Məhkəmə qərarları › İş №e-2-2(113)-1597/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1597/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1597/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə xx.xx.2024-cü il tarixli №P398 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 14736,27 AZN məbləğində pul vəsaitinin, 135 manat məhkəmə rüsumunun cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru X2 ilə Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə Zülfüqar oğlu arasında xx.xx.2024-cü il tarixli №P398 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin predmentinə əsasən satıcı, yəni İddiaçı MMC alıcıya, yəni Cavabdeh MMC-yə məhsulları satır, alıcı isə həmin məhsulları qəbul edir və razılaşdırılmış müddətlərdə məhsulun haqqını ödəyir. Lakin cavabdeh müqavilə ilə müəyyən olunmuş öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, iddiaçı tərəfindən müqaviləyə əsasən məhsullar göndərilmiş və cavabdeh tərəfindən həmin məhsullar xx.xx.2024-cü il tarixli satış fakturasına əsasən qəbul edilmişdir. Lakin alınan məhsulların ödənişi hələ də həyata keçirilməmişdir. xx.xx.2024-cü il tarixli qarşılıqlı imzalanmış üzləşmə aktına əsasən cavabdeh tərəfin ümumilikdə 14736,27 AZN borcu yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 390.1, 442, 445.2, 443.1, 448.1, 567, 598.1, 598.2, 598.3-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında imzalanmış xx.xx.2024-cü il tarixli №P398 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” “Alıcıya” Patron günəbaxan tumlarını satır, “Alıcı” isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən Mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməlidir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən Alınmış malların dəyəri 30 gün müddətində ödənməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən, Ödəniş mallar təhvil alınandan sonra 30 gün müddətində aparılmalıdır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən xx.xx.2025-ci i tarixə kimi qüvvədədir. EBEH seriyalı, 669834 nömrəli, xx.xx.2024-ci il tarixli elektron qaimə-fakturadan görünür ki, İddiaçı MMC 14736,27 manat olan müxtəlif çeşidli məhsulları Cavabdeh MMCyə təhvil vermişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC (satıcı) tərəfindən tərtib olunmuş Üzləşmə Aktından görünür ki, Cavabdeh MMC (alıcı) 14736,27 manat satıcıya borcu olduğunu qəbul etmişdir. xx.xx.2024-cü il tarixli satış fakturasından görünür ki, İddiaçı MMC müxtəlif adda malları Cavabdeh MMC-yə təhvil vermiş, qalıq borc 16436,27 manat olmuş, hər iki tərəf fakturanı imzalamışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 135 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış xx.xx.2024-cü il tarixli №P398 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq müvafiq həcmdə malı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə iddiaçıay ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (satış fakturası, üzləşmə aktı, elektron qaimə) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərindən 14736,27 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 14736,27 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 135 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli №P398 nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 14736 (on dörd min yeddi yüz otuz altı) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar