Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1595/2022 06.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 625092 saylı, 26.06.2020-ci il tarixli elektron qaiməyə əsasən yaranmış 329,66 manat və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, o cümlədən mediasiya prosesinin tədbiqi üçün ödənilmiş 20 manat, cəmi 379,66 manat məbləğindən pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC (Qanuni nümayəndə) arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 625092 saylı, 26.06.2020-ci il tarixli elektron qaimə üzrə 552,59 manat məbləğində borc yaranmışdır. Həmin borcun ödənişi qaimə təqdim olunan gündən etibarən 30 təqvim günü ərzində həyata keçiriləcəyi barədə razılıq əldə olunmuşdur. Razılığın əldə olunmağına baxmayaraq sözügedən borc bu günədək ödənilməmişdir. Cavabdeh Cavabdeh MMC "xxxx" MMC-yə ünvanladığı 08.06.2021-ci il tarixli pretenziya məktubunda 329,66 manat məbləğində borcunun müflisləşməsi ilə bağlı olaraq silinməsini xahiş edərək sözügedən borcu təsdiq etmişdir. Həmin borcun bağışlanmadığı təqdirdə iflas proseduruna başlayacağını və müvafiq məhkəməyə müraciət edəcəyini bildirmişdir. Sözügedən borc "xxxx" MMC tərəfindən bağışlanmayacağı və borcun tam şəkildə ödənilməli olduğu barədə 042 saylı, 30 iyul 2021-ci il tarixli məktub tərəflərindən qarşı tərəfə ünvanlanmışdır. Bundan sonra Bakı Kommersiya məhkəməsində iflas proseduru üzrə hakim Ülkər Həsənovanın sədrliyi ilə müvafiq məhkəmə prosesi keçirilmişdir. Həmin prosesdə Cavabdeh MMC-nin tələbi təmin edilməmiş və sözügedən MMC müflis elan edilməmişdir. Eyni zamanda Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış müvafiq iddia ərizəsində iddiaçının "xxxx" MMC-yə 329,66 borcunun olduğunu təsdiqləmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 625092 saylı, 26.06.2020-ci il tarixli elektron qaimədən görünür ki, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 329,66 manat məbləğində borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı 03.08.2021-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh həmin məktubu alsa da, borcu ödəməkdən imtina etmişdir. Fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 14.03.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 625092 saylı, 26.06.2020-ci il tarixli elektron qaiməyə əsasən yaranmış 329,66 manat və iddianın verilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, o cümlədən mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 20 manat, cəmi 369,66 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 552,59 manat dəyərində əqdim edilmiş mallara görə EBAL seriyalı, 625092 nömrəli, 26 iyun 2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə 30.07.2021-ci il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 10 günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir. Borclunun iflası haqqında ərizədən müəyyən edilir ki, Cavabdeh Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, özünün müflis elan olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və ərizədə kreditorların siyahısında göstərdiyi "xxxx" MMC-yə 329,66 manat məbləğində borcun olduğunu qeyd etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimə ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin qeyd edilən müqavilə üzrə "xxxx" MMC-yə olan borcu 329,66 manat təşkil edir. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 329,66 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 329,66 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 20 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 20 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumu haqqında” AR Qanununun: 8.1.1-ci maddəsinə görə iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə tutulmalı olan dövlət rüsumu 30 manat təşkil edir. 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumumediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı çəkdiyi mediasiya xərci həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 20 manat məbləğində pul vəsaiti, eləcə də iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 10 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 329,66 manat (üç yüz iyirmi doqquz manat altmış altı qəpik) məbləğində borc, mediasiya xərclərin əvəzi olaraq 20 (iyirmi) manat və dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1595/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1595/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver