Məhkəmə qərarları › İş №e-2-2(113)-1594/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1594/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1594/2022 13.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məhdud Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 751,54 manat məbləğində əsas borc, 105 manat dəbbə pulu, ödənilmiş 40 manat mediasiya xərci və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 926,54 manat ( doqquz yüz iyirmi alC manat əlli dörd qəpik) məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 09 mart 2020-ci il tarixli, 62/20 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1.-ci bəndinə görə satıcı müxtəlif adda alkoqollu və alkoqolsuz içki məhsullarını alıcının mülkiyyətinə verir, alıcı isə malı qəbul edərək müəyyən edilmiş qiymətini ödəyir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Həmin müqavilənin 4.1-ci bəndinə görə müqavilə üzrə hesablaşmalar nağd və ya köçürmə vasitəsi ilə 30 gün ərzində həyata keçirilir. Müqavilənin 5.1.3-cü bəndinə görə alıcı müqavilə üzrə öhdəliyini icra və ya lazımi qaydada icra edə bilmədiyi təqdirdə satıcıya dəymiş zərəri ödəməlidir. Müqavilənin 6.1-ci bəndinə görə satıcı qaimə-faktura əsasında təhvil verilmiş malların pulunun tam və vaxtında ödənilməsini alıcıdan tələb edə bilər. Müqavilənin 6.2-ci bəndinə əsasən alıcı təhvil verilmiş malların satış dövründə alıcının anbarında satışa yararsız hala (ticarət görkəmini itirmiş, zay olmuş, əzilmiş, sınmış, istifadə müddəti bitmiş və s.) düşməsinə görə satıcı məsuliyyət daşımır və bu malları alıcıdan geri qəbul etmir və alıcıdan həmin malların dəyərinin ödənilməsini tələb edir. Həmin Müqavilənin 6.3-cü bəndinə əsasən alıcı son istifadə müddətinə 30 gün qalmış bütün malları satıcıya rəsmi (qaimə-faktura əsasında) təhvil verməlidir. Qeyd edilən müddət keçdikdən sonra mallar satıcı tərəfindən qəbul edilmir və bu müqavilənin alıcısı həmin malların tam dəyərini ödəyir. Müqavilənin 7.1-ci bəndinə görə alıcı malın dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödəmədikdə hər gecikdirilmiş gün üçün malın ödənilməmiş qalığının 0,2% həcmində peniya ödəyir. “Azəriş LTD“ MMC tərəfindən tərtib edilmiş 17.03.2020-ci il tarixdə 3 ədəd elektron qaimə, 21.05.2020-ci tarixdə, 29.05.2020ci il tarixdə 2 ədəd elektron qaimə, 05.06.2020-ci tarixdə 2 ədəd elektron qaimə və 18.06.2020-ci il tarixdə 2 ədəd elektron qaimədən görünür ki, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 751,54 manat borcu yaranmış və həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə 14.09.2021-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu 22.09.2021-ci il tarixdə alsa da, şirkətə olan borcunu ödəməmişdir. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 09 mart 2020-ci il tarixli, 62/20 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən satıcı öhdəsinə götürür ki, müxtəlif adda alkoqollu və alkoqolsuz içki məhsullarını alıcının mülkiyyətinə versin, alıcı isə öhdəsinə götürür ki, malı qəbul edərək müəyyən edilmiş qiymətini ödəsin. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malın çeşidi qaimədə göstərilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən satılmış malın qiyməti tərəflərin razılaşdırılmasına əsasən müəyyən edilir və qaimələrdə göstərilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə hesablaşmalar nağd və ya 30 (otuz) gün ərzində köçürmə vasitəsilə həyata keçirilir. - 17.03.2020-ci il tarixli, EBAH seriyalı, 823703 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 28,08 (ƏDV daxil) manat təşkil edir. - 17.03.2020-ci il tarixli, EBAH seriyalı, 823753 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 42,12 (ƏDV daxil) manat təşkil edir. - 17.03.2020-ci il tarixli, EBAH seriyalı, 823841 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 28,08 (ƏDV daxil) manat təşkil edir. - 21.05.2020-ci il tarixli, EBAK seriyalı, 212750 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 56,16 (ƏDV daxil) manat təşkil edir. - 29.05.2020-ci il tarixli, EBAK seriyalı, 452538 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16,79 (ƏDV daxil) manat təşkil edir. - 29.05.2020-ci il tarixli, EBAK seriyalı, 452994 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 112,32 (ƏDV daxil) manat təşkil edir. - 05.06.2020-ci il tarixli, EBAK seriyalı, 798919 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 140,40 (ƏDV daxil) manat təşkil edir. - 05.06.2020-ci il tarixli, EBAK seriyalı, 799050 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 56,16 (ƏDV daxil) manat təşkil edir. - 18.06.2020-ci il tarixli, EBAL seriyalı, 285321 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 84,24 (ƏDV daxil) manat təşkil edir. - 18.06.2020-ci il tarixli, EBAL seriyalı, 285515 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 187,20 (ƏDV daxil) manat təşkil edir. - "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 14 sentyabr 2021-ci il tarixli, 050 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 751,54 manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 751,54 manat (yeddi yüz əlli bir manat əlli dörd qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 105 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 50 (əlli) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı 40 manat mediasiya xərci və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 40 (qırx) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və ödənildiyi qeyd olunan dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olmadığından məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməkdə haqlı deyil. Eyni zamanda qeyd olunmalıdır ki, iş materiallarından 30 manat dövlət rüsumunun hazırkı iş üzrə ödənilməsini də müəyyən etmək mümkün deyil. Kommersiya mübahisələri üzrə elektron uçot - qeydiyyat kartoçkasının dövlət rüsumu qrafasından görünür ki, hazırkı iş üzrə dövlət rüsumu ödənilməyib. Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, iddia tələbi dövlət rüsumunun cavabdehdən tutulması hissəsində təmin olunmamalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 751,54 manat (yeddi yüz əlli bir manat əlli dörd qəpik) əsas borc, 50 (əlli) manat cərimə, 40 (qırx) manat mediasiya xərci olmaqla cəmi 841,54 manat (səkkiz yüz qırx bir manat əlli dörd qəpik) məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar