Məhkəmə qərarları › İş №e-2-2(113)-1596/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1596/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1596/2022 21.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddiaya kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı X2 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 29 iyun 2021-cu il tarixli, 312/21 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 360 (üç yüz altmış) manat borc, 55 manat dəbbə pulu, iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və mediasiya sessiyasna ödənilmiş 20 manat cəmi 465 (dörd yüz altmış beş) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X4 arasında alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqısına dair 29 iyun 2021-cu il tarixli, 312/21 saylı müqavilə bağlanmışdır. İddiaçı MMC tərəfindən tərtib edilmiş 14.08.2021-ci və 02.09.2021 il tarixlərdə elektron qaimələrdən görünür ki, cavabdeh X4 ilə müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 360 manat borcu yaranmışdır. Həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı cavabdehə 05.01.2022-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu alsa da, borcu ödəməkdən imtina etmişdir. Bundan sonra 17.01.2022-ci il tarixdə cavabdeh tərəfə mediasiya prosesinin tədbiqi barədə təklif göndərilmişdir. Lakin cavabdeh həmin mediasiya təklifinə heç bir cavab verməmişdir. Bununla bağlı 01.02.2022-ci il tarixdə Mediasiya Şurasına mediatorun təyin olunması ilə bağlı ərizə ilə müraciət olunmuş və 15.02.2022-ci il tarixdə ilkin mediasiya sessiyasının arayışı qəbul olundu. Hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna habelə fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərər zərəri vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə edilmiş sənədlərin 10 iş günü ərzində məhkəməyə göndərilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan “satıcı” İddiaçı MMC, “alıcı” X4 olmaqla imzalanmış 29 iyun 2021-ci il tarixli 312/21 saylı müqaviləyə əsasən “satıcı” özünün idxal etdiyi və ya rəsmi distributoru olduğu sular, spirtli, spirtsiz içkilər və s. məhsullarını, “alıcı”nın sifarişi nəzərə alınmaqla, qaimə faktura əsasında alıcıya satmağı öz öhdəsinə götürür. 2.1-ci bəndə əsasən “alıcı”ya verdiyi məhsulların bir vahidinin qiymətini və ümumi dəyərini, həmçinin qanunvericiliyə müvafiq olaraq hesablanmış, ƏDV faktura ilə müəyyən edilir və nağdsız qaydada 30 gün müddətinə ödənilməsini “alıcı” təmin etməlidir. 02.09.2021-ci il tarixli EBBG seriyalı 400856 saylı, 14.08.2021-ci il tarixli EBBG seriyalı 400856 saylı elektron qaiməyə əsasən cəmi 360 manat məbləğində məhsullar İlçin.İ” MMC tərəfindən X3 ödənilməsi üçün təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.6-cı maddəsinə əsasən əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Qeyd olunan Məcəllənin 441.4-cü maddəsinə uyğun olaraq, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, müqavilə üzrə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı tərəfindən öhdəlikləri tam icra edilmiş, lakin cavabdehin üzərinə düşən öhdəliklər tam icra edilməmiş, habelə tam icra edilmədiyi təqdirdə onların yerinə yetirilməməsinn hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Eyni zamanda ərizəyə əlavə olunmuş sənədlərlə iddiaçının tələbin aşkar olması, yəni tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan dəbbə (cərimə) pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, 55 (əlli beş manat) məbləğində dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, və 20 (iyirmi) manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X1 29 iyun 2021-cu il tarixli, 312/21 saylı alqı-satqı müqaviləsinə əsasən yaranmış 360 (üç yüz altmış) manat borc, 55 manat dəbbə pulu, iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və mediasiya sessiyasna ödənilmiş 20 manat cəmi 465 (dörd yüz altmış beş) manat tutularaq İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar