavilənin 2.2-ci bəndinə görə ödəniş alıcı tərəfindən satıcının bank hesabına köçürülmə yolu ilə ən azı 5000 manat əvvəlcədən avans olaraq həyata keçirilir, yekun hesablaşma isə mallar təhvil verildikdən sonra 15 bank günü müddətində həyata keçirilir.
10. Müqavilənin 3.1-ci bəndinə görə satıcı tərəfindən malların alıcıya verilməsi satıcıya məxsus tərəzilər ilə ölçülərək təhvil-təslim aktı ilə rəsmiləşdirilməlidir. Təhvil-təslim aktlarında metal tullantılarının ümumi və xalis çəkisi ayrılıqda göstərilir.
11. İddiaçı və cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli metal tullantılarının təhvil-təslim aktlarına görə 5976 manat (14940 kq), 6480 manat (16200 kq), 8168 manat (20420 kq), 5576 manat (13940 kq), xx.xx.2024-cü il tarixli metal tullantılarının təhvil-təslim aktlarına görə 5248 manat (13120 kq), 5520 manat (13800 kq), 4600 manat (11500 kq), 1864 manat (4660 kq), 4904 manat (12260 kq), xx.xx.2024-cü il tarixli metal tullantılarının təhvil-təslim aktına görə 5240 manat (13100 kq), xx.xx.2024-cü il tarixli metal tullantılarının təhvil-təslim aktlarına görə 3560 manat (8900 kq), 4000 manat (10000 kq), 5456 manat (13640 kq), 4808 manat (12020 kq), xx.xx.2024-cü il tarixli metal tullantılarının təhvil-təslim aktına görə 5602 manat (14020 kq) məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBED 541702 nömrəli 20000 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2410 10476152 nömrəli 9212 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2406 11519916 nömrəli 14184 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2405 11429706 nömrəli 28612 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBED 537675 nömrəli 50000 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
13. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 5000 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 20000 manat, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına görə 20000 manat məbləğində ödəniş edilmişdir.
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, D009/24 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 77008 manat dəyərində mallar cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən 45000 manat ödəniş edilmiş, qalıq 32008 manat borc ödənilməmiş, bununla da cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
21. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 32008 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 187 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 32008 manat məbləğində pul, 187 manat dövlət rüsumu, ümumilikdə 32195 (otuz iki min bir yüz doxsan beş) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova